Milli Televiziya və Radio Şurası adlanan bir qurum var, sədri Nuşirəvan Məhərrəmlidir. Həmin bu Nuşirəvan müəllim müsahibə verib, deyib ki, “Azərbaycan telekanallarında baxmağa veriliş tapa bilmirəm”.
Yadıma Ramiz Mehdiyevin iki il əvvəl dediyi sözlər düşdü. O da demişdi ki, “Prezident Administrasiyasında işə götürməyə hüquqşünas tapmırıq”. Axı Prezident Administrasiyasına və ümumiyyətlə, Azərbaycana hüquqşünas nə üçün lazım ola bilər? Guya ölkədə hüquq var, ya da guya bunların idarəetməsi hüquqa əsaslanır? Elə isə o zaman hüquqşünası neyləyirlər?
Siz qanunları istədiyiniz vaxt istənilən formaya sala bilirsinizsə…
Idarəetmənizi qanunlara yox, qanunları idarəetmənizə uyğunlaşdırırsınızsa…
Məhkəmə hakimləri qanunlara deyil, sizin iki dodağınızın arasına baxırsa…
Bir adamın iradəsi hüquqdan daha üstündürsə, Azərbaycanda hüquqşünaslıq nə üçündür, hələ hansısa hakimiyyət orqanının hüquqşünasa ehtiyac duyması hansı məntiqə sığır?
Bir ölkədə ki, məsələn, min manat rüşvət alan tibb bacısına ittihamı on min manat rüşvət alan müstəntiq hazırlasın, hökmü də əlli min rüşvət alan (rəqəmlər şərtidir) hakim oxusun, o ölkədə hüququn işi nədir, hüquqşünasın işi nə?
Indi də Nuşirəvan Məhərrəmli deyir ki, “Azərbaycan telekanallarında baxmağa veriliş tapmıram”. Guya bizdə telekanallar baxımlı, zövqlü, toplumun gəlişməsinə, bilgilənməsinə xidmət edən verilişlər hazırlamaq üçündür? Bəlkə onlar ona görə mövcuddurlar ki, vicdanlı xəbərçiliklə məşğul olsunlar, səviyyəli tok-şoular hazırlasınlar, hər mövzuda fərqli, alternativ fikirlərin meydanına, tribunasına çevrilsinlər? Bəyəm Nuşirəvan Məhərrəmli bilmirmi ki, bu gün Azərbaycandakı telekanallar elə məhz indi olduğu kimi, bayağı, düşük, heç bir estetik keyfiyyəti, intellektual çəkisi olmayan yayımçılıqla məşğul olmaqla mövcuddurlar. Əks halda adamın məsələn, makaron fabrikini bağlayar, saat dükanlarını buldozerin qarşısına qatarlar.
Hazırda Azərbaycan telekanallarının durumu ölkədəki idarəetmə tərz və təfəkkürünün ən dolğun əksidir. Bu ölkədə seçki necə keçirilirsə…
Məhkəmələr necədirsə…
Məmurlar necə düşünür və davranırsa, verilişlər də o cür hazırlanır.
Yəni gileylənmək yersizdir, məntiqlə yapçılar üçün sevimli telekanallarında baxa bildikləri yox, baxa bilmədikləri veriliş olmamalıdır. Bütün verilişlər onların dünyagörüşünə, səviyyəsinə uyğundur.
Üstəlik, azadlıq və rəqabət mühitinin olmadığı yerdə başqa cür mümkün də deyil.
Bir halda ki, ölkədə “pulu kim verir, mahnını da o sifariş” edir düşüncəsi hakimdir…
Ən xırda tənqidçi fikir belə, top-tüfənglə qarşılanır…
Hakim gücün iradəsindən kənarda düşünmək və davranmaq özünü təhlükə dənizinə atmaqdır, o zaman başqa necə olmalıdır? Bayağılıq, düşüklük, zövqsüzlük, yalan və yaltaqlıq, savadsızlıq alıb başını getməlidir.
Ərdoğanın oğlu Bakıdamı gizlənib?
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın adı “Böyük rüşvət işi”nə qarışan və barəsində məhkəməyə ifadə verməsi üçün məcburi gətirilməsi haqda qərar çıxarılan Bilal Ərdoğanın Azərbaycanda gizləndiyi yavaş-yavaş təsdiqlənir.
Dünən oxudum ki, Ərdoğanın oğlunun Bakıdakı “Qafqaz Sity” adlı hoteldə qaldığını buradan əvvəlcə təsdiq ediblər, amma sonradan nə fikirləşiblərsə, ya da nə baş veribsə, yalanlayıblar.
Bəs Bilal Ərdoğanın məhkəmədən qaçıb gizlənməsi üçün Bakıdan uyğun yer hara ola bilərdi? Əl əli yuyur, əl də üzü. Ərdoğan hər dəfə Ilham Əliyevi seçkinin nəticələri açıqlanmamışdan əvvəl boşuna təbrik etmir ki?
Necə deyərlər, havayı pendir tələdə olur.
“Sağ ol” günü
Dünən – 11 yanvar Beynəlxalq “Sağ ol” günü idi.
Bu günün məqsədi insanlarda minnətdarlıq duyğusunu gücləndirməkdir.
Azərbaycanda bu duyğunu da zədələyib, yaralayıblar. Onu az qala yaltaqlığın, mütiliyin, təslimçiliyin tərkib hissələrindən birinə çeviriblər.
Buna rəğmən bir gün gec də olsa, Azərbaycana aydın, işıqlı günlər, azadlıq, ədalət bəxş etmək uğrunda hər cür məhrumiyyətə rəğmən mübarizə aparan insanları minnətdarlıqla anır və hər birinə ayrılıqda “Sağ ol!” deyirəm.
Yaxşı ki, varsınız!