Araz Ağalarov «fövqəlnazir»in inhisarında olan sahəyə əl qoydu
“Krokus ltd” yaxın vaxtlarda Bakıda tütün məmulatı istehsal edəcək. Bunun üçün “European Tobacco-Baku” ASC-nin ərazisində yer icarəyə götürülüb”, – deyə Kənd Təsərrüfatı Nazirliyində Turan-a bildiriblər.
Hələlik müəssisədə təcrübi işlər görülür. Siqaret markalarının adı çəkilmir. Qanunvericiliyə əsasən, şirkət ildə ən azı 300 mln filtrli siqaret buraxacaq.
“Krokus ltd” MMC Azərbaycana 3 siqaret idxalçısından biridir. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir.
“Krokus ltd” Araz Ağalarova məxsus “Crocus International” (Rusiya) qrupunun törəməsidir. Prezident Ilham Əliyevin qızı Leyla Əliyeva Araz Ağalarovun gəlinidir.
“Euoripean Tobacco-Baku”nun fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilir. Bu halda Araz Ağalarovun tütun biznesinə əl qoyması Kəmaləddin Heydərova qarşı addım kimi qiymətləndirilə bilər. Mümkündür ki, artıq bu biznes “fövqəlnazir”in nəzarətindən çıxarılır. Yaxud da ola bilər ki, biznesin müəyyən hissəsi Araz Ağalarova verilir. Başqa bir versiya isə bundan ibarətdir ki, Ilham Əliyevin qudası “European Tobacco-Baku”nu sadəcə xammalla təmin edə bilər. Hər bir halda Araz Ağalarovun tütün biznesinə əl qoyması Kəmaləddin Heydərovun maraqlarına uyğun sayıla bilməz.