İbrahimbəyovun məqaləsi Müsavatı həyəcanlandırıb

Rahim Hacıyev: “Yazı nöqtə-vergülünə toxunulmadan çap olunub, istəyirlər Rüstəm bəydən soruşsunlar”

Müsavat Partiyası Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun “Azadlıq” qəzetində dərc olunmuş məqaləsinin ona məxsus olub-olmadığını araşdıracaq. Bunu APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.
Xatırladaq ki, R.İbrahimbəyov məqaləsində Müsavatın hakimiyyətlə yaxınlaşmaq üçün Milli Şuradan çıxdığını, seçkidə üzləşdiyi uğursuzluqdan sonra hakimiyyətə müxalifəti bölməyin çox vacib olduğunu yazıb.
A.Hacılı isə R.İbrahimbəyovun belə bir mövqe ilə çıxış etməsinə inanmadığını və araşdırmaya ehtiyac duyduqlarını deyir. A.Hacılının dedikləri “Azadlıq” qəzetinin fəaliyyətinə kölgə salmaqdan başqa bir şey deyil.

Qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev Müsavat funksionerinin dediklərini əsassız iddia adlandırır. Bildirir ki, Rüstəm İbrahimbəyovun göndərdiyi yazı nöqtə-vergülünə toxunulmadan çap olunub: “Arif Hacılının bu iddiasının heç bir əsası yoxdur. “Azadlıq” qəzeti heç kimin, o cümlədən Rüstəm İbrahimbəyovun adından hər hansı məsələyə münasibət və mövqe yaza bilməz. Bu, bizim prinsiplərə yaddır. Milli Şura ilə bağlı son vaxtlar baş verən hadisələrə münasibət bildirməsi üçün Rüstəm bəyə müraciət etmişdik, o da mövqeyini yazılı şəkildə, məqalə kimi göndərib. Bir də indi elə dövr deyil ki, kiminləsə əlaqə saxlamaq mümkün olmasın. Şübhələri varsa, buyurub Rüstəm bəyin özündən də soruşa bilərlər”.

Ramin DEKO