Tarixən əxlaq fəlsəfəsinin qurucusu sayılan Sokrat deyirdi ki, əxlaqın məqsədi xoşbəxtlikdir. Əxlaq niyyəti yaxşı və yaxşılıq olan bir düşüncədir. Hər kəs öz yaxşılığını istəməkdədir və fəaliyyətlərimizin əxlaqi başlanğıcı da budur. Bəlkə elə filosofun dövrünün gəncləri üzərində böyük nüfuza malik olması da bundan irəli gəlirdi. Davamçıları hətta onun kimi ayaqyalın dolaşır, uzun saç saxlayır, aclıq çəkir və heç bir halda müəllimlərinin ideyalarından kənara çıxmırdılar. Amma Sokrat fərqli fikirlərinə görə həm də bir çoxlarının hədəfində idi. Hətta dövrünün ən məşhur komediya yazarı Aristofan da “Quşlar” əsərində onun ardıcıllarını “esokraton” deyimi ilə məsxərəyə qoymuşdu. Və sonda çevrədəkilərdən dəyişik biri olan, öz əxlaqı ilə gəncləri “zəhərləyən” Sokratı edam hökmü əsasında məcburi zəhər içirərək öldürdülər.
Yüz illər sonrasını yaşadığımız dünya o qədər korlanıb ki, toplum əxlaqi dəyərlərin işardığı bir araya cəm olan kimi, kimlərisə tapıb həmin mərkəzi qısa zamanda “zəhərləyib” sıradan çıxarırlar. Bəlkə də, insanlığın əxlaqi dəyərlərə qəddar münasibəti elə o zamandan başlanır – bu fəlsəfəni yaradan şəxsin öldürülməsindən. Ya da Adəmin ilk övladlarından birinin o birini qətlə yetirməsindən. Bu mövzu ilə bağlı oxuduğum bəzi müəlliflərin elə qorxunc fikirləri var ki, insan vahimələnir, xüsusilə siyasi məsələlərə yanaşmada. Doğrudanmı, siyasi əxlaq deyə bir şey yoxdur və o yalnız üç-beş idealistin uydurmasıdır?
Bu fikrin yanlış olduğunu öz insanlığı və siyasi karyerası ilə sübuta yetirən məşhur çex dissidenti Vatslav Havelin “Dialektik sintez” adlı maraqlı bir şeri var:
Yüz illərdən bu yana
və yanlış bir şəkildə
kimlər yumurtanın
toyuqdan öncə
var olduğunu irəli sürdülər
kimlər də toyuq
yumurtadan öncə vardı dedilər
amma biz, yalnız biz
toyuq və yumurtanın
tarixi-dialektik
təkamülü baxımından
bu məsələni incələyən bizlər
bilirik ki,
yumurta toyuqdan öncə vardı
və eyni zamanda
toyuq da vardı
yumurtadan öncə
və bilirik ki,
yalnızca bu iki tarixi gerçəyin
daxili birliyində yatmaqdadır
yumurta ilə toyuğun həqiqəti.
Məncə, “siyasi əxlaq” anlayışının olmaması haqqında əsl uydurma da elə yumurta ilə toyuğun sadə həqiqətini görmək istəməyən və bunun üzərində anlamsız çəkişmə quranların yalanında gizlənir.
Siyasi əxlaqla bağlı, bəlkə də, ən sərt yanaşmanı tarixən Makiavelli “Hökmdar” əsərində sərgiləyib. Türk filosofu Cəmil Meriç onun bu əsərini şərh edərkən deyir ki, yazara görə dürüstlük şəxsi həyatda olur. Siyasət əxlaqdan kənardır, çünki namussuzlar arasında yüz faiz namuslu qalmaq istəyən tez-gec məhv olur. Əslində, Makiavelli siyasət aləmində üzərinə bəlli rol götürən adamların yalnız ictimai mənfəət naminə əxlaq qaydalarını aşmasını məqbul hesab edirdi. Məsələnin kökü isə nədən o yeri məhz namussuzların zəbt etməsi ilə bağlıdır. Başqa bir Türk fikir adamı Cavit Orhan Tütengilə görə bunun səbəbi: “Siyasət ilə əxlaq arasındakı bağlılığı qura bilməyənlərin, çox halda etdikləri kimi, qüsuru özlərində arayacaqları yerdə, siyasətdə, onun kirli və pis bir şey olduğunda aramalarıdır. Belə bir görüş, sahibini dalandan qurtarsa da, təmizə çıxarmaz. Çünki siyasətin məqsədlərindən biri də müəyyən bir əxlaq düzəninin qurulması və ya davam etdirilməsidir”.
Doğrudan da, siz mənə şəxsi ambisiyaları üçün əxlaqi dəyərləri tapdayaraq hakimiyyət piramidasina yüksələn kiminsə adının tarixə örnək göstərildiyini deyə bilərsinizmi?..
P.S. Bəlkə, yazdıqlarım bir az dağınıq və “filosofyanə” oldu. Amma ölkədəki bu qarmaqarışıq gündəm ilə başqa cür alınmazdı, oxucular məni bağışlasın!