«Azərbaycanda qələbənin formulu birgə mübarizədən keçir»

“Milli Şuraya qarşı hücumlar təsadüfi deyil, iqtidar demokratik qüvvələrin birliyindən qorxur”

Vidadi Mirkamal: «Təkliflərin qəbulunu şərt kimi qoysaydım, gərək mən çoxdan təşkilatı tərk edərdim»

«İlham Əliyev hazırkı ətrafı ilə korrupsiyaya qarşı mübarizə aparmaq iqtidarında deyil»

Milli Şurada baş verənlər mətbuatın əsas müzakirə mövzularından birincisi olaraq qalmaqdadır. Təşkilatın bu həftə nəzərdə tutulan sessiyasında açıq qalan bir çox suallara aydınlıq gətiriləcəyi gözlənilir. Bu arada Milli Şurada baş verənlərin fonunda təşkilat üzvlərinin əksəriyyəti mətbuata açıqlamalarında demokratik qüvvələrin birliyinin bundan sonra da yoluna davam etməsini istədiklərini və bu istiqamətdə gərəkən addımları atmağa qərarlı olduqlarını bəyan ediblər. Müsahibimiz Milli Şuranın Hüquq Komissiyasının rəhbəri Vidadi Mirkamala ilk sualımız təmsil olunduğu təşkilatın gələcəyini necə görməsiylə bağlı oldu:

– Milli Şura Azərbaycan demokratik düşərgəsinin son iyirmi ildə əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Ona görə də Milli Şuraya qarşı iqtidar tərəfindən təşkil olunmuş hücumlar təsadüfi deyil. Bu bir daha sübut edir ki, demokratik qüvvələrin bu birliyindən qorxurlar. Ona görə düşünürəm ki, Milli Şura tərkibindəki istefalara hazırda bir o qədər də böyük önəm vermək lazım deyil. Eyni zamanda baş verənləri dedi-qodu, qeybət obyektinə də çevirmək lazım deyil. Çünki kənardan baş verənlər demokratik düşərgəyə başucalığı gətirmir. Biz dəfələrlə xalqın nəyə görə baş verənlərdə passiv mövqe sərgiləməsindən gileylənirik. Amma onu da nəzərə almaq lazımdır ki, dünən bir yerdə olan insanların bu gün bir-birinə ittiham yağdırması insanları mübarizədən çəkindirir. Ona görə düşünürəm ki, bütün bunları kənara qoyaraq, yerdə qalan qüvvələri bir yerə toparlamaqla yeni qüvvələrin cəlb edilməsinə diqqət yetirilməlidir. Ziyalılar təbəqəsinin daha aktiv formada prosesə cəlb edilməsinə fikir verilməlidir. Yeni gənclər təşkilatlarının nümayəndələri Milli Şurada təmsil olunurlar. Bütün bu qüvvələri bir araya gətirərək Milli Şuranı effektiv idarə olunan bir orqana çevirmək lazımdır. Amma heç kimə demək olmaz ki, sən bu təşkilatı tərk etmə. Son iyirmi il ərzində xeyli birliklər yaranıb. Bu birliklərdə kimi saxlamaq mümkün olub? O şəxslər, qurumlar ki, təşkilatı tərk etməyi qət ediblər, onlar onsuz da gedəcəklər. Bu təşkilatların dalınca düşmək lazım deyil. Amma gedənin yerini doldurmaq üçün mütləq güclü təşkilati iş aparılmalıdır. Növbəti sessiyada təşkilatın idarəetmə orqanlarının yaradılması ilə bağlı qəti qərarlar verilməlidir. Eyni zamanda yeni üzvlərin qəbuluna diqqət yetirilməlidir. Kimin haqlı olduğunu isə gələcək proseslər göstərəcək.

