“Son sessiyada Milli Şura ağır bir mərhələdən keçdi və təşkilatlanma məsələsində, qurumun fəaliyyətinə baxışda qururm üzvləri konsensusa gələ bildilər”. Milli Şuranın sədri, tarixçi-professor Cəmil Həsənli qurumun perspektivləri ilə bağlı “Turan”a açıqlamasında belə deyib.
Onun firkrincə, məhz qurumun fəaliyyətinin koordinasiya olunmasında əldə edilən konsensus çox önəmilidr. “Düzdür, ideal deyil, amma bu mühüm məsələdə irəliləyişdir”,- deyə C.Həsənli qurumun son sessiyasındakı nəticələrdən məmnun qaldığını söyləyib.
“Bundan sonra qurum daxilində proseslər inkişaf edən xətlə artacaq. Amma bu problemlərin tam aradan qalxması demək deyil. Qurumun 90 nəfərə qədər üzvü var, geniş spektri əhatə edir, belə bir yerdə ziddiyyət olması, kiminsə qurumdan getməsi, kiminsə gəlməsi kimi halların baş verməsi mümkündür. Fikir ayrılıqları kimi halların olması, əlbəttə, mümkündür. Qurum daxilində plüralizm təmin edilir. Amma bu plüralizm heç də Şuranın strateji hədəflərinə münasibətdə deyil. Qurum daxilində hər hansı böhranın yaşana bilməsi kimi bir məqam arxada qalıb”, – deyə C.Həsənli qurum daxilində silkələnmələrin ola bilməsini istisna edib.
Bir sıra mətbuat oqranlarının Milli Şuranın siyasi həyatdan silinəcəyi barədə mövqeyinə toxunan C.Həsənli son sessiyanı qurumu siyasi həyatdan silməyin heç də asan olmamasının göstəricisi adlandırıb: “Son sessiya qurumda birləşdiricilik potensialının ayrımçılıq potensialından üstün olmasını ortaya qoyub”.
C.Həsənli qurumun dağılacağı, sıradan çıxacağı kimi eyni məzmunlu sualları elə eyni vaxtda 5-10 qəzet və saytdan almasına toxunaraq bunu həmin mətbu qurumların “bir vahid mərkəzdən idarə olunması” kimi dəyərləndirib: “Milli Şura özünü mətbuat rəyilə nə buraxa, nə yaşada bilər, onun varlığı üzvlərinə və cəmiyyətin dəstəyinə bağlıdır, ona qalsa elə sessiya gedə-gedə bir çox sayt və qəzetlər qurumun dağıldığını deyirdlər. Amma nəticə başqa oldu”.
C.Həsənli qurumun əsas çalxalanma mərhələsini arxada qoyduğunu, bundan sonra qurum daxilində sabit və irəliyə doğru fəaliyyətin daha önəmli yer tutacağını nəzərə çatdırıb: “Bir sözlə, son sessiyada Milli Şura kamil yetkinlik nümayiş etdirdi”.