Hakimiyyət Milli Şuranı niyə dağıdır?

Gecə uzundur – yata bilməyənlər üçün, yol uzundur – yorulanlar üçün. (B.S.Q.)

Saxta və oğru rejimin istənilən müxalif birliyin yaranmasına qarşı çıxmasında təəccüblü heç nə yoxdur. Milli Şuranı da başından bu yana ləkələməyə, onun yaranmasını və təşəkkül tapmasını əngəlləməyə çalışdılar. Amma xüsusi bir səy, kəskin həyəcan hiss olundu, hətta gizli əlaltıları da açıq mətləbə keçirdilər.

Səbəb də tam aydın idi. Azərbaycan əvvəlki deyil, narazılıq çox yüksək həddə çatıb, elə hakimiyyət də  əvvəlki sayıla bilməz. Təntənəsi sınıb, kifayət qədər ifşa olunub, xalqdan dəstək sıfıra enib, beynəlxalq dəstək də laxlayıb. Hətta vəziyyəti yaxşılaşdırmaq üçün istifadə edilən “kürü diplomatiyası” özü əlavə problemlər yaradır. Üstəlik, internet dövrüdür, hər kəsin qarşısında bir Ərəb baharı örnəyi var, etirazçı gənclik isə real qüvvə olduğunu göstərməyə başlayıb.

Düzdür, partiyaların və hətta onların birliyinin fəal sosial bazası, meydana çıxara biləcəyi insan resursu hakimiyyəti narahat edəcək səviyyədə kütləvi deyildi. Amma məhz belə bir zamanda müxalif mövqeli qüvvələrin və şəxslərin böyük birliyi olduqca təhlükəlidir. Ideya özü vəziyyəti kökündən dəyişə bilər. Hakimiyyətdən narazı olan, lakin dəyişikliyə ümidi ölmüş insanlar bu ideya ilə canlana bilər. Cəmiyyətin ümid və arzuları dirilə bilər.

Hətta bütün partiyaların üzv və tərəfdarlarının birləşdirilməsi həlledici güc yaratmır. Birləşmə bütün hallarda və hər cəhətdən yaxşıdır, amma birliyin əsas gücü dəyişikliyə inamını itirmiş çoxluğun ümidini qaytarmaq ola bilər. Hakimiyyət bunu anladığı üçün Milli Şuranı gözdən salmağı və dağıtmağı, “bitirməyi” özünün bir nömrəli planı elan etdi. Milli Şuranın hələ görünməyən gücünü nəzərə aldı və onu özünün qara yuxusu kimi qarşıladı.

Böyük çətinliklərlə reallaşan ideya ardıcıl zərbələr aldı və almaqdadır. Qurum artıq parçalanıb. Lakin doğru mübarizə cəhdləri heç vaxt faydasız ötüşmür. Seçkilərdə iqtidar da böyük zərbə aldı. Xalq Ilham Əliyevə səs vermədi və seçkiyə gələnlərin böyük əksəriyyəti Milli Şuranın namizədinə səs verdi. Böyük saxtalaşmaya üz tutuldu və bu dəfə beynəlxalq müşahidə missiyası seçkiləri qeyri-demokratik saydı. Seçkinin saxtalaşdırılmasını bütün dünya tanıdı. 

Uğur bununla bitmədi. Seçki prosesi Cəmil Həsənlini kəşf etdirdi. Cəmil müəllim seçkilərdə indiyədək heç bir siyasətçinin, heç bir ictimai xadimin edə bilmədiyi və yaxud etmədiyi əzm və bacarıq nümayiş etdirdi, yüksək məharət və cəsarət göstərdi. Böyük rəğbət qazandı. Lakin məsələ təkcə Cəmil müəllimin bir liderə çevrilməsindən, fayda verməsindən getmir.

Bəylər və xanımlar! Bu seçkilərdə Cəmil müəllimin elədikləri və bunu cəmiyyətin qəbul etməsi başqa bir nəticəyə yol açdı. Hakimiyyət illərdir təlqin edir ki, başqa bir lider yoxdur və çıxa bilməz. Yalnız ortada mövcud siyasətçilərdir və xalq da onların arxasınca getmir. Başqası da yoxdur. Lakin Cəmil müəllim göstərdi ki, bu xalqın hər zaman fərqli liderləri ortaya çıxa və xalqı arxasınca apara bilər. Bu,  böyük uğurdur.

Hakimiyyət ona görə də, Milli Şuranı tamam dağıtmaqla yanaşı, Cəmil Həsənlini də gözdən salmağa başlayıb. Cəmil bəyi qələbəyə görə təbrik edənlərin də onun təftişinə başlaması bu hədəfə xidmət edir. Çalışırlar desinlər ki, bu xalqın nüfuzlu lideri ola bilməz. Nəinki Cəmil Həsənli, hətta başqası da.

Ona görə də Mili Şuranı böyük səylə, xüsusi üsul və zərbələrlə dağıdırlar!