Generallar arasında nə baş verir?

Təkrar tibbi komissiya nədən xəbər verir?

Azad Isazadə: «Ola bilər ki, Müdafiə Nazirliyi digər quruma tam arxayın deyil və nəzarəti özü həyata keçirmək istəyir»

 

Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti tibbi komissiyalar tərəfindən təkrarən yoxlanılacaq. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti Silahlı Qüvvələrin birliklərində, Əlahiddə Ümumqoşun Ordusu və Bakı qarnizonu üzrə toplanış məntəqəsində yaradılmış tibbi komissiyalarında təkrarən yoxlanışdan keçiriləcək.

Xəstəlik aşkar edilən çağırışçılar geri qaytarılacaq. Bəzi ehtimallara görə, Zakir Həsənova əsgərliyə aparılanlar arasında hərbi xidmətə yararsızların da olduğu barədə faktlar təqdim edilib… Ehtimal olunur ki, Zakir Həsənov yenidən çağırış sahəsinin Müdafiə Nazirliyinin tabeliyinə verilməsini istəyir. Bu baxımdan da Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin fəaliyyətinə kölgə salan addımlar atır. Əgər yoxlamalar zamanı hərbi xidmətə yararsız olanların da əsgərliyə aparıldığı üzə çıxsa, bu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rəhbərliyinə böyük zərbə olacaq.

Ümumiyyətlə, təkrar tibbi komissiyadan keçmək lazımdırmı?

Hərbi ekspert Azad Isazadə hesab edir ki, məqsəd həqiqətən də hərbçilərin sağlamlığına diqqətin artırılmasıdırsa, bu addımı müsbət qiymətləndirmək olar. Ancaq bu məsələdə başqa ehtimallar da mümkündür: “Bu dəyişiklikdə məqsəd hərbi çağırışları Müdafiə Nazirliyinin tabeliyinə keçirmək ola bilər. Ancaq bunu indi dəqiq demək və proqnoz vermək düzgün olmazdı. Ancaq hərbi komissarlıqda tibbi komissiyadan keçmiş gənclərin, məsələn, milli ordu sıralarında təkrar komissiyadan keçməsi normal haldır. Çünki müxtəlif hərbi hissələrdə xidmət keçmək üçün müxtəlif normativlər var. Yəni adamları təkrar tibbi komissiyadan keçirərək, hansı adamın cəbhə bölgəsində, hansı adamın xüsusi təyinatlı qüvvələrdə xidmət edə biləcəyi müəyyən edilir. Ancaq ola bilər ki, bu prosedur Hərbi Xidmətə Çağırış idarəsinin fəaliyyətinin faydasız olduğunu göstərmək üçündür. Əgər məqsəd əsgərlərin sağlamlığını obyektiv yoxlamaqdırsa, bu, müsbət qarşılanmalıdır. Ola bilər ki, Müdafiə Nazirliyi digər quruma tam arxayın deyil və birbaşa nəzarəti özü həyata keçirmək istəyir”.

Səslənən fikirlərlə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqə saxlasaq da suallarımıza cavab ala bilmədik.

Hikmət