Müsavat Partiyasının Milli Şuradan getməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Tanınmış ictimai-siyasi xadimlər Müsavatın bu addımından təəssüfləndiklərini bildirdilər və bunu demokratik düşərgəyə zərbə kimi qiymətləndirdilər.
Tanınmış vəkil Aslan İsmayılov da Müsavatın bu qərarına sərt münasibət bildrimişdi və müxalifətçiliyi biznesə çevirənlərin masqasının cırılması kimi ifadə etmişdi.
“Əhrar” partiyasının sədri Vaqif Hacıbəyli isə Aslan İsmayılova cavabında onu seçki məhbuslarından heç birini müdafiə etməməkdə və “Azadlıq” meydanında keçirilən mitinqi “iğtişaş” adlandırmaqda ittiham edib.
Aslan İsmayılov isə “Azadlıq” qəzetinə açıqlamasında 2003-cü ildə də, digər vaxtlarda da hakimiyyətlə mübarizə aparan vətəndaşları həmişə qəhrəman saydığını, müdafiə etdiyini bildirmişdi.
ADP sədri Sərdar Cəlaloğlu da “Yeni Müsavat”a açıqlamasında Aslan İsmayılovun o dövrdə hər hansı hüquqi, mənəvi, ictimai dəstəyini görmədiklərini bildirib. “Biz 2003-cü ildəki hadisələr zamanı Aslan İsmaylovdan heç bir dəstək görməmişik. Onun demokratik seçki tələb etdiyi üçün repressiyaya məruz qalan insanları müdafiə edən hər hansı bir bəyanatını da eşitməmişəm, görməmişəm. Əksinə, həmin hadisələrdən bir müddət sonra Aslan İsmayılov başqa mövqe nümayiş elətdirmişdi. İndi o, nəyə əsaslanıb guya demokratik qüvvələrə dəstək verdiyini deyir, mən bilmirəm. Aslan İsmayılovun nəinki vəkil kimi, heç ictimai xadim, vətəndaş kimi mənəvi dəstəyini görmədik”.
Səslənən fikirlərə münasibət bildirən Aslan İsmayılov qeyd etdi ki, mənim Hacıbəylilərə cavab vermək fikrim, digərləri ilə qəsdi qərəzliyim yoxdur, sadəcə öz prinsiplərimə sədaqət nümayiş etdirirəm: “ Mənim davam Hacıbəylilərlə deyil, prinsiplərə xəyanət edənlərlə, bu adamları mənim üstümə göndərənlərdi. Kimlər ki, gənclərin başına oyun açır, oyunbazlıqla məşğul olurlar mən bu adamları sona qədər ifşa edəcəm. Bunlar böhtanı da həyasızcasına söyləyirlər. Əvvəl deyirdilər ki, mən heç bir siyasi məhbusu müdafiə etməmişəm. İndi də deyirlər ki, 2003-cü ildə siyasi məhbusları müdafiə etməmişəm. Həqiqəti bilə-bilə mənə böhtan atırlar. Çünki, mən 1999-cu ildən, 2005-ci ilə qədər vəkillik edə bilməzdim. Mən vəkil olmadığım halda məhbusları necə müdafiə edə bilərdim. Mən sərdar Cəlalaoğlunun yerində olsam ümumiyyətlə danışmaram. Çox təəssüf edirəm ki, Qurban Məmmədov kimi ləyaqətli insanın Sərdar Cəlaloğlu kimi qardaşı var. Seçkilərdə efir vaxtından istifadə edib 5 saniyə qardaşının haqsız həbsindən danışmayan adama nə deyəsən. Yaxşı ki, arxivlər yanmır və istəyən adam arxivi araşdırıb bütün həqiqəti görə bilər. Digər maraqlı məqam bundan ibarətdir ki, bu adamların mənə qarşı dedikləri dərhal hökumət mətbuatında dərc olunur. Mənim fikirlərimi isə eyni mətbuat orqanları işıqlandırmır. Görünür, hökumət də müxalifət içərisində tərəf tutur”.
Səslənən fikirlərə sərdar Cəalaoğlunun münasibətin öyrənəməyə çalıçsaq da telefonlarımıza cavab verilmədi.
Hikmət