Aydın Bəşirova cinayət işi açıla bilər

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisinin başı dərddə

“Xəzər Dəniz Gəmiçiliyində ikinci sənədləşmə ilə talanan büdcə oğurluğunun istintaqı birbaşa Prezident İlham Əliyevin nəzarəti altındadır”.

Bunu Azərbaycan Xəzər Gəmiçiliyi QSC-dən “Axar.az”a bildiriblər. Qeyd olunur ki, “Bakı” gəmisinin o vaxtkı kapitanı İsmayıl Nəbiyev, “Aşıq Ələsgər” gəmisinin kapitanı Sabutay Veyisov və digər 8 kapitanın istintaqa verdikləri ifadədə ikinci sənədləşmədən xəbərsiz olduqlarını bildiriblər. Həmçinin ifadə alınarkən kapitanların dənizçi pasportlarının və xarici pasportlarının surəti də götürülüb.  

Məlumatda bildirilir ki, araşdırma nəticəsində 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən 5.000 tonluq quru yük gəmisinin kapitanlarının və gəmilərin Azərbaycan sərhədini keçmədiyi məlum olub.  

Azərbaycan Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsinin müstəntiqi Elnur Qurbanov “Axar.az”a verdiyi açıqlamasında kapitanların istintaqa deyil, ifadə verməyə cəlb edildiyini bildirdi. Onun sözlərinə görə, rəsmi Bakı Qazaxıstan tərəfinin göndərdiyi sorğuya cavab hazırlayır: “Qazaxıstan bizdən bu yükün hansı firmaya gətirildiyini soruşub. Onu da bildirim ki, ilkin sənədlərdə bu metal qırıntılarının “Baku Stil Kompani”yə gətirildiyi aşkarlanıb”.  

Xatırladaq ki, 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən Kişinyov tipli 5 min tonluq quru yük götürmə qabiliyyəti olan “Bakı”, “Mikayıl Müşfiq”, “Cəfər Cabbarlı” və sair gəmilər ikinci sənədləşmə ilə bu yükləri guya Yunanıstana aparılması rəsmiləşdirilib. Sənədləşmədə “Yunanıstana gedən” quru yük gəmilərinin başqa dövlətlərin sərhədini keçmək üçün gömrük haqqı, Volqa-Don kanalından Qara dənizə adlayarkən keçilən 18 ədəd şülüzun pulu, yanacaq məsrəfi və xarici sularda üzdüklərinə görə gəmi heyətinə əlavə olaraq valyuta ödənişi və digər xərclər yazılıb və bu yalançı sənədləşmə nəticəsində külli miqdarda vəsait mənimsənilib.   Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamalar zamanı hər gəmi üçün 300 min manat, ümumilikdə 6 gəminin “yol məsrəflərinə” 1,8 milyon manat silindiyi üzə çıxıb.