«Etibar özünə qəsd edəcək biri deyildi»
«O, intihara istehza ilə yanaşardı»
Intihar edən Azərbaycan Texniki Universitetin tələbəsi Etibar Imaməlizadənin ölüm xəbəri cəmiyyətdə böyük səs-küyə səbəb oldu. Sosial şəbəkələrdə intihar xəbərinə hər kəs bir cür reaksiya verdi.
Etibar Imaməlizadənin intihar etməsinin səbəbi dəqiq bilinməsə də, sosial şəbəkələrdə bəzi iddialar irəli sürülür.
Mərhum tələbənin hələ ölümündən bir neçə gün öncə “Facebook” səhifəsində yazdığı status özünə qəsd edəcəyini deməyə əsas verir. “Sabah ya da birisi gün bəlkə getdim facebookdan. Özü də həmişəlik”,- deyə Etibar Imaməlizadə status paylaşıb.
Ötən gün Texniki Universitetə baş çəkdik. Mərhum tələbə nəinki sosial şəbəkələrdə, artıq sözügedən ailə məktəbdə də dillər əzbəridir. Tələbə yoldaşlarını tapa bilməsək də, onu tanıyanlarla söhbət edə bildik. Tələbələr Etibarın şən, gülərüz olduğunu, onun intihar xəbəriylə barışa bilmədiklərini deyirlər.
Sabir Bacaran deyir ki, Etibar Imaməlizadə ideal xoşbəxtlik axtarışında idi: “Ara-sıra şəhərdəki çay evlərində görüşərdik. Ayrı-ayrı ideologiyanın daşıcılarıyıq. Mən solçuyam, o, liberal düşüncə sahibi idi. Fikir ayrılıqları olsa da, buna hörmətlə yanaşırdı. Çox savadlı və mütailəni sevən biri idi. Mən ona daim gülən adam deyirdim. Heç vaxt münaqişələrə girməzdi. Sakitliyi daha çox sevirdi. Sonuncu görüşümüzdə bir neçə filmə baxdıq. Ayrılanda Çe Gevara haqda yazılan kitabı istəmişdi. Mən də hədiyyə edəcəyimə söz vermişdim. Ancaq görüşümüzə ölüm mane oldu. Hər zaman ideal xoşbəxtlik arxasınca qaçırdı. Yəqin tapa bilmədiyi üçün bu dünyadan ayrıldı”.
Mərhumun başqa bir dostu Murad Qafarov azvision.az saytına deyib ki, Etibar heç vaxt intihara meyl edən insanlardan olmayıb. O, heç vaxt intihar sözünü belə dilinə gətirməyib:
“Etibarın ölümünü eşidəndən şokdayam. Axırıncı dəfə 1 həftə bundan qabaq görüşmüşdük onunla. Etibar, ümumiyyətlə, intihara cəhd edəcək biri deyildi. O, özünü öldürənlərə lağ edərdi həmişə, buna istehza ilə yanaşardı”.
Dostu deyir ki, Etibarın üzündən gülüş əksik olmazdı. Heç vaxt biz dostları eşitməmişdik ki, onun hansısa problemi olsun.
“Mən hələ də inanmıram onun öldüyünə. Etibar özünə qəsd edəcək biri deyildi. Onu keçən ilin iyun ayından tanısam da, çox yaxın dost idik”.
Söhbət əsnasında Muraddan onu da öyrəndik ki, Etibar insanların problemlərini həll etməyə həvəs göstərən birisi olub. “Bu günə kimi Etibarla dəfələrlə görüşmüşük, söhbət etmişik. Onun dilindən heç vaxt bir problemi olduğunu eşitməmişəm. Nə oxuduğu məktəbdə, nə də evlərində Etibarı narahat edən heç bir problemi yox idi”.




Ramin DEKO


