Bilənlər bilir, bilməyənlərin də məlumu olsun ki, “Gülər parlamenti”nə smartphone tipli mobil telefonlarla daxil olmaq yasaqlanıb. Dünən baxıram, hətta ən qatı rejim yanlısı olan, yeganə işi-gücü müxalifəti söyüb aşağılamaqdan o tərəfə keçməyən deputatlar belə, bu yasağa etiraz edirlər.
Son illərdə “Gülər parlamenti”ndə bir qayda olaraq mürtəce, ölkədəki olan-qalan azadlıqları da məhdudlaşdıran, boğan qanun layihələri qəbul edilib. Orada oturanlar Prezident Administrasiyasından göndərilən belə qanun layihələrini, qanunlara dəyişiklikləri zərrəcə ələşdirmədən, bəh-bəhlə qüvvəyə mindiriblər.
Amma indi özlərinə nəyisə yasaqlayanda inciyirlər, küsürlər, etiraz edirlər.
Adamdan soruşarlar: siz deyildinizmi, hakim ailənin gizli biznesi ilə bağlı araşdırmalara cavab olaraq, “Kommersiya sirri haqqında qanun”a “yuxarılar”dan göndərilən mürtəce düzəlişləri heç bir etirazsız, təpkisiz, sadəcə “ağa deyir – ”sür dərəyə”, sür dərəyə” zehniyyəti ilə qəbul edən? Həmin anti-demokratik, çağdışı düzəlişə əsasən, artıq Azərbaycanda kommersiya şirkətlərini yaradanlar və onların şirkətdə payları barədə məlumatlar kommersiya sirri hesab olunur.
Siz deyildinizmi, “Informasiya əldə etmək haqqında qanun”a faktiki olaraq, Əliyev hakimiyyətinin şəffaflıq, açıqlıq prisinplərindən tamamilə imtinanı qanunişdirən əlavə və dəyişikliklərini heç bir sorğu-sualsız qəbul edən? O absurd, heç bir demokratik əndazəyə sığmayan əlavə və dəyişikliklərlə dövlət idarələrindən informasiyanın əldə olunmasına o şərtlə icazə veriləcəkdi ki, həmin məlumat Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarına zidd olmasın. Bu düzəlişlərlə faktiki olaraq “Informasiya əldə etmək haqqında qanun”u “Informasiya əldə etməmək haqqında qanun”a çevirən sizlərin indi durub mobil telefonunuzla bağlı yasaqdan gileylənməyə nə haqqınız var?
Bu ölkədə QHT-ləri (qeyri-hökumət təşkilatlarını) HT-lərə (hökumət təşkilatlarına) çevirəcək qanun sizin başınızın altından çıxmadımı?
Cinayət Məcəlləsinə mürtəce dəyişikliklə internetdə böhtan və təhqirə görə cinayət cəzasını siz gətirmədinizmi?
“Sərbəst toplaşmaq azadlığı haqqında qanun”a demokratiyanın “d”si ilə belə uyuşmayan dəyişikliklərə bir ağızdan “hə” deyən kim oldu? O dəyişikliklərlə faktiki olaraq sərbəst toplaşmaq azadlığı bu ölkədə yasaq halına gəlmədimi?
Amma indi sizi “Gülər parlamenti”nə mobil telefonunuzu əlinizdən alıb buraxacaqlar deyə, qaş-qabaq sallayırsınız.
Ayıbdır, ayıb!
***
O ki qaldı niyə məhz smartphone tipli sistemli mobil telefonların yasaqlanmasına.
Səbəb aydındır: həmin telefonlar yüksək keyfiyyətli videoçəkiliş qabiliyyətinə malikdir.
Təzəlikcə isə “Gülər parlamenti” ilə bağlı böyük ajiotaj yaradan bir videokadr yayılmışdı. O videokadrda deputatların bir-birinin yerinə səs verdiyi açıq görünürdü. Əslində, bunda təəccüblü heç nə yox idi, seçkili deyil, təyinatlı, Prezident Administrasiyasının bir şöbəsinə çevrilmiş, müxalifətsiz, fərqli səslərdən məhrum olan, oyuncaq parlamentdən başqa nə gözləmək olardı ki?
Sadəcə, mandat alveri videosundan sonra bir də bu görüntülərin meydana çıxması görünür, yaptokratiyanı lap pərt eləmişdi, indi belə videokarlardan birdəfəlik sığortalanmaq üçün smartphone və android sistemli mobil telefonları yasaqlayırlar.
Tipik yaptokrat yanaşmasıdır: bir problem, dərd varsa, onu həll etmək, ona çarə bulmaq yerinə, malalamaq, xalça altına süpürmək. Hər cür pislik, çirkab olduğu kimi qala bilər, yetər ki, bundan heç kimin xəbəri olmasın.
Azərbaycanı bu ortaçağ düşüncəsi ilə, bu feodal təfəkkürü ilə 20 ildə hara gətirib çıxardıqları isə göz önündədir. Əlavə nəsə demək artıqdır.
***
Və sonda: “Gülər parlamenti”nə girişi yasaqlanan mobil telefonlar həm də “ağıllı telefonlar” hesab edilir, onları əksər vaxtlar elə belə də adlandırılır. Məlum yasağı həm də buna görə başa düşmək, anlamaq çətin deyil.
Yaxşısı budur, qoy xaricilər zəhmət çəkib “söyüşcül telefonlar”, “danışmayan telefonlar”, “yaltaq telefonlar” icad etsinlər, görün onda bizdə hər deputatdan “Gülər parlamenti”nə ən azı iki bu cür telefonla gəlməyi tələb edirlər, ya yox.