Iqtidar mediası Milli Şuraya qarşı kampaniyaya qoşuldu
Prezident Administrasiyasından (PA) hakimiyyətin nəzarətində olan media orqanlarına Milli Şura ətrafında baş verənləri geniş işıqlandırmaq tapşırığı verilib.
Bu barədə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, bazar ertəsi iqtidar KIV-ləri üçün PA-da keçirilən ənənəvi planlaşdırmada onlara bildirilib ki, Milli Şuranın parçalandığı rəyi yaratmaq, qurumda təmsil olunan qüvvələri gözdən salmaq üçün bütün potensialları işə salmaladırlar. Tapşırığa görə, hakimiyyətin nəzarətində olan media orqanları bu məsələdə Milli Şuranın əleyhinə danışan müxalifətçilərdən yararlanmalıdırlar. Yəni, onlardan Milli Şuranın əleyhinə açıqlamalar alınmalıdır. Prezident Administrasiyasından həmçinin tapşırılıb ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Milli Şuraya qarşı başlatdığı kampaniyada ona dəstək verilməlidir.
Bu tapşırığın icrasına artıq dünən günün ikinci yarısından start verilib. Yəni, iqtidar mediası Milli Şuraya qarşı kampaniyaya aktiv dəstək verməyə başlayıb.