Səttar Mehbaliyevi qorumaq üçün Səfər Əbiyevin “vurulması” planı
Prezident Admnistrasiyasının şöbə müdiri Əli Həsənovla eks müdafiə naziri Səfər Əbiyev arasında yeni qarşıdurma yaşanır.
Bu haqda Avropa.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, tərəflər arasında narazılıq hələ Səfər Əbiyevin nazir olduğu dövrlərdə başlayıbmış. Mənbənin sözlərinə görə, Səfər Əbiyevin “vurulması” prosesində Əli Həsənova yaxın saytların aktiv iştirakı da məhz bununla bağlı olub.
“Səfər Əbiyev vəzifədən çıxarıldıqdan sonra isə, məhz Əli Həsənova yaxın olan saytlar onun haqqında mütəmadi olaraq mənfi yönümlü məlumatlar yayırlar. Eks nazir isə, bu yazılara cəmi iki dəfə cavab verib. Hər iki cavabda Səfər Əbiyev bu tipli yazıları yayan saytların deyil, arxasında qəzəb gizlənən mülayimliklə, bu yazıların arxasında duranların üzərinə gedib. Sonuncu açıqlamasında Səfər Əbiyev haqqında yayılan informasiyaların hansı mərkəzdən idarə olunduğunu bildiyini açıq aydın demişdi. Yəni eks nazir də, ona qarşı yönələn hücumların qarşısında sakit şəkildə durmaq fikirində deyil.”
Mənbə bildirir ki, eks-naziri qəzəbləndirən əsas səbəb, vəzifəsindən çıxarldıqdan sonra, onu məxsus obyektlərin ələ keçirilmə cəhdləridir. Belə ki, bir müddət öncə, Əli Həsənovun qudası, deputat Səttar Mehbaliyevə etiraz olaraq özünü yandıran Qarabağ qazisi Zaur Həsənova aid olduğu bildirilən Bibiheybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibi “Edis Qroup” şirkəti olub. Adı çəkilən şirkətin isə faktiki olaraq eks-nazir Səfər Əbiyevə aid olduğu bildirilir. Mənbənin sözlərinə görə, Həmikarlar İttifaqı ilə mərhum Qarabağ qazisi arasında 2011-ci ildən yaşanan məhkəmə prosesi, əslində Səfər Əbiyevin yaxınlarına aid olan “Edis Qroup”la aparılan müharibə imiş.
“Zaur Həsənov sadəcə olaraq, “Edis Qroup”un icarədarı olub. Həmin torpaq sahəsi isə Həmkarlar İttifaqı ilə adı çəkilən şirkət arasında mübahisəli torpaq sahəsi imiş. Əli Həsənovla Səfər Əbiyev arasında baş verən narazılıqların səbəblərindən biri də məhz “Edis Qroup”un Şıx sanatoriyasındakı böyük obyektinin əlindən alınması ilə bağlı olub.”
Mənbə qeyd edir ki, bundan sonra Əli Həsənovun qudası Səttar Mehbaliyevə qarşı aparılan mübarizədə “Edis Qroup” Zaur Həsənova dəstək verib.
“Lakin demək olmaz ki, Zaur Həsənovun özünü yandıraraq öldürməsi məhz Səfər Əbiyevə yaxın olan “Edis Qroup” şirkətinin bir planı olub. Sadəcə olaraq indiki mərhələdə Əli Həsənovun qudası Səttar Mehbaliyevi “təmizə çıxartmaq” lazımdır. Bunu üçün də, prosesi Səfər Əbiyevin üzərinə yönəldirlər. Onun hakimiyyət qarşısında onsuz da düşən nüfuzunu heçə endirmək planları mövcuddur. Eyni zamanda Səfər Əbiyevə yaxın olan “Edis Qruop”un tamamilə sıradan çıxarılması üçün işlər gedir. Məhz bu səbəbdəndir ki, Əli Həsənovun qudası Səttar Mehbaliyevin rəhbərlik etdiyi Həmkarlar İttifaqı açıq-aydın şəkildə Səfər Əbiyevə məxsus şirkət haqqında açıqlama yayaraq, dolayısı ilə “Zaur Həsənov olayı”nın arxasında “Edis Qruop”un durduğunu bildirir.”