Sabiq rektor Kəmaləddin Heydərovun anasının adından istifadə edən daha bir qadının adını açıqladı
“Sevinc Babayevanın ”məktubu” həqiqətə uyğun olmayan, zərərçəkəni təhdid etməyə yönəlmiş, böhtan xarakterli yazıdır”. Bu sözləri fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev mərhum Sevinc Babayevanın ölümündən əvvəl Bakı Prokurorluğuna yazdığı iddia edilən məktubla bağlı mövqeyini açıqlayarkən deyib. Sevinc Babayevanın yazdığı iddia edilən həmin məktubun mətni “Yeni Müsavat”da dərc olunub. Məktubda Elşad Abdullayev və qardaşlarının ünvanına sərt ittihamlar yer alıb.
Elşad Abdullayev isə bildirir ki, bu qondarma məktubdur və qardaşı Mahir Abdullayevi oğurlayanlar cinayətlərini ört-basdır etmək üçün bu üsula əl atıblar: “Bu şər maşının başında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və bu qurumun ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dayanır. Mən 10 ildən çoxdur ki, Ramiz Mehdiyevlə Əli Həsənovun şər maşını ilə üzbəüz qalmışam. 37-ci ilin bu əxlaqsızlığını siyasətə və ədalət mühakiməsinə gətirən də onlardır. Ramiz Mehdiyev Gülər Əhmədova kimilərinin əlilə çox adamı şərləyərək əmlakını və pulunu mənimsəyib. Mən, Gülər Əhmədovadan pulumu istəyən kimi Ramiz Mehdiyevin şanlı hüquq-mühafizə orqanları ABU-ya qarşı korrupsiya adı altında şərləmə kampaniyası aparırdı. Mənə açıq-aşkar bildirirdilər ki, o qadının üstünə getmə və ondan pulunu istəmə. Yoxsa səni qardaşların Mahir və Eldənizdən betər günə qoyarıq. Sənin nəyin Əli Insanovdan, Fərhad Əliyevdən, Sirus Təbrizlidən artıqdır? Beləliklə, uzun müddət hüquq sahəsində çalışan bir adama açıq-aşkar təhdidedici mesajlar verirdilər”.
Elşad Abdullayev bildirib ki, əgər məktubda yazılanlar həqiqətdirsə, nə üçün Sevinc Babayeva bunu 10 ildən sonra yazıb: “Əslində bu qondarma məktub Sevinc Babayeva, Lyudmila Məmmədova və Tavat Şirinovanın 2012-ci il sentyabrın 26-da mənim əleyhinə yaydıqları videonun yazılı versiyasıdır. Yəni, məktubdakı ittihamlar həmin videoda da var idi. Əslində bu video Sevinc Babayevanı aradan götürməyə hesablanmışdı. Və düz ay sonra dekabrın 26-da Sevinc Babayeva Türkiyədə planlı şəkildə qətlə yetirildi.
Yeri gəlmişkən, həmin videonın qəhrəmanlarından biri olan Ludmila Məmmədova da Sevinc Babayeva kimi bir gün də olsun ABU-da işləməyib. Başqa maraqlı fakt budur ki, Əli Zəngilanski ilə mənim görüşüm zamanı (bu görüşün videoyazısı 2013-cü il mayın 13-də ictimailəşib) fövqalədə hallar naziri Kəmaləddin Heydərovun ansının adı ilə mənimlə danışan qadınlardan biri də məhz Lyudmila Məmmədova olub.
Son olaraq bir daha qeyd edirəm ki, mənim qardaşım, MTN zabiti Mahir Abdullayev prezident Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevin sifarişilə Ramiz Mehdiyevin himayədarlığı altında hüquq- mühafizə orqanlarındakı paqonlu mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanıb. Bu cinayəti ört-basdır etmək üçün mənə ağlagəlməz böhtanlar atılır”.
Azad