Bakıdakı 20 Yanvar qırğını SSRİ-ni necə dağıtdı?

Çox təəssüf ki, keçmiş Sovet respublikaları  Azərbaycan xalqının bu rəşadətini xatırlamır

Çapay Sultanov, professor, xüsusi olaraq “Azadlıq” üçün

Bu gün 20 yanvar qırğınından 24 il ötür. Azərbaycanın ən yeni tarixinə hüzn və qəhrəmanlıq günü kimi yazılan bu hadisənin ildönümü münasibəti ilə görkəmli alim Çapay Sultanovun məqaləsini təqdim edirik. Professor iddia və sübut edir ki, Sovet imperiyasının çöküşü 20 yanvar hadisəsi ilə birbaşa bağlıdır.

***

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

Kağız parçası…

1990-cı il yanvarın əvvəlində Sov.IKP MK Siyasi Bürosunun  iclasında M.S.Qorbaçov bəyan etdi: “1990 – həlledici ildir.  Qayda yarada bilməsək, təchizatın vəziyyətini dəyişməsək, biz getməliyik!”. 

Və ardınca Bakıya zərbə baş verdi.

“Şirin cütlük” – Qorbaçov və Yazov! Onlardan biri 1990-cı ilin 20 yanvarında Bakıda öldürmə əmrini verdi, digəri yerinə yetirdi. Yazov xatırlayır: “Məni, Kryuçkovu və Puqonu çağırdı. Uçduq, yazılı əmr isə hələ də yox idi. Qorbaçova dedim: ”Yazılı əmr verin”. Cavab verdi: “Kağız parçasını neynirsən, qalsın sonraya”. 

Buyurun, öldürülmüş və yaralanmış minlərlə insanın həyatı ilə bağlı sənədi Qorbaçov “kağız parçası” adlandırır!

“Mən Bakıdakı 4-cü ordunun komandanı idim və Azərbaycan xalqı haqqında məndə ən sıcaq xatirələr qalıb”. – Yazov müxbir Kudryavtsevə belə deyir. Bu sıcaqlığın əvəzini verdi – rus mətbuatı belə yazdı: “Yazov Bakı qırğınına görə  şıltaq marşal paqonları qazandı…”.

Mən tanışıma cavab verdim: 

“Planeti gəzib

Yol küləyinə bələd oldun.

Onu, bunu gördün…

Amma niyə özünü incitdin?

Axı hələ Bakını görməmisən!

Bakını görməmisənsə,

Nə görmüsən ki? Nə?

Robert Rojdestvenski, “Bakını görməmisənsə”

Şirin cütlük – Qorbaçov və Yazov

Ikinci Dünya Müharibəsindən sonra Avropada Qorbaçov vəhşiliyinin oxşarı olmamışdı. 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının vəhşiliyi “məhvetmə ölçüsü” oldu. Vilnüsdəki teleqülləyə hücum qabağı “Alfa”nın komandiri polkovnik (sonradan general) V.Karpuxin demişdir: “Onları Bakı variantı ilə, mümkün qədər çox öldürmək lazımdır…”.

“Hamısını öldürün. Bizim yaradan özününküləri tanıyacaq” – 1209-cu ildə səlibçilərin “sadiqləri” “kafirlərdən” necə ayırmalı sualına papa leqatı Amalrix belə cavab verib. Sovet qoşunları da məhz belə hərəkət edirdilər – gözə sataşan hamını öldürürdülər.

1953-cü ilin 17 iyulunda Berlində üçüncü dünya müharibəsi üçün real təhlükə yarananda Sovet qoşunları daxil edilərkən məlum hadisələrdə müxtəlif məlumatlara görə, 35-dən 70-ə qədər insan həlak olmuşdu.

Qoşunların Bakıya daxil edilməsi 80 nəfərin öldüyü və 722 nəfərin yaralandığı Çexoslovakiya müdaxiləsindən daha qanlı və amansız olmuşdur.

“Le Mond”un Moskva müxbiri Bernar Qetta Spitakdakı uşaq meyidlərinə baxan baş katib M.Qorbaçovun gözlərindəki yaşdan yazmışdı. Bakıdakı meyidləri isə Qorbaçov zərurətlə əsaslandırıb.

