Müsavatla AXCP arasında bloklar niyə heç vaxt alınmayıb?

Tanış deyildilər, ona görə…

(Mənim söz və arqument ehtiyatlarım o qədər məhdud deyil ki, opponentlərlə polemikada söyüşdən istifadə edim)

Əvvəli ötən sayımızda

1995-ci il sentyabr pozuluşması

Ciddi ziddiyətlərə baxmayaraq, məhz Əli Kərimlinin təkidləri və Əbülfəz Elçibəyin özünün videomüraciətindən sonra AXC qurultayının iştirakçıları hərəkatın siyasi partiyaya uyğun yenidən təşkilatlanmasına səs verdilər. Əgər bu olmasaydı, o zaman yeni qəbul edilən qanuna görə AXC seçkilərdən kənarda qalacaq və siyasi müstəvidə olmayacaqdı. Xalq Cəbhəsi artıq yeni keyfiyyətdə, partiyalaşaraq seçkiyə qoşuldu. Təbii ki, müttəfiqlərlə birlikdə, vahid blok yaradaraq parlament seçkilərinə qatılmaq müzakirə edilirdi. Ilk növbədə də Müsavat partiyası ilə. Müsavatdan da ciddi narazılıq yox idi. 1995-ci ildə, sentyabrın 8-də hər iki partiyanın Məclisi keçirilməli, proporsional sistem üzrə vahid siyahı qəbul edilməli idi. Partiya lideri Əbülfəz Elçibəyin təkidi ilə, blok baş tutsun deyə, bu siyahıda tək yerlər, yəni 1,3, 5, 7 və sairə Müsavat partiyasına, cüt yerlər isə (2,4,6,8…) Xalq Cəbhəsinə verilirdi. Bu barədə o zamankı blok olan Demokratik Konqresdə də razılıq əldə olunmuşdu. Xalq Cəbhəsinin Ali Məclisi toplandı, qərar verdi. Amma məlum oldu ki, Müsavat partiyası bütün anlaşmaları pozaraq başqa bir partiya, Vəhdət partiyası ilə seçki bloku yaradıb və AXCP ilə bir siyahıda seçkiyə qatılmaqdan imtina edib. O zaman Müsavat partiyasında belə fikir vardı ki, Heydər Əliyevin Xalq Cəbhəsinə xüsusi antipatiyası olduğundan bu partiyanı parlamentə heç bir halda buraxmayacaq, buna görə də Müsavat öz taleyini AXCP ilə bağlamamalıdır. Amma Xalq Cəbhəsinin topladığı səslər tanındı, onunla müttəfiqliyi rədd etmiş Müsavat isə parlamentdən kənarda qaldı. Bu blok üzrə nə AXCP-ni, nə Əbülfəz Elçibəyi, nə Əli Kərimlini, nə də yurdçuları ittiham etmək heç bir normal məntiqlə izah edilə bilməz. Baxmayaraq ki, insanların məlumatsızlığından istifadə edərək bu cür tarixi həqiqətləri bir kənara tullayır və anlaşılmaz ittihamlar düzəldirlər.

1998-ci ildəki baş tutmayan söhbətlər

1998-ci ilin prezident seçkiləri ilə bağlı xüsusi bəhs etmək fikrində deyiləm. O zaman artıq Bakıda olan sabiq prezident Əbülfəz Elçibəy prezident seçkilərinə qatılmaq niyyətində olsa da, müttəfiq Müsavat partiyası onun vahid namizəd olmasına razılıq vermədi və kompromis variant olaraq boykot taktikası seçildi. Müxalifətdən tək namizəd Etibar Məmmədov, faktiki olaraq bütün narazı elektoratın dəstəyini alaraq Heydər Əliyevi uddu. Amma arxasında ciddi siyasi blok dayanmadığına görə saxtakarlığa qarşı müqavimət göstərə bilmədi.

