aliyev-kerimli2

İlham Əliyev Qəzzafinin yolunu gedir

Əli Kərimli faktoru hakimiyyəti dəli edib

 

Martın 31-də 50-yə yaxın adam AXCP sədri Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirib. Əllərində “Əli Kərimli + radikal islamçılar = xaos” və s. plakatlar tutan gənclər AXCP sədri əleyhinə şüarlar səsləndiriblər. Onlar həmçinin, “Yaşasın Ilham Əliyev!”, “Yeganə prezidentimiz, yeganə liderimiz Ilham Əliyevdir” və hakim YAP-ı dəstəkləyən şüarlar səsləndiriblər.

Tələbələri siyasi alət kimi istifadə edirlər

YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva (bu xanım parlament seçkisində Qənimət Zahidin alternativi idi) və Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Ittifaqı komitəsinin sədri Daşqın Qənbərov da aksiyada olublar. BDU, Slavyan, ADNA tələbələrindən bəziləri müxbirlərə etiraf ediblər ki, onları zorla bura gətiriblər. Bəzi tələbələrə aksiyadakı canfəşanlığa görə imtahanlarda güzəşt vəd olunub. Ölkədəki telekanalların hamısı axşam buraxılışlarında AXCP sədrinə qarşı aksiyanı birtərəfli işıqlandırıb.

Baş verənlərə AXCP sədri Əli Kərimli “qafqazinfo” saytında münasibət bildirib. O deyib ki, evinin qarşısında aksiya keçirmək Azərbaycanın nə milli mentalitetinə, nə mənəviyyatına, nə də əxlaqına yaraşan hərəkətdir: “Azərbaycanda 17-18 ildə belə hadisə olmayıb. Indi ən pisinə əl atıblar. Əvvəllər özlərinə rəva görmədikləri səviyyəsizliyi indi edirlər”.

Əli Kərimli: “Səviyyəsiz aksiyalar bizi yolumuzdan döndərməyəcək”

Ə.Kərimli bildirib ki, bu, ilk növbədə onun göstəricisidir ki, hakimiyyət son proseslərdən çox narahatdır:

“Əsas diqqəti buna cəlb etmək istəyirəm. Baxın, keçən il Müsavatla bir yerdə 10 aksiyamız olub. Ondan əvvəl də bizim müxtəlif formada mitinqlərimiz, etirazlarımız olub. Amma nə zaman bu həddə qədər isterika artmışdı? Deməli, hökumət heç vaxt indiki qədər narahat olmayıb, öz hakimiyyətini indiki qədər kövrək saymayıb. Indiki qədər təlaş keçirib absurda qədəm qoymayıb. Bunun hamısı onun göstəricisidir ki, hakimiyyət təlaş içindədir, haradasa başını itirib. Isterik reaksiyalar verir, absurd hərəkətlər edir. Burda bir şey də diqqəti cəlb edir ki, hökumət istəyir ki, bizim apardığımız dinc mübarizəni məcrasından çıxarsın, zorakılıq, qarşıdurma müstəvisinə keçirsin. Bu tədbir zamanı iclasda idim. Xəbər tutan kimi partiyanın müvafiq strukturlarına tapşırıq verdim ki, heç bir əks-tədbir görülməsin. Bilirsiniz, 2005-ci ildə bizim ofisimizin qarşısında tədbir keçirdilər. O zaman bizim də sərt reaksiyalarımız olurdu. Azərbaycan mətbuatı bunu bilir. Amma mən diqqətin 2 aprel aksiyasından yayınmaması üçün və 2 aprel ərəfəsi qarşıdurmaya zəmin yaranmasın deyə göstəriş verdim ki, heç bir əks-aksiya təşkil olunmasın. Dözümlü şəkildə bu tərbiyəsizliyi də yola verdik. Mesajımızı da Azərbaycan hökumətinə çatdırdıq ki, belə səviyyəsiz aksiyalarla bizi yolumuzdan döndərmək olmaz. Belə səviyyəsiz aksiyalarla nə cəmiyyətin Əli Kərimliyə etimadını sarsıtmaq, nə də Ilham Əliyevin artıq laxlamış reputasiyasını bərpa etmək olar”.

AXCP sədri bildirib ki, cılız aksiya ilə hakimiyyət heç nəyə nail ola bilməyəcək: “Ictimai Palatanın Koordinasiya şurasının üzvü olaraq biz hamımız birlikdə dinc etirazlar təşkil etmək niyyətindəyik. Belə hərəkətlər bizi bu yolda yarımçıq qoya bilməz. Biz bəri başdan bəyan edirik ki, bizim belə etiraz aksiyalarımız davam edəcək”.

