Haqq tərəzisini əyən bir milyon

Müharibənin yaralarını sağaltmaq istəyən bir xalqa yardım əli uzatmağın heç də əleyhinə deyiləm. Ən azı, biz özümüz də o dəhşətlərin nə demək olduğunu yaxşı bilirik. Bu anlamda,  Azərbaycan hökumətinin Əfqanıstan Milli Ordusuna dəstək Fonduna ikinci dəfə 1 milyon avro ayırmasına da xüsusi bir aqressiyam yox. Hələ bu vəsaitin sülh və təhlükəsizlik yaradılmasına sərf edilməsi bəyan olunursa… Dəstəyin hər hansı hüquqi öhdəlik əsasında edildiyini də anlayıram. Amma işin dərininə gedincə, ortaya məsələnin fərqli düşündürün tərəfləri də çıxır. Təbii, bu ölkədə də 25 ildən bəri davam edən bir münaqişə və onun ağlasığmaz fəlakətləri var…

Doğrudur, Əfqanıstanın on illərdən bəri davam edən müharibə və daxili münaqişələrinin ölçüsü bizimlə müqayisə olunmaz. Sözün həqiqi mənasında, Əfqanıstan dünyada bu fəlakətdən ən acı şəkildə əziyyət çəkmiş ölkələrdəndir. Buna əmin olmaq üçün ölkədə qadınların vəziyyəti ilə bağlı bəzi statistik rəqəmlərə nəzər salmaq yetər. BMT-nin Qadın Inkişaf Fondunun hesabatına görə, əfqan qadınlarının 90%-i oxuyub-yazmaq bilmir. Onların orta ömür müddəti 44 ildir. Əfqan qızlarının 57%-i 16 yaşından öncə evləndirilir. Qadınlara münasibətdə yazılmamış qanunlar acı insanlıq dramlarına yol açır.  Ölkənin 1992-ci ildən sırf şəriət qaydaları ilə idarə olunmağa başladığı dönəmdə qızların məktəbə getməsi, qadınların işləməsi, kişilərsiz evdən çıxması, kişi həkiminə müayinə olunması qadağan edilib. Bundan başqa, qadınların görünməməsi üçün burka örtüyü yetərli sayılmayıb, onların “görməməsi” üçün evlərin pəncərələrinin belə qara rənglə boyanması şərti qoyulub. Özünüyandırma bu ölkədə ən ucuz intihar şəkli sayılır. Araşdırmalardan məlum olub ki, əfqan qadınları oda daha asan əlləri çatdıqları üçün bu intihar yolunu seçirlər.  

Indi qayıdaq öz dərdimizin üstünə. Qarabağ müharibəsinin ölkəyə vurduğu yaralar, gətirdiyi itkilər, bu dəhşətin alovunda məhv olmuş talelər heç də Əfqanıstandakı mənzərələrdən fərqli deyil. Bu ürək parçalayan tablonun içində bir gecədə yer üzündən silinən Xocalı adlı şəhər də var hələ. Həyatını itirmiş 16 min insanın faciəsi var. O da var ki, bu davada itkin düşmüş və girov götürülmüş 4354 nəfərdən 47 nəfəri uşaq, 16 nəfər azyaşlı qız, 268 nəfəri qadındır. 550 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi təsdiqlənib. Onlardan 104-ü qadın, 446-sı kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Bu faktları kimlərsə adi rəqəmlər kimi oxuyub keçə bilər. Amma hər insan ölümünün arxasında bir ailə faciəsi dayanır axı. Hələ o fəlakətlərdə həyatını itirmiş körpələrin, əsir qadınların, itkin və ya əlil olmuş döyüşçülərin dərdi bir başqadır. 

Bəli, iradımın və narazılığımın əsası bu nöqtəyə gəlib çıxır. Nədən torpaqlarının 20%-i qəsb olunmuş və 1 milyondan çox insanı didərgin düşmüş bir ölkənin faciələri böyük güclər tərəfindən görməzliyə vurulur? Və niyə həmin o fəlakətin içində olan ölkə həmin güclərlə birgə götürdüyü öhdəliyə görə müharibə yaralarını sağaltmaq istəyən başqa bir ölkəyə 1 milyon avro pul ayırır? Bunu hansı ədalət tərəzisi çəkər, siz Allah! Şübhəsiz, böyük güclərin oyunları da böyükdür. Mən də məhz bu anlamda, qeyd etdiyim məsələyə haqsız bir oyun kimi baxıram. Ona görə də, hökumətimizin o 1 milyon avronu həmin oyun öhdəliklərinə verməsindənsə, zillət içində yaşayan Qarabağ qazilərinə və ya keyfiyyətli bir Xocalı filminin çəkilişinə xərcləməsini daha üstün tutardım…