cavid-ziya

Ziya Məmmədov Cavid Qurbanova xəbərdarlıq etdi

Nəqliyyat naziri «Azəryolservis»in şefi barədə sərt danışdı

Nəqliyyat Nazirliyində avtomobil yollarının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı müşavirə keçirilib. Nəqliyyat Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir ki, müşavirəyə sədrlik edən nəqliyyat naziri Ziya Məmmədov yüksək səviyyəli avtomobil yollarının mövcudluğunun iqtisadi inkişafı şərtləndirən amillərdən biri olduğunu qeyd edib. O, avtomobil yollarının və körpülərin saxlanması, təmiri, bərpası, yenidən qurulması ilə bağlı görülən işləri ümumilikdə müsbət qiymətləndirsə də bu sahədə mövcud olan nöqsan və çatışmazlıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Ziya Məmmədov işlərin keyfiyyətinə və vaxtında icra olunmasına təsir göstərən, eləcə də istismara verilən obyektlərin vaxtından tez sıradan çıxmasına səbəb olan amillərdən narahatlığını bildirib. Nazir yol layihələrinin icrasına kifayət qədər maliyyə vəsaitinin ayrılmasına baxmayaraq, onların yerinə yetirilməsində gecikmələrə yol verildiyini, ağır çəkili və normadan artıq yüklənmiş yük avtonəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasına qarşı təsirli tədbirlərin görülməməsini, layihələrdə iştirak edən çoxsaylı podrat və subpodrat təşkilatlarının mövcudluğunu və bunların fəaliyyətinə lazımi nəzarətin olmaması tapşırığını verib. Həmçinin nazir Yol-Istismar Idarələri tərəfindən xidmət göstərdikləri sahələrdə yolların saxlanılmasının qeyri-qənaətbəxş vəziyyətini, bir sıra hallarda icra intizamının aşağı səviyyədə olmasını bir daha diqqətə çatdırıb və bu sahədə ciddi tədbirlər görülməsi ilə bağlı da müvafiq tapşırıqlar verib. Nəqliyyat naziri qeyd edib ki, ümumi istifadədə olan avtomobil yollarının mühafizə zolağında, bəzənsə bilavasitə yolların kənarındakı qanunsuz obyektlərin kənarlaşdırılması işləri zəif aparılır: “Yolların hərəkət hissəsində kənar təşkilatlar tərəfindən qazılma halları mövcuddur və bu bilavasitə ”Azəryolservis” ASC-nin Yolların Mühafizə Xidməti Idarəsinin zəif fəaliyyətinin nəticəsidir”.
Ziya Məmmədov avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması üzrə Nəqliyyat Nazirliyinə həvalə olunmuş işlərin icrası ilə bağlı ciddi xəbərdarlıq edib və aidiyyati qurumlara müvafiq tapşırıqlar verib.
Göründüyü kimi Ziya Məmmədovun çıxışı büsbütün “Azəryolservis”in tənqidinə həsr olunub. Bu qurumun rəhbəri Cavid Qurbanovdur. Cavid Qurbanov nəqliyyat nazirinin sağ əli hesab edilirdi. Lakin son vaxtlar onların münasibətlərində gərginlik yarandığı bildirilir. Bəzi məlumatlara görə, bu gərginliyin əsas səbəbi Cavid Qurbanovun “Azəryolservis”i müstəqil quruma çevirmək niyyətidir.