Araz Gündüz
Sözümə biraz uzaqdan başlayıb, ilk öncə, Milli Şuranın yaradıcısı olan Rüstəm İbrahimbəyovla bağlı düşüncələrimi sizinlə bölüşmək istəyirəm. Alovlu yurdsevər şairimiz Məhəmməd Hadini öz şeirlərinin dilini ərəb-fars sözləri ilə çox ağırlaşdırdığından, onun xalqa yönəlik harayının oxucular üçün anlaşılmaz qaldığını Bəxtiyar Vahabzadə, çox tutarlı olaraq, belə yozmuşdu: “Məhəmməd Hadinin yaradıcılığını əlçatmaz bir dağın başında yanan tonqala bənzətmək olar, gur bir alovla, işıq saçaraq yandığı görünür, ancaq istisinə qızınmaq olmur” (Bu sözləri yaddaşımda necə qalıbsa elə də yazıram).
Rüstəm İbrahimbəyovun yaradıcılığının başlıca kəsimi rus dilində olduğundan, onunla doğma xalqı arasında da belə bir “uzaqlıq” yaranmışdı. Bu sovet dönəminin yaratdığı acı gerçəkliklərdən biri idi: əyalətlərdə (onlara müttəfiq respublikalar deyirdilər) hansısa böyük ideyalar üzərində qurulmuş yaradıcı sözü demək üçün imkanlar yox idi, bu sözü rus dilinə “bürüyəndə” onu geniş bir ortama çıxarmaq da, yaşarlığına arxayınlaşmaq da olurdu.
İki il bundan öncə Rüstəm bəyin rus dilində olan, oxuyub çox bəyəndiyim bir əsərini dilimizə çevirmək ürəyimdən keçdi. Götürüb internetin yardımı ilə ona bir məktub yazıb, istəyimi çatdırdım. Rüstəm bəyin cavabı isə belə oldu: “Mən öz əsərlərimi ana dilimə özüm çevirirəm, düzdür, bu işdə yaxın dostlarımın yardımlarına da üz tuturam, ancaq bu işi özüm eləyirəm”. Bu cavab, düzünü desəm, mənim üçün gözlənilməz idi, bu sözləri oxuyanda, boynuma alıram, Rüstəm bəy gözümdə çox ucaldı, habelə biraz kövrəldim də…
Sözüm bunda deyil, ancaq yeri gəlmişkən bunu da deyim, Rüstəm bəyin bir neçə əsərini dilimizə çevirib, tanış-bilişlərimin arasında yaymaqdan da özümü saxlaya bilmədim.
Gəlirəm, Mili Şuranın üstünə. İlk öncə, Rüstəm bəyin bu ideyaya necə gəlib çıxdığını öz bildiklərimə arxalanaraq incələmək istəyirəm. 2008-ci ildə Rüstəm bəyin bugünkü iqtidarla münasbətlərinin üzdən çox yaxşı olduğu bir durumda “Drujba Narodov” jurnalında onun “Dalğaların qovuşması” adlı povesti yayınlandı. Povestin süjeti xalqımızın böyük oğlu akademik Ziya Bünyadovun öldürülməsi olayı üzərində qurulmuşdu, ancaq Rüstəm bəy, necə deyərlər, bu gözəl əsərində “bir ağaca çıxıb min budağı silkələmişdi”. Burada Ziya Bünyadovun birbaşa hakimiyyətin əli ilə öldürüldüyünə vurulan açıq-aydın eyhamlardan başqa Əliyevçiliyin mahiyyətini açıb ağardan çoxlu epizodlar da yer almışdı. Burada əsərlə bağlı uzun-uzadı danışıb sizlərə başağrısı vermək istəmirəm, ancaq qısaca desəm, bu əsərdə indiki hakimiyyətin 1969-cu ildən başlayaraq bugününəcən keçdiyi bütün yaramazlıqlarla dolu olan yolu bədii şərtiliklərin yardımı ilə çox gözəl açılmışdır.
