20 Yanvar hər dəfə 20 yanvarda yada düşür. Xocalı fevralda. Xocalını xatırlamağa bir ay qalıb. “Faciə, qırğın, qətliam” sözləri cümlə başına keçib. 20 Yanvar ilk tarixi hadisədir ki, telekanallar ondan danışanda milli azadlıq hərəkatçılarını təhqir etmir, ləyaqətinə toxunmurlar. Sadəcə “xalqı qırğına vermək istəyənlər” deyə nifrətlərini bildirirlər. Artıq başlayıb, bir həftə 20 Yanvar, bir həftə də Xocalı ilə bağlı “gözə kül üfürən” anım tədbirləri düzənlənəcək. AzTV, ITV o tədbirlərin hamısını millət adına, vətəndaş mövqeyindən yox, maddi maraq xatirinə çəkib göstərəcək.
Oxşar mətnlərin, hətta təkrar mətnlərin üzərində sadəcə görüntülərdəki insanlar dəyişir. Özlərini daha çox reklam etmək istəyənlər özəl televiziyaları da çəkilişlərə dəvət edirlər- bəzən 10 videokamera yan-yana düzülür. Bir də AzTV-nin, ITV-nin qəbul etmədikləri sifarişlər özəl telekanallarda yer alır. Üç-beş gün ərzində xəbər proqramları 1 saat, saat yarım davam edəcək. Birinci, beşinci xəbər olmaq uğrunda savaş başlayacaq. Bir il efirini şou proqramlar, “star” davaları üzərində quran özəl telekanallar, hakimiyyət və rüşvət üzərində get-gedə imperiyaya çevrilən AzTV, ITV ayın 18-dən “matəm”ə köklənib. Inanmayan izləsin; bu gün eyni filmlər AzTV-nin, Mədəniyyətin, ITV-nin efirində olacaq. I.Əliyevin ziyarəti dönə-dönə göstəriləcək. Eyni musiqilər səslənəcək, “Zəminxarə” susmayacaq. Irəli-geri bir həftəyə 20 Yanvar unudulacaq. Çünki televiziyalar daha bu barədə danışmayacaqlar. H.Əliyevin 20 Yanvar hadisələrində “siyasi xadim” mövqeyi barədə yalanlara ara veriləcək. Televiziyaların çörəyi tək 20 Yanvardan çıxmır.
Hər dəfə yazırıq; televiziyalar bu hakimiyyətin əlində ən güclü silahdır. Televiziya hakimiyyətin etibarlı dayağıdır. Hər zaman belə olub, yenə belədir. 1990-cı ilin 19 yanvar axşamı AzTV-nin enerji blokunu heç nədən partlatmadılar ki? Qırğından qabaq ölkənin yeganə televiziyası susdu. Çünki bu televiziyada Milli Azadlıq Hərəkatının özək təşkilatı fəaliyyət göstərirdi. Televiziya rəhbərliyi o təşkilatın fəallarından çəkinirdi. Hücumdan qabaq insanları oyatmamaq üçün belə gərəkdi. Birdən xalq televiziyanı ələ keçirmək istər. O gecə 20 yanvar AzTV-dən başladı. “Alfa” gəldi, enerji blokunu partlatdı, insanlar nəyin baş verdiyini belə anlamadılar. Mobil rabitəsiz, internetsiz zaman idi o zaman. O zaman AzTV-yə “Alfa” qrupunu telekanalın o çağkı rəhbərliyi çağırmışdı. Millətinin azadlıq, müstəqillik istəyinə qarşı çıxanlar kürsülərini qorumaq üçün alfaçılara güvənmişdilər. O zaman televiziyada çalışanlar- baş redaktor Rafiq Ağayev, rejissorlar Vasif Babayev, Azər Zamanlı, adını xatırlamadığım daha bir neçə nəfər bu hadisə ilə bağlı günahlandırılaraq həbs olundu. AzTV-nin partladılması ciddi hadisə idi. Təsadüfi yox, düşünülmüş addım idi. Cinayətdi. Partlayışla bağlı uzun müddət araşdırma aparılmadı. Təşkilatçıların adı çəkilmədi. Bu olayların arxasında isə AzTV sədri Elşad Quliyev dururdu. Bunu biz demirik, o zamanın şahidləri təsdiqləyir. E.Quliyev ona istədiyi kimi işləməyə mane olanları “gözləyin, sizi Sibirə sürgün edəcəklər” deyə hədələmişdi də. 1997-99-cu illərdə bu faktla bağlı Baş prokurorluqda cinayət