Əli İnsanov tezliklə azadlığa çıxa bilərmi?

Vəkillər bunun qanunun tələbi olduğunu deyir

Yanvarın 17-də Bakı Apelyasiya Məhkəməsindəki çıxışında Əli Insanov Avropa Insan Haqları Məhkəməsinin onunla bağlı qərarının yerinə yetirilmədiyini xatırladanda həbsinin siyasi sifarişçisi kimi ölkə başçısını ittiham etmişdi: “Bu məhkəmə nə hökumətin, nə də bizim şikayət əsasında keçirilir. Bu proses Avropa Məhkəməsinin qərarı əsasında keçirilir. Mənim həbsimə siyasi göstərişin kimdən gəldiyi işimə baxan müstəntiqin, hakimlərin, hətta həbsxana rəisinə bəllidir. O, bir nəfərdir – Ilham Əliyev”.
Avropa Məhkəməsi, Ali Məhkəmə, yenə Bakı Apelyasiya Məhkəməsi…
Əli Insanov 11 il azadlıqdan məhrum edilməsi barədə hökmlə, eləcə də işgəncəyə məruz qalmasıyla bağlı Ədliyyə nazirinə və Penitensiar Xidmətə qarşı Avropa Insan Haqları Məhkəməsinə müraciət etmişdi. Avropa Məhkəməsi də 14 mart 2013-cü il tarixli qərarı ilə Əli Insanovun Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması) və 3-cü (işgəncəyə məruz qalmamaq) maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu təsdiqləyib.
Noyabrın 15-də Ali Məhkəmənin Plenumu Avropa Insan Hüquqları Məhkəməsinin (AIHM) Əli Insanovla bağlı qərarına baxaraq, Ali Məhkəmənin və Bakı Apelyasiya Məhkəməsinin hökmlərini ləğv edib. Eyni zamanda, plenum birinci instansiya məhkəməsinin Insanovun 11 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmünü qüvvədə saxlayıb. Lakin Plenumun qərarına əsasən, AIHM-nin göstərişi nəzərə alınmaqla, iş təkrar məhkəmə istintaqı üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Bu məhkəmə yanvarın 31-ə qədər təxirə salınıb. Bakı Apelyasiya Məhkəməsində yanvarın 17-də keçirilən ilk prosesdə vəkillər Əli Insanovun dəmir barmaqlıqlar arxasından çıxarılaraq müdafiə tərəfinin yanında oturdulması, cinayət işinə bəraətverici əsasla xitam verilməsi, qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatət qaldırdı.
Məhkəmə vəsatətləri təmin etmədi. Bundan sonra Əli Insanov məhkəmənin siyasi sifarişlə işlədiyini bildirib və məhkəmə heyətinə etiraz edib.

Vəkil: Qanunla azad olunmalıdır

Bəs, Əli Insanov işinin axırı necə olacaq, o, azadlığa buraxılacaqmı? Vəkili Toğrul Babayev deyir ki, qanunla Əli Insanov azad olunmalıdır: “Qanunun tələblərinə görə, buraxılmalıdır. Qaldı bunlar nə fikirləşir, Allah bilir. Buraxmamaq üçün əvvəl müəyyən işlər gördülər. Plenium gərək buraxaydı, eləmədi. Indi də məhkəmə elə bir vəziyyətə düşüb ki. Ali Məhkəmənin Plenumu deyir ki, araşdırma apar. Amma ondan əvvəl Ali Məhkəmənin qərarı var, deyir ki, araşdırma apar. Belə olan vəziyyətdə məhkəmənin əli-qolu bağlanıb. Ona görə məhkəmə avtomatik birinci instansiya məhkəməsinin hökmünü ləğv eləməlidir. Çünki Avropa Məhkəməsi deyib ki, orda Əli Insanov barəsində kobud qanun pozuntusu olub, ədalətsiz məhkəmə keçirilib. Hökm ləğv olunan kimi Əli Insanov avtomatik azadlığa buraxılmalıdır”.
Vəkili deyir ki, Əli Insanovun buraxılmaması üçün haqqında əlavə cinayət işinin açılacağına inanmır.
Əli Insanov yanvarın 17-də keçirilən məhkəmədə ittihamedici və siyasi bəyanatlarla da çıxış etdi. Çıxış heç də optimis ovqatda qurulmamışdı: “Sizin prezidentiniz Ilham Əliyev mənim həbsdə saxlanmağım barədə göstəriş verib. Siz istəsəniz də, qanunlar imkan versə də, məni həbsdən azad etməyəcəksiniz”. 

Mümkün variantlar…

Hüquqi Dövlət Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov da mümkün variantları dilə gətirir: “Hüquqa görə, bunun mahiyyəti ondan ibarətdir ki, Əli Insanov barəsində birinci instansiya məhkəməsinin – yəni o vaxt Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü çıxıb. Amma o hökm indilikdə qanuni qüvvəyə minməyib. Yəni bu hökmə Bakı Apelyasiya Məhkəməsində baxılacaq. Apelyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlasa, artıq o hökm qanuni qüvvəyə minmiş hesab olunacaq. Hökmü ləğv eləsə, Əli Insanov azadlığa çıxa bilər. Ya da belə qayda var, bir dəfə də bu işi fırladacaqlar. Əli Insanov tamamilə düz deyir, o bilir ki, bizdə məhkəmə yoxdur, onun üçün belə deyir, axı Azərbaycanın öz reallıqları var”.
Əli Insanov 2005-ci il parlament seçkiləri ərəfəsində həbs edilib. O, əvvəlcə dövlət çevrilişinə cəhddə ittiham olunub. Daha sonra ittiham ayrı icraata götürülüb. 2007-ci ilin aprelində o, iqtisadi cinayətlərə görə mühakimə olunub və 11 il azadlıqdan məhrum edilib. Sonradan Ə.Insanov hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.

«Azadlıq» radiosu