“Milli Şura hədəflərinə hələ çatmayıb”

– Belə fikirlər də var ki, Milli Şura prezident seçkisinə hesablanan bir birlik idi və seçki prosesi də arxada qaldığından artıq onun mövcudluğuna ehtiyac yoxdur. Bu yanaşma nə dərəcədə haqlıdır?
– Milli Şura hələ nə edib ki? Milli Şura tam formalaşmadan prezident seçkilərinə qatıldı. Daha sonra isə Milli Şurada hazırkı təlatümlər cərəyan etməyə başladı. Milli Şuranın bəyannaməsinə diqqət yetirsək, görərik ki, orada təşkilatın avtoritarizmdən demokratiyaya keçidi qarşısına məqsəd qoyduğu qeyd olunub. Eyni zamanda hüquqi dövlətin yaradılması, müxalifətin bir araya gəlməsi təşkilatın hədəflərindən biri kimi göstərilib. Bu məqsədlərdən hansı yerinə yetirilib ki, Milli Şuranın işini başa vurduğunu hesab etmək mümkün olsun. Milli Şura seçkilərə qatılaraq əvvəlki illərdən fərqli olaraq beynəlxalq aləmi inandıra bildi ki, ölkədə saxta seçkilər keçirilib. Milli Şuranın ən böyük nailiyyəti budur. Milli Şuranın qarşısında duran vəzifələr demokratik düşərgənin ölkədə yerinə yetirməli vəzifələrdir. Kimlər demokratik düşərgənin görməli işləri ayrıca reallaşdırmaq istəyir, buyursunlar. Görək bu ayrıca yol həmin insanları hara aparıb çıxaracaq.

– Mətbuatda Milli Şuraya qarşı səslənən fikirlərdən biri də bundan ibarətdir ki, təşkilat bir partiyanın nəzarəti altına keçib. Həqiqətənmi belədir?
– Ola bilsin ki, Milli Şurada bir neçə böyük partiya olsun. Amma partiya üzvlərindən başqa Milli Şurada xeyli sayda ziyalı, gənclər təşkilatlarının üzvləri var. Axı partiyalar mənim qərarıma necə təsir edə bilər. Əgər mən qərarırımı artıq vermişəmsə və onda israrlıyamsa, ona necə təsir etmək olar? Bəhanə axtarmağa qalsa, xeyli bəhanə tapmaq olar. Əgər biz ideal bir qurum axtarırıqsa, belə bir qurumu hələ iyirmi ilə yaxındır ki, tapa bilməyiblər. Ictimai Palata, Milli Şura ilə bağlı təcrübə göstərdi ki, biz kompromisə gəlib müəyyən variantlar üzərində işləməliyik. Kiminsə kompromisə həvəsi var, təşkilatda işləyəcək. Yox kim kompromisə meyilli deyilsə, müxtəlif bəhanələrlə təşkilatı tərk edəcək.

“Müsavat istədiyi qərarı təşkilatda müzakirədən keçirə bilib”

– Müsavat funksionerləri mətbuatda açıqlamalarında bildirirlər ki, seçkidən sonra partiyaları tərəfindən Milli Şurada dörd təklif irəli sürülüb. Onlardan ikisi qəbul olunsa da, ikisi qəbul olunmayıb. Bu da Müsavatın Milli Şuradan ayrılmasının səbəblərindən biridir. Bu arqumenti nə dərəcədə tutarlı saymaq olar?
– Üç-dörd ay ərzində mətbuata diqqət yetirin. Diqqət yetirin, mən bu müddət ərzində Milli Şurada neçə təklif irəli sürmüşəm, Müsavat neçə təkliflə çıxış edib. Mən bu təklifləri Milli Şuranı istəyərəkdən müzakirəyə təqdim etmişəm. Yoxsa əgər təkliflərin qəbulunu şərt kimi qoysaydım, gərək mən çoxdan təşkilatı tərk edərdim. Milli Şuranın tərkibində Müsavat Partiyası aparıcı təşkilatdan biri olub. Müsavat Partiyası istədiyi qərarı təşkilatda müzakirədən keçirə bilib. Əslində son zamanlar təşkilatın sessiyalarının keçirilməməsində Müsavatın da rolu var. Çünki Müsavat konsensusa gəlmədiyindən sessiyalar çağrılmayıb, təşkilatlanma ilə bağlı addımlar atılmayıb. Yəni mən o şərtlərin yerinə yetirilməməsini bəhanə kimi qəbul edirəm. Düşünürəm ki, əgər bir partiya olaraq Müsavat istəsəydi, təkliflərini Milli Şura daxilində reallaşdıra bilərdi. Müsavat Partiyasında mənim xeyli dostum var. Mən bu diskusiyanı bir partiya olaraq Müsavatın öz öhdəsinə buraxmağın tərəfdarıyam. Müsavat Partiyası o təşkilatlardandır ki, onun üzvləri rəhbərlərinin fikirlərini müzakirə edib, düzgün qərar vermək iqtidarında olan adamlardır.