İndi sanasan, Rüstəm İbrahimbəyovun onun əlindən alınmış hansısa torpaq parçasına görə hakimiyyətlə arasının dəydiyini qabartmağa çalışan dedi-qoduçulara üzümü tutaraq demək istəyirəm: səbəblə nəticənin yerini dəyişməklə insanlarımızı çaşdırmayın, yox, birdən bu qarayaxmalara görə hakimiyyət sizi yallandırırsa, sözüm yoxdur, onda gedin özünüzə yaraşdırdığınız bu əskikliklə uşaqlarınıza çörək alıb sümsünün (sizin anlamınızda buna yaşamaq deyilir). Sözümün belə kəskinliyinə görə məni qınamayın, axı öz xalqı üçün yararlı bir iş görmək istəyən, buna görə iyrənc, alçaq, quldur bir hakimiyyətin basqısı ilə üzləşən, dünya çaplı bir aydınımıza qarşı aparılan bu qarayaxmalara baxıb necə acıqlanmayasan, buna necə dözümlü yanaşasan?! Sözümü qısa eləyirəm. Rüstəm İbrahimbəyov Milli Şura ideyasını düşünəndə burada onun ədəbiyyatçılığından çox riyaziyyatçılığı daha önəmli rol oynamışdı (Bilməyənlər üçün deyim, Rüstəm İbrahimbəyov gəncliyində çox istedadlı riyaziyyatçı olmuş, ən ilginci isə, onun elmi araşdırmaları böyük sistemlərin optimal idarə olunması üzrə olmuşdur). Rüstəm bəyin xalqı bu quldur, talançı rejimin boyunduruğundan qurtarmaq üçün qurduğu alqoritm belə idi: Aparıcı müxalifət partiyalarının, getdikcə güclənməkdə olan gənclik təşkilatlarının, tanınmış aydınların, xalq içində nüfuz qazanmış ağsaqqalların birliyini yaradıb, onların gücü ilə xalqın siyasi fəallığını artırmaq, üstəlik Azərbaycandan qıraqda yaşayan, milli duyğularını sonacan itirməmiş varlı soydaşlarımızı da bu hərəkata yardımlarda bulunmaq üçün səfərbər eləmək. Rüstəm bəy bu işləri yoluna qoymaq üçün öz nüfuzundan yaralanmağa çalışır, sözü keçən bütün yerlərdə dediyimiz birliyin yaranması üçün əlindən nə gəlirdisə eləyirdi.
Xalqın içində hansısa real bir gücə çevrilə biləcək birliyin yaranmağa başladığını görən iqtidar bundan bərk qorxuya düşmüşdü. Əlində olan böyük pulları işə salmaqla bu birliyi pozmaq üçün bütün yaramaz yollara əl atmaqdan çəkinməyən iqtidar, özünün çox yaxşı işləyən təxribat maşınını tam gücü ilə işə saldı. Öncə, Rüstəm İbrahimbəyovun öz nüfuzundan yararlanaraq, Rusiyada yaşayan imkanlı yurddaşlarımızı bir araya gətirməklə bağlı gördüyü işləri qaralamaqdan başladılar. Buna “Milyarderlər ittifaqı” adı verərək, onun guya Rusiya xüsusi xidmət orqanlarının qurğusu olması ilə bağlı qarayaxmalara başladılar. Buradaca deyim, bu işin görülməsində çox güman elə Rusiya xüsusi xidmət orqanlarının özü iqtidara kömək eləmişdi. Azərbaycanın indiki acınacaqlı durumdan çıxa bilməməsi, onun Əliyevçi rejimlə gücdən salınıb məhvə sürüklənməsi Rusiyanın maraqlarına çox uyğun olduğundan, mən bunun məhz belə də olduğunu düşünürəm.
Bütün bu araqarışdırıcı işlərə, qarayaxmalara baxmayaraq Milli Şura yarana bildi, onun vahid namizədi seçkiləri uda da bildi, ancaq iqtidar xalqın yetərincə siyasi fəallıq göstərə bilmədiyindən yararlanıb, yenə də seçkini öz xeyrinə saxtalaşdırdı. Ancaq İlham Əliyevin seçki saxtakarlığını bütün dünyaya çatdırmağı bacarması, onun hakimiyyəti qolgücünə mənimsəməsini bütün çılpaqlığı ilə ortaya qoyması Milli Şuranın böyük qələbəsi idi. Düzdür, Milli Şuranın yaranması, sonradan vahid namizədin seçilməsi ilə bağlı gecikmələr bəlli problemlər də yarada bildi. Ancaq son anda Rüstəm bəyin ehtiyatda saxladığı variantı işə salması, Cəmil Həsənlinin vahid namizəd kimi ortaya çıxması, heç müxalifət düşərgəsində də çoxlarının gözləmədiyi bir uğura gətirib çıxardı.
Ola bilsin, çoxlarına anlaşılmaz görünəcək, ancaq mən bu yazımı elə buradaca saxlayıb, Milli Şura ilə bağlı yaranmış bu ağır durumda sözü sizlərə vermək istəyirəm. Gəlin, birlikdə düşünək: Rüstəm bəyin bu ideyası yaşamağa layiq bir ideyadırmı, yoxsa yenə hərə öz mağarasına çəkilib, başına yığdığı qəbiləsi ilə öz başını qorumağa çalışsa, siyasətin ibtidai icma quruluşuna qayıtsa yaxşıdır? Mən isə sizlərə, nə az, nə çox, elə bunları demək istəyirdim.


