eldar-ezizov

Eldar Əzizov “Univermaq Zaman”la üz-üzə

İcra başçısı sahibkara məxsus iri ticarət obyektini sökmək istəyir

 

Sumqayıtın icra başçısı Eldar Əzizov şəhərdə söküntü işlərini davam etdirir. Icra başçısının bu addımı ciddi narazılığa səbəb olsa da, o, “abadlaşdırma” adı altında ticarət köşklərini sökməkdə israrlıdır. Məlumatlara görə, Eldar Əzizov təkcə bununla kifayətlənmək niyyətində deyil. Icra başçısı Sumqayıtın sovet dövründəki görünüşünü geri qaytarmaq istəyir. Bunun üçün də bəzi iri ticarət obyektləri və şadlıq saraylarını da sökməyi planlaşdırır. Bildirilir ki, Eldar Əzizov bu sırada ilk olaraq Sumqayıtda “univermaq Zaman” kimi tanınan sahibkar Zaman Isgəndərova məxsus “Cavid” Ticarət Mərkəzini sökməyi planlaşdırır.
“Cavid” Ticarət Mərkəzi Zaman Isgəndərova məxsus univermağın ətrafını zəbt etmək hesabına tikilib. Eldar Əzizov da bildirib ki, əvvəllər bu yerdə dayanacaq olub. Indi həmin dayanacaq bərpa edilməlidir. Bunun üçün isə “Cavid” Ticarət Mərkəzinin sökülməsi labüddür. Bəzi məlumatlara görə, Zaman Isgəndərov bu məsələ barədə şəxsən Eldar Əzizovla söhbət etməyə çalışıb. Lakin icra başçısı onu dinləmək belə istəməyib. Yeri gəlmişkən, Eldar Əzizovun “qara siyahı”sında olan Sülh küçəsindəki obyektlərin arasında Zaman Isgəndərovun qardaşı, təhsil nazirinin müavini Isgəndər Isgəndərovun oğlu Rüfət Isgəndərova məxsus obyekt də var. Bu, “Ekzotika” adlı bar-kafedir.
Beləliklə də Eldar Əzizov artıq Sumqayıt kitləri ilə də qarşı-qarşıyadır. Nəzərə alsaq ki, icra başçısı hələ sakinlərin marağına uyğun hər hansı addım atmayıb və mövcud hakimiyyətin təmsilçisi olduğuna görə atması da gözlənilmir, onda Eldar Əzizovun idarəçiliyi uzun sürməyə bilər. 

 

İnformasiya şöbəsi