“Rusiyanın proyekti Milli Şura yox, İlham Əliyevdir”

– Müsavat Partiyasına yaxın mətbuat yenidən Milli Şuranı hakimiyyətin layihəsi kimi təqdim olunma tezisini gündəmə gətirib?
– Milli Şura yaranandan deyirlər ki, bu təşkilat Rusiyanın proyektidir. Amma ortaya da Rusiya hələ çıxmayıb. Yəni bu mənada bu tezis tənqidə dözümlü deyil. Şəxs olaraq, təşkilatlar olaraq bizi hamı yaxşı tanıyır və bizə heç kim rusiyameyilli deyə bilməz. Ortaya bir fakt qoyulsun görək, Rusiya Milli Şura ilə bağlı nələr edib? Reallıq göstərdi ki, Rusiyanın ən böyük proyekti Ilham Əliyevdir. Rusiya prezidenti seçkidən əvvəl Azərbaycana səfər etdi, Ilham Əliyevin saxta yolla seçilməsinə demokratik donu birinci elə MDB müşahidəçiləri geyindirdilər.

– Milli Şuranın mövcudluğuna qarşı bir arqument də bundan ibarətdir ki, 2013-cü ildə yaranan birlik seçkilərdə nəticə vermədiyindən, onun mövcudiyyətinin davam etdirilməsinə lüzum yoxdur. Ona görə də Müsavat hakimiyyətə qarşı təkbaşına mübarizə aparmaq niyyətindədir. Demokratik düşərgənin geniş koalisiyası hakimiyyətlə mübarizədə nəticə vermədiyi halda, təkbaşına mübarizə necə nəticə verə bilər?
– Mən üç il müddətində Ictimai Palatada regional təşkilatlarlarla iş üzrə komissiyanın sədri olmuşam. Mən təşkilatın yerlərdə nə qədər üzvünün olduğunu, yerlərdə nə qədər iş görə biləcəyini gözəl bilirəm. Ona görə mən də düşünürəm ki, Azərbaycanda elə bir qüvvə yoxdur ki, hakimiyyət uğrunda təkbaşına mübarizə aparsın. Azərbaycanda qələbənin formulu birlikdən keçir. Uğurlu birlik üçün həm partiyaların, həm ziyalıların, həm də gənclərin bir araya gəlməsi gərəkdir. Prezident seçkiləri göstərdi ki, mübarizədə hər hansı bir partiya dominantlıq edə bilməz. Mübarizədə uğur üçün cəmiyyətin toparlanması gərəkdir.

