Müsavat Partiyasının Milli Şuranı anlaşılmaz izahla tərk etməsi ölkədə günün aktual mövzusu olaraq qalır. Müsavat faktiki ona yönələn suallar qarşısında tərk-silahdır. Doğrudur, qoyulan sualların mahiyyətindən uzaq cavablar olur, ancaq müsavatçılar da, sual verənlər də bilir ki, belə metodlar artıq işləmir.
Özünüqoruma instiktinin diqtəsi ilə ötən gün dövriyyəyə belə bir mövzu atıldı: “Müsavat necə səhv edib, necə hakimiyyətin marağına uyğun addım atıb ki, hakimiyyət mətbuatı bu partiyanı tənqid etməkdədir.
Nə qədər qəribə olsa da, Müsavat kimi qocaman partiyanın tərəfdarları özünü müdafiə üçün “Yeni Azərbaycan”dan istifadə edir. Gətirilən dəlil doğru olsaydı, yenə də bir təhər anlaşılan olardı.
“Yeni Azərbaycan”da Müsavat tənqid olunurmu? Bəli, hətta bu qəzet və onun tayları öz mənəviyyatlarına uyğun olaraq tənqid adı altında təhqirə də yol verir. Lakin burda incə məqam odur ki, Müsavatın tənqidi hakimiyyət qəzetlərində həmişə və bu gün də Milli Şura formatında iştirakına görə baş verib.
Çox asan bir monitorinqi, ən tənbəl adam azca işgüzarlıqla edə bilər. Bu monitorinq Müsavatın Milli Şurada olduğu dövrlə ordan çıxdığı dövrün müqayisəsinə həsr olunmalıdır. Onda üzə çıxacaq ki, hakimiyyət Müsavatın bu addımından xeyli məmnundu. Kimə sirdir ki, Müsavat YAP funksionerlərinin dilindən təqdir dolu rəylər qəbul edir.
Milli Şurada qalan qüvvələrə qarşı isə əvvəlki qaragüruhçu, böhtan və təhqir dolu hücumlar davam edir, onlarda heç bir dəyişiklik yoxdur.
Bu gün heç bir Müsavat funksioneri, o funksionerlər ki, Milli Şuradakı qüvvələrə prinsipiallıq və dürüstlük dərsi keçmək təşəbbüsündədir, daha ciddi siyasi qüvvə olma iddiasındadır, onlar barədə bir cümlə yazıya hakim mediada rastlaşılmır.
Ancaq nəinki Cəmil Həsənli, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Sülhəddin Əkbər və s. Milli Şura liderləri, hətta Müsavatın xarici qüvvələrin projesi kimi ictimai rəyə təqdim etdiyi Rüstəm Ibrahimbəyov hakim medianın hədəfindədir.
Nəhayət, lap xoşniyyətli olub, dövriyyə buraxılan tezisə inandıq, hesab etdik, doğrudan da Müsavatı hakim media “vurur” və bu da partiyanın hakimiyyəti narahat edən gediş etməsinə sübutdur. O zaman bu süni ideyaya həyat vermək istəyən adamlar cavab verməlidilər: sosial şəbəkələrdə Azərbaycanın sabahı ilə bağlı olan, heç bir siyasi partiya mənsubiyyəti olmayan insanların Müsavatın son gedişini tənqid etməsinə nə deyirlər?
Bəlkə, o adamların da hamısı Müsavatı gözü götürməyən elan edələr?
Hikmət