Qırılmış qələm və beyin yuma…

“Ey könül!

Qələm əyri dilli, mürəkkəb qara sözlü, kağız iki üzlü, indi mən ərzi-halımı yazmağa kimi məhrəm qılım?”

(Yunus Əmrə)

Məktəb illərində çoxumuzun başına gəlmiş “qəza”dır. Dərsin həyəcanlı yerində bir baxdın, qələm ortadan qırıldı. Yaxın çevrədəkilərdə də ehtiyat yoxdursa, çıxış yolu tapmaq qalar özünə. Qırılmış parçaları gümanın gələn bir lent parçası ilə sarıyıb, üzücü dəqiqələri zor-güc yola verməyə çalışarsan. Təbii, buna yalnız yola vermək deyərlər. Calanmış hissələr gah sürüşər, gah açılar, gah əldən çıxar. Xəttin də ki, ilan-qurbağaya dönüb tanınmaz hala düşər… 

Texnoloji yeniliklərin qələmin rolunu az qala heçə endirdiyi bir zamanda hər şey işıq sürəti ilə dəyişir. Amma ibtidai qələmin kəşf olunduğu tarixdən min illər keçsə də, onun simvolik anlamının həyatımızdan çıxdığını da demək zor. Hamımızın internetləşdiyimiz bir əsrdə belə, mətbuat təmsilçilərini nişan verən “qələm əhli” ifadəsi populyarlığını itirmiş deyil.

Hər gün də ölkənin sabahı bu qələm əhlinin arayıb-toplayıb bir yerə yığdığı gündəm yazıları ilə açılır. Amma necə və hansı təqdimatla? Demək olar ki, hakim rejimin tam nəzarətində olan televiziya monopoliyasının beyin yuma fəaliyyətinə artıq ölkənin əksər yazılı mətbuat orqanları da qoşulub. Səhifələri açıb ötəri göz atmaq anlamağa yetər ki, bunların çoxu elə qırıq qələmlə yazılıb. Doğrudan da, zorla bir-birinə calanmış parçalar ilə bundan artığı yazıla bilməz. Hər cümlənin başında pozuq xətt gözünü ağrıdır, düşüklük, yalan, təhqir ürəyini bulandırır adamın… Bəli, min bir dərdi, ağrısı, məşəqqəti olan ölkənin sabahı belə açılır. Bunu ancaq bir beyin yuma fəlakəti kimi dəyərləndirmək olar. Bu, yazarlıq prinsiplərinə dönüklük və insanın özünün öz qələmini sındırmasından başqa bir şey deyil. 

Biz oxuyub-yazma sarıdan o qədər də geridə qalmış ölkə deyilik. Bu yaxınlarda ABŞ Mərkəzi Təhlükəsizlik Təşkilatının (CIA) ən son açıqladığı bir siyahıda Azərbaycan oxuyub-yazma kriteriyaları üzrə lider olmuşdu. 233 ölkə arasında 15 yaşdan yuxarı insanların oxuma-yazma səviyyəsini araşdıran qurumun gəldiyi nəticəyə görə, Azərbaycan postsovet ölkələrinin çoxunu geridə qoyaraq(99,8%), Latviya və Estoniya ilə eyni səviyyədə dayanır. Ondan sonrakı sırada  99,7%-lə Rusiya, Litva, Ukrayna, Qazaxıstan və Gürcüstan yer alır. Eyni zamanda, CIA-nın hesabatına əsaslansaq, Azərbaycan bəzi kriteriyalar üzrə oxuma-yazma səviyyəsinə görə Amerika, Ingiltərə, Fransa, Ispaniya kimi ölkələri geridə qoyur. 

Nisbət əsasında baxılsa, buna şübhə etməyə də dəyməz. Bu gün ölkədə oxuyub-yazma səviyyəsinin çox düşük olmasını da demək olmaz. Amma önəmli olan bu deyil. Önəmli olan nəyi necə yazmaq, oxutmaq və oxumaqdır. Önəmli olan insanların sabahını primitiv şou və dəhşət dolu xəbərlərlə, söyüş, həqarət dolu yazılarla “salamlamaq” yox, onlara maarifləndirici, inandırıcı mesajlar verməkdir. Önəmli olan oxuculuq qabiliyyətinə malik yüz minlərlə insanın beynini qara fikirlərlə doldurmaq yox, pozitiv enerji ilə aydınlatmaqdır…

Hər halda, məktəb illərinin o ənənəvi “qəzası”nı xatırladığınızda çoxunuzun yaddaşında şirin xatirələr canlanır. Amma mahiyyət baxımından qələmin qırılması heç də yaxşı bir şey deyil. Bu böyük mənada birinin gözdən çıxması və ya müəyyən anlamda kitabının bağlanmasıdır. Həm də ən dəhşətlisi odur ki, adamın özü “qaralamaları” ilə öz qələminin qırılmasına bəhanə versin.

Diyircəkli qələmi 1938-ci ildə macar Lasalo Biro kəşf edib. Bu icadı o adi yazı mexanizmi olaraq düşünüb. Yeni formanın tapılması sadəcə insanları köhnə mürəkkəb doldurma işgəncəsindən xilas etmək idi. Heykəltəraş və jurnalist olan Bironun bu “mürəkkəb damlatmayan” qələm icadı sayəsində qısa zamanda milyonlar rahatlığa qovuşdu. Indi texnoloji inqilablar bu işi bir düymənin üzərinə keçirib. Nə gözəl! Amma bu komfortdan sui-istifadə edib, eybəcər cızma-qaralarla insanların rahatlığını pozmayın, nə olar!