Rasmussen demokratiya və insan haqlarının NATO üçün prioritet olduğunu bildirdi
Ilham Əliyevin Brüssel səfəri yekunlaşdı. NATO-nun mənzil-qərargahında keçirilən qısa səfərin yekunları ilə bağlı görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Ilham Əliyev çıxışında həmişə olduğu kimi iqtisadi əməkdaşlığa hazır olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycan Əfqanıstana kömək edəcək və güc qurumlarını maliyyələşdirəcək. Eyni zamanda, Əliyev NATO-nu Azərbaycandan Avropaya qaz nəql olunacaq enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsində iştiraka çağırıb. Yəni diqqətə çatdırılıb ki, istənilən iqtisadi-ticari əməkdaşlığa hazırıq, ancaq bizim daxili siyasətimizə qarışmayın.
Foq Rasmussen isə çıxışı zamanı Azərbaycanın Silahlı Qüvvələrində islahatların aparılması və NATO standartlarına uyğunlaşdırılması məsələlərini vurğulayıb. O, həmçinin demokratiya məsələləri nəzərə alınmaqla, siyasi dialoqun davam etdirilməsi zərurətini qeyd edib.
Rasmussen qeyd edib ki, Qərbdə ölkədən asılı olmayaraq, bütün hüquq və azadlıqların pozulması tənqid edilir və Azərbaycan özünü demokratik dünyanın bir hissəsi hesab edirsə, bu tənqiddən nəticə çıxarmalıdır.
Qeyd etmək lazımdır ki, NATO yalnız demokratik ölkələrin təmsil olunduğu birlikdir. Bu hərbi-siyasi blok dünyada demokratik dəyərlərin bərqərar olunması üçün indiyə kimi böyük işlər görüb. Azərbaycanın NATO ilə əməkdaşlığı təəssüf ki, arzu olunan səviyyədə deyil. Bunun başlıca səbəbi Azərbaycan hakimiyyətinin belə əməkdaşlıqda maraqlı olmamasıdır. NATO ilə sıx əməkdaşlıq Azərbaycanda islahatlar prosesinin möhkəmlənməsinə gətirib çıxara bilərdi. Ilham Əliyev Rasmussenlə görüşərkən diqqətin bu məsələyə yönəlməsini istəməsə də, NATO-nun baş katibi açıq şəkildə bildirib ki, bu qurum Azərbaycanda islahatlar aparılmasını istəyir və bu sahədə hər cür dəstək verməyə hazırdır.
Deməli, dünyanın ən qüdrətli siyasi və hərbi bloku bundan sonra Azərbaycanla münasibətlərdə islahatlar prosesinə ciddi diqqət göstərəcək. Bir sözlə, Ilham Əliyev Brüssel səfərindən ciddi mesajlar alaraq qayıdıb.
Ilham Hüseyn