– Milli Şuraya daxil olan bir sıra siyasi qüvvələr də belə fikirlər səsləndirirlər ki, onlar da təşkilatdakı fəaliyyətlərini dayandıra bilərlər. Həmin siyasi qüvvələrə bir ziyalı olaraq sözünüz nədir?
– Milli Şuradakı fəaliyyəti ilə bağlı müzakirələr aparacağını bəyan edən siyasi qüvvələrin müəyyən niyyətləri var ki, onlar belə mövqedən çıxış edirlər. Milli Şura kimi geniş spektrli təşkilatlarda hər hansı siyasi qüvvələrin şərt qoyması, onu müzakirəyə çıxarması bəhanədən başqa bir şey deyil. Bu, mübarizədən yayınmağın bəhanəsidir. Hansı qüvvələr ki, Milli Şurada şərt irəli sürməyəcək həmin  qüvvələrlə işləyərək, Milli Şura ideyasını dirçəltmək lazımdır. Tövsiyəm bundan ibarətdir.

“Sistem dəyişməyincə korrupsiya və rüşvət olacaq”

– Ilham Əliyev Nazirlər Kabinetinin toplantısında növbəti dəfə ölkədə korrupsiyaya qarşı mübarizə aparacağını, həddini aşan məmurların cəzalandırılacağını bəyan edib. Amma bundan əvvəl atılan “anti-korrupsiya” addımları bir nəticə verməyib…
– Azərbaycanda korrupsiya və rüşvət şəbəkə hallındadır. Bu iqtidarın ən sevdiyi ifadə budur ki, dünyanın hər yerində korrupsiya və rüşvət var. Amma hansı cəmiyyətdə ki korrupsiya yuxarıdan aşağıya doğru gedir, orada rüşvət və korrupsiyadan azad olmağın yolu həmin sistemin dəyişməsindən keçir. Ilham Əliyev və onun komandası korrupsiyaya boğazına qədər batmış sistemdir. Ilham Əliyev hazırkı ətrafı ilə korrupsiyaya qarşı mübarizə aparmaq iqtidarında deyil. Beynəlxalq təşkilatlar hakimiyyətdən korrupsiyaya qarşı mübarizə tələb edir.

– Ilham Əliyev eyni iclasda prezident seçkilərinə də toxunub. O, xalqa boş-boş vədlərə deyil, real siyasətə səs verdiyi üçün təşəkkür edib…
– Dünya birliyi açıq gördü ki, Ilham Əliyevin “seçilməsi” hansı biabırçılıqlar, total saxtakarlıq hesabına başa gəldi. MSK-nın səslərin sayılmasında seçki cinayətlərinə yol verilməsi nəticəsində Ilham Əliyev prezident oldu. Ilham Əliyev bundan artıq nə deməlidir? Xalq Ilham Əliyevin seçki cinayətində rol almayıb. Səsvermə hüququ olan səksən faiz əhali seçkidə iştirak etməyib. Ilham Əliyev seçkiyə gəlməyənlərin prezidentidir. Seçkiyə gələnlərin isə 60-70 faizi Cəmil Həsənliyə səs vermişdi.

– Maraqlıdır ki, seçki saxtakarlığını ifşa edən Anar Məmmədliyə qarşı irəli sürülən qondarma ittiham vergidən yayınmadır. Amma daha iri məbləğli korrupsiyaya yol verənlər məsuliyyətə cəlb olunmur. Məsələn, 2013-cü ilin sonu məlum oldu ki, Azərbaycanla Gürcüstan gömrüyündə 500 milyonluq mənimsəməyə yol verilib. Amma buna görə heç kim məsuliyyətə cəlb olunmayıb…
– Anar Məmmədli haqqında cinayət işinin qaldırılması böyük biabırçılıqdır. Hamı gözəl anlayır ki, burada söhbət Anar Məmmədlinin seçkilərə verdiyi rəyə görə təqib olunmasından gedir. Çünki Anar Məmmədlinin rəhbərlik etdiyi təşkilatın seçkilərə verdiyi rəy ilə ATƏT-in rəyi üst-üstə düşür. Əlbəttə ki, hakimiyyət bunu belə buraxa bilməzdi. Ona görə Anar Məmmədlidən saxta seçkilərin qisası alınıb.

Xəyal