işi başlanmışdı. O zaman televiziyaya Nizami Xudiyev rəhbərlik edirdi. O partlayış faktının açılmasına, günahkarların cəzalanmasına çalışırdı. Araşdırma üç il davam etdi. Prokurorluq işçiləri əməkdaşların hər birini dindirirdi. Hətta bununla bağlı veriliş də hazırlanmışdı. Əgər AzTV sədri Arıf Alışanov “yox etmək” göstərişi verməyibsə o veriliş televiziyanın arxivində qalır. Həmin verilişdə hadisələrin şahidləri, AzTV-də vəzifə sahibləri-o zaman sədr müavini işləyən Arif Alışanov, baş redaktor Araz Əliyev, baş rejissor Nazim Abbas, proqram direktoru Əhməd Aşurbəyov, yazıçı Ağalar Mirzə, Həmkarlar komitəsinin sədri Sərhəd Qasımov ÿbu işin Elşad Quliyevin təşəbbbüsü ilə həyata keçirildiyi barədə müsahibə verərək Elşad Quliyevə qarşı cinayət işinin açılmasını tələb etmişdilər. Elşad Quliyevsə ciddi-cəhdlə bu hadisəni o zaman sədr müavini olan Ildırım Kəngərlinskinin üzərinə atmağa çalışırdı. I. Kəngərlinski bu haqsızlığa, ədalətsizliyə, işlətmədiyi suçun günahını daşımağa dözməyib ürəyi partladı. AzTV-nin partladılması qurbansız keçmədi. Cinayət işinin istintaqıÿ isə maraqlı qüvvələrin təsiri ilə dayandırıldı. Bu gün Araz Əliyev, Nazim Abbas, Əhməd Aşurbəyov, (Elşad Quliyevin yeznəsi, A.Alışanovun qızının keçmiş qaynatası) Ağalar Mirzə sağ deyillər. Sərhəd Qasımov eyni vəzifədə, Arif Alışanovsa bir pillə yuxarı vəzifə başındadır. Yəqin ki, 17 il qabaqkı ifadəsindən, cinayət işi çağırışlarından bütünlüklə imtina edib. Nizami Xudiyevə xoş olsun deyə maliyyə şöbəsinə rəhbərliyi ona tapşırmaqla karyera yüksəlişini təmin etmişÿ Elşad Quliyevə dönük çıxan, bununla Quliyevin yenidən televiziya rəhbəri olmaq arzusunu gözündə qoyan Arif Alışanov 9 il sonra Nizami Xudiyevə xəyanət etdi. Onun ətrafındakı insanları ələ alıb əleyhinə işlədi, yuxarıya faktlar ötürdü. Bu faktlar harda olmasa da maliyyə məsələləri üzrə sədr müavininin əlində idi. Çalışdı, sədrlik kürsüsünə keçdi. Bu gün Elşad Quliyevin oğlu Cəmil Quliyevi Ictimai televiziyaya direktor seçdirməklə yeni planların arxasındadır. Faktiki olaraq ITV-yə rəhbərlik edir. Elşad Quliyevdən şikayət edərək onu zərərsizləşdirən, N.Xudiyevi sədrlikdən uzaqlaşdıran Arif Alışanovun əlində Ictimai ilə bir yerdə dövlətdən maliyyələşən dörd televiziya var. Görünür hakimiyyət bu yolla büdcədən ayrılan vəsaitin parçalanmasının, bölüşdürülməsinin qarşısını alır. 70 milyon bir əldə cəmləşib dar dairədə qalır.
Bu fakt, ondan sonra yaşananlar hər zaman tarixdə qalacaq. 24 il keçmir, 24 min il keçsin. Fakt faktdır-1990-nın 20 Yanvarında sovet ordusu Bakıda qırğın törətdi. Qırğının əsas günahkarları Mixail Qorbaçovla Əbdürrəhman Vəzirovdu. Televiziyanın partladılması məsələsi isə açıq qaldı. Bu gün NIDA Vətəndaş hərəkatının üzvlərini baş tutmayan partlayışda ittiham edirlər, baş tutan partlayılşlar isə unudulur.
Zaman irəliləyir, özü ilə dünəni də irəliyə aparır. Hər dönəmin öz qəhrəmanları, öz yalıncıqları var. Dünəndə tarixdən və yaddaşlardan silinməyən hadisələr, faktlar var. Insanların özləri olmasa da adları, dedikləri, yazdıqları qalır. Tarixin dəyişdirilməməsi,unutdurulmaması üçün ildə bir yol olsa belə onları yada salmaq borcumuzdur.
A. Akifoğlu


