Vahid kart sistemi nazirlə marşrut sahiblərini üz-üzə qoyub
Nəqliyyat naziri Ziya Məmmədovla marşrut sahibləri arasında narazılıq yaranıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, narazılığın kökündə vahid kart sistemi dayanır.
Bildirilir ki, Prezident Administrasiyasından Ziya Məmmədova bu məsələni 2015-ci ilə qədər yekunlaşdırmaq tapşırılıb. Nəqliyyat nazirinə bildirilib ki, artıq indidən avtobuslara vahid kartlar üçün qurğular quraşdırılmalıdır, həmçinin sərnişindaşıma bu sistemə uyğunlaşdırılmalıdır. Avtobuslar arasındakı intervallar qaydaya salınmalıdır. Lakin marşrut sahibləri bunun əleyhinədirlər. Çünki bu halda sürücülərə maaş verilməlidir. Sürücülərin isə az maaşla işləyəəcəyi inandırıcı görünmür. Sahibkarlar hesab edir ki, çox maaşın verilməsi də sürücülərdə işə marağı azaldacaq. Yəni, sürücü əvvəlki tək daha çox müştəri götürməyə can atmayacaq.
Ona görə də sahibkarlar bunun müqabilində Nəqliyyat Nazirliyindən müəyyən güzəştlər istəyirlər. Bura vergilərin azaldılımasından tutmuş, gediş haqlarının artırılması kimi daxildir. Nəqliyyat Nazirliyi isə indiki halda bu güzəştlərin tətbiqinin mümkün olmayacağını bildirir.
Məlumata görə, hələki tərəflər mövqelərindən geri çəkilmək niyyətində görünmür.