İctimai Palata məsuliyyəti İlham Əliyevin üzərinə qoydu

Ictimai Palatanın Koordinasiya Şurası da ötən gün Əli Kərimliyə qarşı baş verənləri növbəti təxribat kimi qiymətləndirərək sərt bəyanatla reaksiya verib:

“Ictimai Palata bəyan edir ki, bu hadisə Azərbaycan rəhbərliyinin göstərişi ilə hazırlanmış məsuliyyətsiz təxribatdır. Ictimai Palata bunu hakimiyyətin Azərbaycanda özünə qarşı vüsət alan ümumxalq etirazı fonunda aprelin 2-nə təyin olunmuş mitinqlə əlaqədar keçirdiyi qorxu və xofun təzahürü sayır.
Ictimai Palata bəyan edir ki, Azərbaycan hakimiyyəti bir müxalifət liderinin evini hədəf almaq kimi hətta ən avtoritar rejimlərin də istifadə etmədiyi avantüraya əl atmaqla faktiki olaraq bu gün dünyanın təcridi və təzyiqi ilə üz-üzə qalan Liviya diktatoru Qəzzafinin yolunu gedir.

Ictimai Palata AXCP lideri Əli Kərimliyə tam dəstək verdiyini, ona qarşı təxribatları bütövlükdə demokratik qüvvələrə yönəlmiş addımlar kimi qarşıladığını bəyan edir və hakimiyyəti indiki həssas dönəmdə məsuliyyətini dərk etməyə, ölkədə prosesləri siyasi müstəvidən çıxarmaq və vətəndaş qarşıdurması yaratmaq siyasətindən əl çəkməyə çağırır.

Palata ölkə başçısı Ilham Əliyevin diqqətinə çatdırır ki, baş verənlər bilavasitə onun mövqeyinə zərbə vuran hərəkətlərdir və o, dərhal reaksiya verərək proseslərin sivil siyasi münasibətlər çərçivəsində inkişafını təmin etməlidir. Əks təqdirdə Azərbaycan ictimaiyyəti siyasi müxalifətə qarşı qanunsuz və təxribat xarakterli əməllərin arxasında şəxsən onun özünün dayandığı qənaətində möhkəmlənəcək.

Ictimai Palata bəyan edir ki, bu cür təxribatçı addımlarla ölkədə yarana biləcək istənilən xoşagəlməz vəziyyətə görə məsuliyyət bilavasitə Azərbaycanın siyasi rəhbərliyinin və şəxsən ölkə başçısı Ilham Əliyevin üzərində qalacaq.
Ictimai Palata həmçinin, hakimiyyəti xəbərdar edir ki, müasir dövrün şərtlərinə uyğun olmayan bu cür hərəkətlərlə Azərbaycanın demokratiyaya doğru inkişafının qarşısını ala bilməyəcək.

Palata belə təxribatlarla 2 aprel mitinqinin, eləcə də sonrakı etiraz aksiyalarının mahiyyətini dəyişməyin mümkün olmayacağını, dinc, sivil nümayişlərin davamlı şəkildə həyata keçiriləcəyini bildirir”.

Əli Kərimliyə cəmiyyətdən birmənalı dəstək

YAP-ın səviyyəsiz aksiyası dünən sosial şəbəkələrdə hakimiyyətin özünə qarşı yönələn ciddi hadisəyə çevrildi. Facebook, Twitter kimi şəbəkələrdə yazılan qeyd və statuslarda AXCP sədrinə birmənalı dəstək ifadə olundu, hakimiyyətin siyasi opponentlərinə etika və qanundan kənar davranışı kəskin üslubla yamanlandı. Bir çox istifadəçilər AXCP sədrinə dəstək kimi profil fotolarını Əli Kərimlinin şəkli ilə əvəzlədilər.

İlham Əliyev və Əhmədinejat

Azərbaycanın ciddi müxalifət lideri Əli Kərimliyə qarşı analoji addımı iki ay əvvəl diktator Əhmədinejat Iranda etmişdi. O da rəqibi, yaşıllar hərəkatının lideri Məhəmməd Musəvinin evi önünə tərəfdarlarını yollayıb, aksiya keçirtmişdi. Göründüyü kimi, Ilham Əliyev məşhur məsəldə deyildiyi kimi, “gözü çıxan qardaşlarından” da ibrət almayaraq öz tiran obrazını genişləndirərək sonuna doğru sürətlə irəliləyir.

Natiq Güləhmədoğlu