Üçüncü dünya ölkələrində tənqidin sərhədləri bəllidir. Elə dozası da. Burada o mövzularda tənqidə icazə verilir ictimai və ya siyasi əhəmiyyətliliyi azdır, həlledici deyil, ümumidir, daha çox təyinatsız, mücərrəd xarakter daşıyır. Əks halda həbs düşərgələrinin qapısı sonunadək üzünüzə açıqdır.
Əslində bu cür tənqid – heç tənqid də deyil. Bu həmin ölkələrin “analoqsuz inkişafı”na dair yalançı görüntünü, təbliğatı insanların alt şüurunda daha da qüvvətləndirmək vasitəsidir. Daha ciddi, ağrılı, taleyüklü problemləri gizlətmək, arxa plana keçirmək üçün bir fənddir.
Azərbaycanda da icazəli, razılaşdırılmış tənqidin öz sərhədləri, ən əsası isə özünəməxsus mövzuları var. Bura toylarda səs-küyün yüksək olmasından yas yerlərində banan verilməsinə, gündüz küçələrdə işıqların yandırılaraq israfçılığa yol verilməsindən kanalizasiya lyuklarının ağzının açıq olmasınadək xeyli gülməli söhbət daxildir. Kənardan adama elə gəlir ki, ölkənin hər yarağı düzəlib, Azərbaycanın çağdaş, yüksələn, gəlişən, modernləşən, azad, tərəqqipərvər dünyanın bir parçasına çevrilən ölkə olmasını əngəlləyən hər dərdə dərman edilib, hər problem həllini tapılıb, bircə qalıb telekanallarda yağlı yeməkləri təbliğ edən verilişlərin göstərilməsi, avtomobillərə “plyonka”lar vurulması.
Ilham Əliyev hökumətin son iclasında “razılaşdırılmış tənqid” həvəskarları üçün yeni mövzu ortaya atdı. Ekologiyanı korlayan avtomobilləri sərt tənqid etdi, onların ölkəyə buraxılmamasını tapşırdı. Yəqin indi rejim mediası bu dəhşətli dərəcədə ağır, taleyüklü problem barədə palaz-palaz yazılar çap edir, verilişlər hazırlayırlar. Axı bizim kimi ölkələrdə “razılaşdırılmış tənqid”in bir özəlliyi də onun ilk dəfə birinci şəxsin dilindən səslənməsi, sonra isə mövzu ətrafında süni ajiotaj, şou yaradılmasıdır.
Əlbəttə, ilk baxışda demək olar ki, əgər hansısa yapçı çıxıb hansısa yüzüncü dərəcəli problemdən danışırsa, buna da şükür, yoxsa həmin yapçı hətta həmin problemi də inkar etsə, neyləyərdik? Yanlış yanaşmadır. Bu qədərini hətta yapçılar da heç vaxt bilməzlər. Çünki belədə ötən əsrin ən despotik quruluşlarını belə vurub-keçəcəklərinin və daha gülməli görünəcəklərinin fərqindədirlər. Həm də əsas problemləri sonuncu dərəcəli məsələlərin arxasında gizlətmək lazım gəlir. Bəli, elə etmək lazımdır ki, hüququn yox edilməsi, korrupsiya, milli iradənin çeynənməsi, yalan və yaltaqlıq kimi toplum mənəviyyatını öldürücü yaralayan dərdlər, bəlalar gözdən, gündəmdən qıraqda qalsın, insanların arasında müzakirə, dartışma mövzusu olmasın. Məsələn, avtomobillərin şüşələrinə vurulan “plyonka”dan danışmaq ona görə lazımdır ki, kütlənin ağlına büdcənin üzərinə çəkilən sirr pərdəsi, o sirr pərdəsinin arxasındakı talan, soyğun haqqında danışmaq gəlməsin.
“Razılaşdırılmış tənqid”in zəif nöqtələri isə hədsiz çoxdur. Belə tənqidlər ən ötəri replikaya belə, dözmür. Tutaq ki, yağlı yeməkləri təbliğ edən verilişləri tənqid edirlər, o zaman sual yaranır: bəs niyə efirdən hafizlərin, araz əlizadələrin, etibar hüseynovların ağzı ilə müxalifətə yağlı söyüşlər yağdırmaq olar? Yağlı söyüşlər olar, yağlı yeməklər olmaz? Bununla da məsələ bitir, söhbət qapanır.
Unudulmamalıdır ki, üçüncü dünya ölkələrində icazə verilən, razılaşdırılan, məqbul sayılan “tənqidi” mövzular əslində həmin ölkələrin pis, yanlış, çağdışı idarəetməsinin məhsuludur. Bu cür idarəetmələrin öz ölkələrini cəhalətə, geriçiliyə, keçmişə gömməyə çalışmalarının nəticəsidir.
Ona görə də onların ölkələrinin acı, ağrılı gerçəkliklərini həmin mövzularla sınırlandırmağa çalışması toplumun passionar, geniş düşünən kəsimində tamam fərqli effekt, reaksiya yaradır. Məsələn, korrupsiyanın, talançılığın ölkəni bürüyən pis, üfunətli qoxusundan danışmağı yasaq edib hansısa şəhərdə kanalizasiya lyuklarının ağzının açıq olmasını “əsas problem” kimi göstərməyə çalışanda adam az qalır desin:
Insanları səsini çıxarmağa, ağzını açmağa qoymursunuz, barı imkan verin kanalizasiya lyuklarının ağzı açıq qalsın. Onsuz da ora düşməyin artıq heç bir təhlükəsi yoxdur, necə deyərlər, islanmışın yağışdan nə qorxusu?!