2000-ci ildə baş tutmayan tanışlıq

2000-ci il parlament seçkiləri barədə danışırlar. Parlament seçkilərindən əvvəl Əbülfəz Elçibəy vəfat etdi. AXCP-də ciddi parçalanma baş verdi. Müsavat Partiyası AXCP (Əli Kərimli) ilə saziş imzaladı. Bu saziş iki partiyanın blok yaradaraq seçkiyə bir yerdə, vahid siyahı ilə qatılacağını elan edirdi. Amma yenə də 1995-ci ildəki gözlənilməzlik baş verdi. Sazişin mürəkkəbi qurumamış Isa Qəmbər elan etdi ki, o və Müsavat partiyası AXCP olaraq Muirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi qanadı tanıyır və buna görə də seçkiyə də həmin qanadla imzalanmış yeni saziş əsasında qatılacaq. Bu, xoşagəlməz sürpriz idi. Təkcə Müsavat-AXCP münasibətlərini deyil, həm də parçalanmış AXCP-nin qanadları arasında olduqca böyük gərginlik və arzuolunmaz münasibətlər yaratdı. AXCP bu seçkilərə də qatıldı və bu dəfə də onun mandatı ilə bağlı mübahisə yaranmadı. Əslində, nisbi mənada demək olar ki, yaranmadı.

“Mən təhlükəyə çevrilən kimi mənə qarşı hər tərəfdən hücuma başlayacaqlar”

Axı, əvvəlki seçkilərdə olduğu kimi seçkilərin nəticələri ciddi şəkildə saxtalaşdırılmış, parlamentin mənzərəsi seçicilərin deyil, Heydər Əliyevin istədiyi şəkilə salınmışdı. Amma niyə, məhz, Əli Kərimlinin rəhbərlik etdiyi partiyanın parlamentdə təmsilçiliyinə əngəl yaratmadılar? Bunun cavabını hələ o zamanlar Əli Kərimlinin özü vermişdi və cavab bundan ibarət idi. “Indi mən çox gəncəm, prezidentlik iddiasında deyiləm, ona görə də məni özlərinə təhlükə kimi görmürlər. Məni təhlükəli sayanda bunların mənə qarşı davranışlarını görəcəksiniz”. Əli Kərimli o zaman belə söyləmişdi. Indi həmin hücumları hər kəs müşahidə etməkdədir. Əbülfəz Elçibəy vəfat edəndən bir qədər sonra isə həmin proses başladı. Bu illər Əli Kərimlinin, guya, hakimiyyətlə hansısa gizli sövdələşmələrinin olduğu illər kimi qələmə verilir. 2002-ci ildə Xalq Cəbhəsinin qərargahına əsl quldur hücumları təşkil etdilər. Əllərinə keçəni vurub dağıtdılar. Həmin ərəfədə partiyadan böyük bir qrupu qoparmaq, Xalq Cəbhəsini tamamilə sıradan çıxarmaq üçün böyük məbləğdə pullar xərclədilər. Amma bu variantlar keçmədi. Cəbhəçilər səfərbər olaraq bu hücumlara mütəşəkkilliklə cavab verdilər. Hətta partiyanın qeydiyyatını ləğv edib bu təşkilatın adını da ortaya çıxardıqları “qiyamçı” birisinə vermək istədilər. Amma ciddi beynəlxalq təzyiq nəticəsində geri çəkilməyə məcbur oldular. O zaman Böyük Britaniyada rəsmi səfərdə olan Əli Kərimli “Bu qərarın Biləcəridən o tərəfə təsir qüvvəsi yoxdur və bu qərarı əlbəttə ləğv edəcəklər”- deyə bəyanat verdi. AXCP-nin qeydiyyatının ləğv edilməsi ilə bağlı qərar cəmi 9 gün sonra ləğv edildi. Heydərçi hakimiyyətlə, onun hansısa budağı, qolu, pöhrəsi ilə xüsusi münasibətlərdə böhtanla ittiham olunan Əli Kərimli parlamentdə oturduğu müddətdə bir neçə xüsusi davranış etiketləri ilə yadda qalıb. Onun parlamentdə mövcudluğunun bütün davamiyyəti ərzində parlaq çıxışları hakimiyyətin mahiyyətcə ifşasına yönəlik çıxışlar olaraq o zamanların ən çox müzakirə olunan hadisələr sırasında idi. 2001-ci ildə Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsini parlamentdə müzakirəyə çıxardı. O müzakirələrin gedişində Əli Kərimli Heydər Əliyevi və onun bütün komandasını o günə saldı ki, H. Əliyev məcbur olub “Indi nə deyirsən? Buradan mən durum sən gəlib oturasan? Bunu görməyəcəksiniz”, – dedi. O, Heydər Əliyevin parlamentə gəldiyi bütün zamanlarda nümayişkəranə surətdə ayağa qalxmayan tək millət vəkili oldu. Bunu bir dəmir məntiqlə əsaslandırırdı… O, həbsxanaları siyasi məhbuslarla, bizim əqidə yoldaşlarımızla doldurub. Zəhmət çəksin, onları azad etsin və biz də inanaq ki, Heydər Əliyev prezident kimi ayaq üstə qarşılanmağı haqq edir. Bu, Əli Kərimlinin guya hakimiyyətə doğru hansısa jestlərinin olduğu söylənilən illərin faktlarıdır. Əli Kərimlinin isə heç zaman xüsusi imtiyazlar və danışıqlar nəticəsində parlamentdə oturmadığı gün kimi aydındır. Hətta bu gün onu ittiham edənlər də, “Əli Kərimlidənsə Ilham Əliyev yaxşıdır” deyib onu ölkənin birinci şəxsi olmağa iddialılar sırasında görürlərsə 125 nəfərdən biri olmaq Əli Kərimli üçün nə qədər çətin olmalı idi ki?

