“Müsavat ictimai qınaqdan yayınmaq istəyir”

Fuad Qəhrəmanlı: “Müsavatda mənimlə eyni ranqda olan Arif Hacılı ilə debata hazıram”

Müsavat Partiyasının Milli Şuradan ayrılması cəmiyyətdə geniş müzakirəyə səbəb olub. Partiya bu mövzuya birtərəfli qaydada moratorium qoyduğunu bəyan etsə də, müzakirələr səngimir. Üstəlik, mortaorium bəyanatının özü də qeyr-səmimilik kimi qiymətləndirilir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, Müsavat bu yolla Milli Şuradan çıxmaq qərarı ilə bağlı suallardan yayınmaq istəyir: “Müsavat funksionerləri Milli Şuradan ayrılmaq barədə qərardan sonra çalışdılar ki, tutarsız arqumentlərlə öz mövqelərini əsaslandırsınlar. Ancaq bu, cəmiyyətdə əks-reaksiya yaratdı və Müsavat Partiyasına qarşı yönəlmiş ictimai qınaqlar daha da artdı. Milli Şuranın üzvləri, ziyalılar Müsavatı açıq şəkildə qınadılar. Aydın oldu ki, Müsavat öz mövqeyini əsaslandıra bilmir, danışdıqca daha da çətin vəziyyətə düşür. Bundan sonra birtərəfli moratorium qəbul etdiklərini, bu polemikalarda iştirak etməyəcəklərini bildirdilər. Polemikada iştirak etmək nə zamandan qəbahət sayılıb? Əksinə polemika imkan verir ki, tərəflər mövqelərini daha aydın, daha doğru izah etsinlər”.
Cəmiyyətin Müsavatdan Milli Şuranı nəyə görə tərk etməsinə tutarlı izahat gözlədiyini qeyd edən AXCP funksioneri bu partiyanın üzərinə götürdüyü öhdəliyi pozduğunu deyib: “Müsavatın qərarında deyilir ki, Milli Şuranı müvəqqəti seçki bloku olduğu üçün tərk ediblər. Ancaq Milli Şuranın təsis bəyannaməsində onun avtoritarizmdən demokratiyaya keçidi təmin edəcək bir qurum olduğu və davamlı fəaliyyət göstərəcəyi ifadə olunub. Müsavat Partiyası da bu bəyannamə ilə üzərinə öhdəlik götürüb. İndi bu öhdəliyi pozub, Milli Şura çərçivəsindəki müttəfiqlərini buraxıb, meydanı tərk edib, siyasi kursunu dəyişibsə, bunun inandırıcı cavabı verilməlidir”.
Fuad Qəhrəmanlı eyni zamanda Müsavat Divanının üzvü İkram İsrafilin onu debata çağırmasına da münasibət bildirib. İ.İsrafil mətbuata açıqlamasında Müsavatın qərarı ilə bağlı müzakirə üçün F.Qəhrəmanlı ilə debata hazır olduğunu deyib. Müavat funksionerinin bu çağırışına F.Qəhrəmanlı belə cavab verib: «İkram İsrafil bu məsələlərdə mənimlə polemikaya girə biləcək şəxs deyil. İkram İsrafilin nə statusu, nə də səviyyəsi ona uyğun deyil ki, mənimlə debat aparsın. Əgər Müsavatın bu məsələ ilə bağlı bizimlə debat istəyi varsa, o partiyada mənimlə eyni statusda olan Arif Hacılı ilə istənilən mətbu orqanında debata hazıram».

Xəyal