Manatın çapı müqabilində yol verilən korrupsiya ittihamı üzrə istintaq yekunlaşıb
Fevralın 17-də Avstriyanın paytaxtı Vyanada Mərkəzi Bankın sədri Elman Rüstəmovun adı keçən cinayət işi üzrə məhkəmə prosesi başlayır. Bu barədə Avstriyanın “Diepresse” qəzeti məlumat yayıb.
Söhbət Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin Mərkəzi bank rəhbərlərinə rüşvət verilməsindən gedir. Yəni, Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. Başqa sözlə, tərəflər arasında sövdələşmə olub və onun şərtlərinə görə, pul əskinaslarının çapı üçün ödənilən məbləğin bir qismi geri qaytarılıb.
2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.
Xatırladaq ki, Avstriyada bu qalmaqalla əlaqədar 9 nəfər məsuliyyətə cəlb olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, bankın pul əskinaslarının çapı ilə məşğul olan bölməsinə rəhbərlik etmiş 63 yaşlı Volfqanq Duçazek də var. Bu şəxslərə qarşı korrupsiya, çirkli pulların yuyulması kimi ittihamlar irəli sürüb.
Əgər ittihamlar sübuta yetirilsə, təqsirləndirilən şəxsləri 10 ilə qədər həbs gözləyir.
Onu da əlavə edək ki, bu cinayət işi üzrə həm xarici, həm də yerli mətbuatda dəfələrlə yazılsa da, Azərbaycan Mərkəzi Bankı ittihamlara heç bir cavab verməyib.
Informasiya şöbəsi