Ilham Əliyev dünən Brüsseldə NATO-nun baş katibi A.Rasmussenlə görüşdən sonra jurnalistlərin suallarına cavab verib. “Azadlıq” radisounun müxbiri məqamı yaxalayıb və əvvəlki səfər zamanı verdiyi sualı təzədən səsləndirib: “Cənab prezident, keçən dəfə Brüsselə səfəriniz zamanı dediniz ki, Azərbaycanda heç bir siyasi opponentiniz həbsdə deyil. Lakin Ilqar Məmmədov və Anar Məmmədli kimi fəallar hələ də həbsdədirlər. Siz hələ də o fikrinizdə qalırsınız ki, Azərbaycanda siyasi məhbus yoxdur?”.
Ilham Əliyev də əvvəlki cavabı verib, amma başqa bir mətləbi də açıb: “Bəli, əlbəttə, bu həmçinin Avropa Şurasının Parlament Assambleyasının qərarı ilə təsdiq olunub. Dekabr ayında Avropa Şurasının bəzi üzvləri tərəfindən qaldırılmış bu məsələ qəbul olunmamışdır. Assambleya üzvlərinin əksəriyyəti bu qətnaməyə dəstək vermədi. Bu isə o deməkdir ki, keçən dəfə mən burada Avropa Komissiyasında dediyim ”Azərbaycanda siyasi məhbus yoxdur” fikri həmçinin Avropanın və dünyanın ən vacib institutlarından biri olan AŞ PA tərəfindən təsdiq edilir. Azərbaycan 10 ildən artıqdır ki, Avropa Şurasının üzvüdür, biz Avropa Insan Haqları Məhkəməsinin üzvüyük, bu da o deməkdir ki, Azərbaycanda apriori siyasi məhbus ola bilməz. Əgər kimə qarşısa ədalətsiz davranış baş veribsə, bu haqda həmişə Avropa Məhkəməsinə müraciət etmək imkanı var və biz də bu qurumun qərarlarının həmişə əməl edirik”.
Indi isə yada salaq, 2012-ci ilin dekabrında AŞ PA-ya Azərbaycanla bağlı iki qətnamə layihəsi təqdim edilmişdi. Onlardan biri də Azərbaycan üzrə məruzəçi Xristofer Ştrasserin siyasi məhbuslarla bağlı qətnaməsi idi. Lakin hakimiyyət və onların əlaltısına çevrilmiş hüquq müdafiəçiləri kürü diplomatiyasının platforması əsasında yaxşı işlədilər və 23 yanvar 2013-cü ildə həmin qətnamə keçmədi. Çox gərgin müzakirələrdən sonra 79 nəfər sənədin lehinə, 125 nəfər isə əleyhinə səs verdi, layihə rədd edildi. Ilham Əliyev AŞ PA-nın həmin qərarına istinad edir.
O vaxt çoxları bir məsələni başa düşmür, ya da özlərini elə aparırdılar ki, guya heç nə anlamırlar. Bizim “müstəqil” və “müxalif” hüquq müdafiəçilərinin də hakimiyyətin havasına oynayaraq, niyə Strasseri söydüklərini heç olmasa indi anladınızmı? Məqsəd o idi ki, o qətnamənin qabağı alınsın və Ilham Əliyevin siyasi məhbus “istehsalı” rahatca davam etsin. Ona görə hətta gizli işləyənləri açıq və qismən açıq danışdırırdılar.
Nəticə göz önündədir, siyasi məhbusların sayı durmadan artıb. Daha rahat şərləyirlər, daha rahat həbs edirlər… NIDA-çılar, Yadigar Sadıqov, hətta seçki müşahidəçisi Anar Məmmədli. Heç bir narahatlıq keçirmədən istədiklərini həbsə atırlar. Kürü diplomatiyası ilə yanaşı, xidmətlərin öz payı var bu bəhrədə, bu həbslərdə. Heç olmasa indi hər şey aydınlığı ilə görünmədimi? Heç olmasa indi Ştrasseri söyənlərin nəyə çalışdıqlarını gördünüzmü?
Hələ siz cavabdakı əminliyə və istinada baxın: “Azərbaycanda siyasi məhbus yoxdur. AŞ PA-nın yanvar iclasında siyasi məhbuslar haqqında hesabatı rədd etdiyinə görə düşünürəm ki, bu mövzu bağlıdır”. Bunu da Ilham Əliyev deyib – eyni səfər çərçivəsində. Ona görə də bilin ki, mövzunu bağlamağa kömək edənlər elə həbslərə kömək edənlərdir. Yaxud Ştrasseri söyənlər və Ştrasseri söyənlərə güzəşt edənlər həbslərə yaxşıca kömək ediblər.