Qorbaçovun tankları Azərbaycan xalqının azadlıq əzmini əzə bilmədi.

22 yanvar 1990-cı il.Gəncə şəhəri. Gəncə sakinləri Sovet tankları qarşısında canlı sədd yaradıblar

SSRİ-ni 20 Yanvar dağıtdı!

L.Yunusova belə yazır: “Onlar əl-ələ tutaraq dayanmışdılar. Həmin gecədə çoxları kimi mənasını itirmiş və tezliklə adını da qeyb etmiş Kommunist küçəsi üzərində ”Azadlıq!” səsi gurlayırdı. Onlar tırtılları Tbilisi prospektində, XI Qızıl Ordu meydanında və digər yerlərdə basılıb öldürülənlərin qanı ilə qızarmış zirehli daşıyıcılar və tanklar qarşısında dayanıb durdular. – “Azadlıq!”.

Artıq 22 yanvarda bütün Bakı sovet qoşunlarının çıxmasını tələb edərək küçələrə axdı və ŞƏHIDLƏRI son mənzilə yola saldı.

Qoşunlar təkcə Bakıya deyil, həm də Azərbaycanın başqa şəhərlərinə yeridilmişdi. Qoşunların müdaxiləsi hər yerdə çoxsaylı qurbanlarla müşayiət olunmuşdu.

Kim nə deyir-desin, bir həqiqət var – SSRI faktiki olaraq 1990-cı ilin 20 yanvarından sonra dağıldı.

20 yanvar 1990-cı il hadisələri SSRI-nin taleyinə tarixi təsir göstərdi.  

Bunu tez-tez eşitmək olar ki, İmperiyaya son zərbələri Vilnüs və Riqaya vurdu. Amma bu, belə deyil. Sözsüz, 20 yanvar 1990-cı ildə Bakıda olduğu kimi, Vilnüs və Riqadakı hadisələr zamanı ölənlər həyatlarını öz respublikalarının azadlığı uğrunda vermişlər və onların hamısına abidə qoymaq lazımdır. Amma Bakı hadisələrində SSRI rəhbərliyinin birinci şəxsləri iştirak etmişdisə, əməliyyata SSRI müdafiə naziri, SSRI daxili işlər naziri, SSRI DTK-sı sədrinin birinci müavini, Sovet Ordusu və SSRI DIN-in elit hissələri rəhbərlik edir, ən yeni silahlar (məsələn, Mi-8 hərbi vertolyotları) tətbiq edilirdisə, Tbilisi və Vilnüs hadisələrində bir alay, Riqada isə rəhbərini sonradan yeni Riqa hakimiyyətinin mühakimə etdiyi Riqa OMON-u iştirak edirdi.

SSRI öz mövcudluğunu 1990-cı ilin 20 yanvarından sonra bitirdi. 

“Aclıq təhlükəsi”

Qorbaçov hakimiyyətinin son illərində mağazaların boş piştaxtalarının TV ilə gündəlik və sürəkli olaraq göstərilməsini hamı xatırlayır. Eyni zamanda aclığın başlanacağı proqnozunun haradan yarandığı tapmacası SSRI- nin sonuncu sirri olaraq qalır!

Aclıqla bağlı Andrey Qonçarov deyir: “Baxın, 1992-ci il  yanvarın biri üçün keçi, qoyun və quşları saymadan, Rusiya axurlarında 90,1 milyon baş iri buynuzlu mal-qara və donuz var idi. Indiki faktiki istehlak normalarına görə bu, beş illik ət ehtiyatıdır!  

Bakıya hücum xəritəsi. Tərtibçi: Çapay Sultanov

Indi həmin ət bolluğunun yarısı da qalmayıb, amma heç kəs belə hesab etmir ki, Rusiya “aclıq həddi”ndədir. 

Amma bu hələ hamısı deyil. Mifik “aclıq təhlükəsi”ndən əvvəlki 1990-1991-ci illər kifayət qədər yüksək məhsul və kənd təsərrüfatının bütün sektorlarında yaxşı artım illəridir. Indi ildə 80 ton taxıl yığımının yaxşı göstəricisi sayılır. Guya aclığın bizi təhdid etdiyi o vaxt  yüz milyon tondan artıq taxıl toplanmışdı. Bütün bu varidatı  başqası deyil, “aclıqdan şişən” gombul Yeqor Timuroviç  Qaydar idarə edirdi. Odur ki, Qaydar tərəfdarlarının  “ölkəni aclıqdan xilas etmə” barədəki bəyanatlarını həyasız və abırsız hesab edirəm”.