2003-cü ildə pozulan anlaşmalar

Sonra 2003-cü ilin prezident seçkiləri. Isa Qəmbər yenə də Əli Kərimlini tanımır. Əli Kərimli isə “eybi yoxdur, zaman gələr, tanış olarıq” deyir. Isa Qəmbərin və Etibar Məmmədovun namizədlikləri ətrafında iki seçki bloku yaranır. Əlbəttə, normal situasiya deyildi. Bu iki blokun, eləcə də bütün müxalif güclərin bir blokda birləşməsi zəruri idi. Etibar Məmmədovla Isa Qəmbərin münasibətləri isə hələ 80-ci illərin sonlarından gərgin idi. Amma buna və Isa Qəmbərin Əli Kərimlini Xalq Cəbhəsinin sədri kimi tanımaqdan imtina etməsinə baxmayaraq, Əli Kərimli Etibar Məmmədovu razı sala bilir. Seçkilərə 10-cü gün qalmış Etibar Məmmədovla Isa Qəmbər arasında vahid namizəd (Isa Qəmbər) və seçkidən sonra koalisiya hökuməti qurmaq barədə saziş imzalanır. Amma bu sazişin də mürəkkəbi qurumur. Isa Qəmbər Amerikada yaşayan Rəsul Quliyevlə elektron saziş imzalayır və Etibar Məmmədovla saziş ləğv edilir. Sonrası… bəllidir. Məğlubiyyət. Seçkidən dərhal sonra Isa Qəmbər Rəsul Quliyev haqqında bəyanat verir və bildirir ki, “O, mənim hökumətimdə baş nazirdir və gəlib burada saxtalaşdırılmış seçkilərin nəticələrinin ləğv edilməsi ilə uğrunda mübarizəyə qoşulmalıdır”. Rəsul Quliyev, təbii ki, gəlmədi və Isa Qəmbər də tam 40 gün ortalıqda görünmədi. Indi Əli Kərimlini buna görə də ittiham edirlər.

***

2003-dən sonrakı bütün olaylar isə indiki gənclərin də yadındadır və bu hadisələr barədə ətraflı bəhs etməyə lüzum görmürəm. Həm də, bu günlərdə 2005-ci ildəki parlament seçkiləri ərəfəsindəki situasiya ilə bağlı gen-bol şərhlərin yazıldığını görürəm. Və… Milli Şura məsələsi. 2013-cü ilin prezident seçkiləri zamanı yaranmış blok. Bu barədə kiməsə, nəsə qaranlıq qalıbmı? Inanmıram!