Ziya Məmmədov o qədər qəzəblənib ki, Arif Əsgərovun müavinini iclasdan qovub
Nəqliyyat naziri, hətta İlham Əliyevin səlahiyyətlərini mənimsədiyinin də fərqinə varmayıb
Nəqliyyat naziri Ziya Məmmədov Ilham Əliyevin səlahiyyətlərini mənimsəyib. Bu necə baş verib? Keçmiş dəmiryolçu Rəhim Musayevin “Azadlıq”a verdiyi məlumata görə, mart ayının əvvəllərində Ziya Məmmədov xəbər tutub ki, Azərbaycan Dəmiryolları QSC-də MDB ərazisində yükdaşımalarından əldə olunan gəlir mənimsənilib. Oxucuların diqqətinə çatdıraq ki, Azərbaycan Dəmiryolları QSC MDB ərazisində yükdaşımalarına görə simvolik tarif təyin edib. Sənədlərdə həmin tarif göstərilsə də, əslində yükdaşımalarına görə alınan pulun məbləği dəfələrlə çoxdur.
Mənimsənilən pullar da həmin pullardır ki, bu da milyonlarla manat təşkil edir. Ziya Məmmədov bu müdhiş oğurluqdan bərk qəzəblənib. Nəqliyyat naziri o qədər əsəbi olub ki, Azərbaycan Dəmiryolları QSC-nin sədri Arif Əsgərovun müavini Iqbal Hüseynovu iclasdan qovub. Nəqliyyat naziri ona xitabən “get, bir də səni gözüm görməsin” deyərək Iqbal Hüseynovun işdən azad olunduğunu bəyan edib. Bu isə artıq Ilham Əliyevin səlahiyyətlərinin mənimsənilməsidir. Çünki Iqbal Hüseynov bu vəzifəyə dövlət başçısının sərəncamı ilə təyin edilir. Və onu yalnız tutduğu vəzifədən yalnız Ilham Əliyev azad edə bilər. Ziya Məmmədov isə o dərəcədə əsəbi olub ki, bunun fərqinə varmayıb.
Rəhim Musayev bildirib ki, Azərbaycan Dəmiryolları QSC-də yükdaşıma departamentinin rəisi Isfəndiyar Kərimov və maliyyə xidmətinin rəisi Əşrəf Astabov da bu oğurluğun qurbanı olub. Məlumatlara görə, işdən çıxarılanlardan biri baş nazirin sabiq müavini Abbas Abbasovun yaxın adamıdır. Ziya Məmmədov bu addımı atarkən baş nazirin sabiq müavini ilə dost olmasını da xatırlamayıb.
Keçmiş dəmiryolçunun sözlərinə görə, nəqliyyat naziri eyni halın təkrarlanmaması üçün qardaşı Loğman Məmmədovun oğlu Elşən Məmmədovu maliyyə xidmətinin rəisi vəzifəsinə təyin edib. Nazirin digər postlara daha etibarlı adamlarını təyin edəcəyi gözlənilir.
Xatırladaq ki, “Azərreyl” voleybol klubunun prezidenti olmuş Bəhram Yaradanquliyev və sabiq deputat Rza Ibadov da analoji hərəkətlərinə görə Ziya Məmmədovun qəzəbinə gəlmişdi.
İnformasiya şöbəsi