Daha iki gənc təcridxanadakı işgəncədən danışdı

“Bizi tək kameraya salaraq 3 gün ərzində sıxdılar. Dünən isə 8 nəfər Tural Sadıqlının əllərini arxadan bağlayıb vəhşicəsinə döydü”

Qarabağ qazisi Zaur Həsənovun intihar etməsi ilə bağlı 29 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılan və sutkalıq həbs cəzasına məhkum edilən gənclərdən daha ikisi azadlığa çıxıb. Cavid Hacıbəyli və Orxan Carçının məhkum edildikləri 16 sutkalıq həbs müddəti yanvarın 15-də tamam olub və onlar sərbəst buraxılıblar.
Onlar həbsləri və müvəqqəti saxlama təcridxanasında başlarına gələnlər barədə “musavat.com”a danışıblar. Müsavat fəalı Cavid Hacıbəyli: “Həbsimiz təbii ki, sifariş xarakteri daşıyır. Azərbaycan məhkəmə sistemi teatra bənzəyir. Heç bir ədalət, qanundan danışmaq olmaz. Biz Binəqədi Təcridxanasına aparıldığımız gündən haqsızlıqlarla qarşılaşdıq. Orada sanki insan yox, heyvan saxlayırlar. Verilən yeməklər, yataq dəstləri insan həyatını alçaldırdı. Bizim israrlı tələblərimizdən sonra qismən də olsa vəziyyətimiz normallaşdı. İlk günlər Orxan Eyyubzadəyə təzyiqlər etdilər. Etirazlarımdan sonra bizi tək kameraya salaraq 3 gün ərzində sıxdılar. Dünən isə 8 nəfər təcridxana əməkdaşı Tural Sadıqlının əllərini arxadan bağlayaraq, gözlərimiz qarşısında zorla yerə oturdaraq vəhşicəsinə döydülər. Böyrəklərinə zərbələr endirdilər. Bu əməliyyat konkret məntəqə sədri Ramin İmanovun gözləri qarşısında onun göstərişi ilə yerinə yetirildi. Turalın döyülməsində məntəqə sədrinin köməkçisi Pənah və Teymur adlı işçilər də iştirak edirdilər. Bu barədə Elçin Behbudova və vəkilə məlumat veriləcək. Artıq şikayətləri bugün hazırlayıb verəcəyik. Mübarizəmiz davam edir, heç nədən çəkinmirik, bundan sonra da meydanlarda olacağıq”.
Orxan Carçı: “Qarabağ qazisi Zaur Həsənovun intihar etməsinə səbəb olan cinayətkarların cəzalandırılmasını istədik, özümüzü cəzalandırdılar. İnsan söz tapa bilmir. Sözün bitdiyi andır”.

Xatırladaq ki, 29 dekabr etiraz aksiyasında 21 nəfər saxlanılmış, 14 nəfər haqqında müxtəlif cərimələr kəsilmiş, 7 nəfər haqqında isə inzibati həbs cəzası verilmişdi. Onlardan Tural Sadıqlı bu gün axşam saatlarında, Orxan Eyyubzadə isə sabah çıxacaq. Digər saxlanılan Məcid Vahid isə məhkəməyə gəlmədiyinə görə 9 yanvarda həbs olunub və Səbayel Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibatı cəza alıb.