Proporsional seçki sistemi bərpa olunur?

Gülağa Aslanlı : «Proporsional seçki sisteminin tətbiq olunması həm də AXCP-nin və başqa real müxalifət partiyalarının istəyidir»

“Hakimiyyət kuluarlarında bu il, yaxud gələn ilin əvvələrində referendum yolu ilə növbəti  konstitusiya dəyişikliklərinin ediləcəyi barədə müzakirələr gedir. Dəyişikliklərdən biri kimi proporsional seçki sisteminin bərpası göstərilir. Yəni parlament həm çoxmandatlı dairələrdən partiyaların irəli sürdüyü namizədlərdən seçilən deputatlar, həm də mojaritar sistem üzrə seçiləcək. Belə olan halda qeydiyyatı olan partiyaların seçkidə iştirak imkanları var”. 

Bu iddia ilə “Bizim yol” qəzeti çıxış edib. Qəzetin yazdığına görə, bəzi ekspertlər Müsavat Partiyasının Milli Şuradan getməsi və radikal mövqeyindən nisbətən geri çəkilməsini bu təhlükədən sığortalanmaq niyyəti ilə izah edir: “Yəni Milli Şuradan çıxmaqla hökumətin repressiyalarından kənarda qalmaqla yenidən ana müxalifət statusunu bərpa edir, həm öz mövcudluğunu saxlayır, həm də radikal bəyanatlardan ehtiyatlanan cəmiyyətin müəyyən təbəqələrinin dəstəyini qazanmağa çalışır”.

Müsavat başqanının müavini Gülağa Aslanlı “Azadlıq”a açıqlamasında proporsional seçki sisteminin tətbiq olunmasının tək Müsavat partiyasının istəyi və arzusu olmadığını deyib: “Proporsional seçki sisteminin tətbiq olunması həm də AXCP-nin və başqa real müxalifət partiyalarının istəyidir. Bu istək ötən il hüquqşünasların hazırladığı memorandum da öz əksini tapmışdı. Yəni bu istək hamıda var. Eləcə də Müsavatda. Ancaq 2015-ci ildə bu olacaq və Müsavat partiyasının Milli Şuradan ayrılmasını iddia etmək növbəti dəfə böhtan kampaniyasına başlanması deməkdir. Bunun heç bir əsası yoxdur. Milli Şuradan nə üçün ayrıldığımızı bəyanatımızda göstərmişik və o bəyanatda yazılanlara heç bir əlavəmiz yoxdur. Kimlərsə Müsavatla Milli Şura, Müsavatla AXCP, Müsavatla Cəmil Həsənli, Müsavatla Rüstəm Ibrahimbəyov arasında münaqişə yaratmaq üçün istifadə edirsə, çox yanlışlığa yol verir. Buna dəstək verənlər də onlar da yanlışlığa yol verir. Bizim öz yolumuz var, öz yolumuzla gedirik. Milli Şurada olan qüvvələrə hamısına uğurlar arzulamışıq, yenə də arzulayırıq. Ona görə də bu cür əsası olmayan şər-böhtanla yazılara cavab verməsək, onlara diqqət göstərməsək, daha yaxşı olar”.

Ramin DEKO