Boş mağazalar və bu hadisə ilə bağlı hər şey barədə müəllifin öz versiyası var – SSRI-də, sonradan Rusiyada da  məhsullar əvvəlki illərdən nə çox, nə də az idi – adekvat idarə sistemi, vahid iqtisadi ideologiya yox idi və SSRI-nin  maliyyə sistemi dağılmışdı. Müəllif SSRI-nin öz mövcudluğunu  Belorusiyada, Belovej meşəsində bitirməsi barədə geniş yayılmış fikrə tərəfdar deyil – təkrar edirik, o öz  mövcudluğunu 1990-cı ilin 20 yanvarında Bakıda itirmişdir! SSRI-nin Belovej razılaşmasından sonra dağılması Qorbaçov və onun silahdaşlarının uydurduğu böyük blef idi. ABŞ ştatları  qubernatorlarının yığışıb ABŞ-ın artıq mövcud olmadığını  bəyan etməsi situasiyasını təsəvvür etmək olarmı? Yaxud  Fransa regionlarının başçıları? Yaxud da Almaniya federal  ərazilərinin rəhbərləri? Bu yalnız SSRI-də olduğu kimi, ölkənin mərkəzi hakimiyyətinin çökdüyü və ölkə liderinin  siyasi meyit olduğu halda mümkündür. Məhz Azərbaycan xalqı  Imperiya tanklarına qarşı dim-dik dayandı, Imperiyanın  sonuncu zərbəsi məhz ona tuş gəldi! Faşistlərin Moskvaya  hücumu zamanı Moskva mühəndislərindən biri səngərdə  qışqırmışdı: “Yoldaşlar! Hücumun başlanması üçün kimsə birinci olaraq ayağa qalxmalıdır!”. Imperiyanın son illərində məhz Azərbaycan xalqı dik ayağa qalxdı. Bu  hadisədən sonra SSRI-nin bütün respublikaları Qorbaçov  yenidənqurmasının tank arqumentinə gəlib çatdığını başa  düşdülər və Moskva ilə bütün siyasi və iqtisadi əlaqələri başqa yönə çevirməyə başladılar. SSRI-nin Qorbaçov  yenidənqurması zamanı 30-40% səviyyəsində fəaliyyət göstərmiş idarə sistemi və respublikalar arasındakı  iqtisadi əlaqələr tamamilə çökdü – respublikalar öz aralarında barter münasibətlərinə keçdilər – heç kim mərkəzləşdirilmiş qaydada Moskvaya heç nə vermək istəmədi.  Bütün respublikalar sovet pullarından can qurtarmağa, öz aralarında möhkəm valyuta ilə alverə başladı.

İlk dəfə “Azadlıq”da: Bakı şəhərini zəbt planı. Tərtibçi Çapay Sultanov

SSRI iqtisadiyyatının dağılması belə baş verdi-Qorbaçovun “işi”ni Yeltsin davam etdirdi! 

Nəhayət, Qorbaçov barədə

“2020-ci il.

Vaqanka qəbristanlığının qarovulçusundan  soruşurlar:

– Işiniz necədir, yaxşı pul ödəyirlər?

– Maaş azdır, əvəzində əlavə qazanc çoxdur. Budur, gül satıram. Məsələn, Okucavanın qəbri – onun ad günündə 30  dollar qazanıram. Bu isə Vısotskinin məzarıdır. Ordan 50 dollar xeyirim var. Amma bu – Qorbaçovun qəbri ən gəlirli  nöqtəmdir. Burda hər gün yüzlərlə dollarım var.

– Güllərdənmi?

– Yox, sadəcə lövhə qoymuşam: “Tüpürmək  olmaz. Cərimə – 10 qəpik”.  

…Azərbaycan son nəticədə İmperiyanın dağılmasına gətirən  sonuncu zərbə qarşısında diqqətəlayiq qurbanlar verərək duruş gətirdi. Çox təəssüf ki, keçmiş Sovet respublikaları  Azərbaycan xalqının bu rəşadətini xatırlamır.