Bəlkə də siyasət və Milli Şura mövzusu sizi yorub, bəlkə doğrudan da diqqətinizi çəkmir. Amma bəzi mətləbləri bilməkdə fayda var. Daha çox istək və iradələrə bağlı olduğu üçün, gəlin hələlik bu qurumun taleyini gələcəyə buraxaq. Onsuz da hakimiyyət Milli Şuranı kifayət qədər çətin duruma sala bilib. Amma indi onun keçmişi ilə bağlı vacib bir məqamı təhlil edək, elə bu da oğru hakimiyyətin qarşısını ala bilmədiyi uğur kimi nikbinliyə güc verir.
Biz hamımız tez-tez Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçkilər zamanı göstərdiyi bacarıq və cəsarətdən danışmış olduq. Gördük ki, ən müxtəlif mövqeli insanlar onu necə bağrına basdı. Seçki günü bəlli oldu ki, heç vaxt səsini çıxarmayan insanlar regionundan, yaşından, təşkilatından asılı olmayaraq Cəmil müəllimə səs verdilər. Seçkiyə gələnlərin böyük əksəriyyəti onu seçdi, hətta dövlət müəssisələrində çalışanların da bir qismi. Hakimiyyət vəziyyəti bilib büdcə işçilərinə tələb qoymuşdu ki, sübut kimi şəxsiyyət vəsiqələrinin Ilham Əliyevə səs verdiyi bülletenlə yanaşı fotosunu çəkib onbaşılara göstərsinlər.
Cəmil Həsənli toparlayan, birləşdirən bir lider oldu. Göründü ki, belə lider cəmiyyəti canlandıra, ayağa qaldıra və arxasınca apara bilər. Halbuki hakimiyyət, onun təbliğatçıları illərdir cəmiyyətə aşılayır ki, bu xalqın arxasınca gedəcəyi bir lider yoxdur. Hətta buna səmimi inananlar da vardı. Xalq arasında da daim əldə çıraq lider axtarışına çıxanları görürdük. Sübut olundu ki, hər şey iqtidarın dediyi və bizim düşündüyümüz kimi deyil, yeni liderlər hər zaman ortaya çıxa bilər. Hətta onların siyasətçi olmasına da gərək yoxdur.
Cəmil Həsənli uzun illərin ənənəsini sındırdı. Bu da çox vacib məsələdir, çünki cəmiyyət xeyli parçalanıb, üstəlik, hazırda hakimiyyətdən narazı qüvvələrin heç də hamısı müxalifətə asanlıqla ürək qızdıra bilmir. Yeni gənclik arasında da bu hiss olunur. Narazıların heç də hamısı partiyaları seçmir. Hələ seçimini etməyən vətəndaşların ciddi bir hissəsi ya zəlzələdən, ya vəlvələdən mövcud partiyaları seçməkdə çətinlik çəkir. Lakin yeni bir liderin, həm də yüksək keyfiyyətləri ilə seçilən bir liderin ortaya çıxması bu tip insanların qərar verməsini asanlaşdırır.
Cəmil Həsənlinin uğuru bu mənada təkcə özü ilə bağlı deyil, yeni bir aydınlatmadır. Deməli, siyasi lider problemi olmayacaq və bu hakimiyyətin getməsi doğrudan da mövcud partiyalara, mövcud siyasi liderlərə bağlı deyil. Onlar prosesə kömək edə bilərlər, əngəl də ola bilərlər, amma tam qarşısını ala bilməzlər.
Məhz bu amili də nəzərə alıb son illərin başlıca uğurlarını aşağıdakı kimi sadalaya bilərik:
1)Gəncliyin meydan çıxması və təşkilatlanması, ayrıca “NIDA” və “Azad Gənclik” kimi müstəqil hərəkatların yaranması;
2)Hakimiyyəti ifşadan qaçmağa imkan verməyən jurnalist araşdırmalarının meydana çıxması və ümumilikdə, tənqidçi jurnalistikanın qorunub saxlanılması;
3)Quba və Ismayıllı olaylarının xalq etirazlarının hər zaman başlaya biləcəyini göstərməsi;
4)Cəmil Həsənlinin seçkilərdəki uğuru və bununla xalqı birləşdirəcək lider probleminin olmayacağının sübut olunması;
5)Azərbaycan hakimiyyətinin beynəlxalq dəstəyi satın alması ənənəsinin qırılması;
6)Bütün basqı və məhdudiyyətlərə baxmayaraq yeni qüvvələrin təmərküzləşməsi (REAL və s.)
7)Hakimiyyətin təsiri altında olmayan vətəndaş cəmiyyətinin qorunub saxlanılması.
Bu uğurların siyahısını artırmaq da mümkündür. Hələ dəyişikliyə gətirməsə də, onların birləşib böyük axının qolları olacağına ümid edirik. Hakimiyyətin məhz yuxarıdakı tendensiyalara xüsusi qəzəbi və basqıları da sübut edir ki, ümidimiz əsassız deyil.