Ramiz Mehdiyev icra başçılarını nəzarətə götürür

Xanım kadrların müavin postuna gətirilməsinin pərdəarxası

Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev icra başçılarını nəzarətə götürməyə çalışır. Bu barədə redaksiyamıza daxil olan məlumatlara görə, icra başçılarının əhəmiyyətli hissəsinin oliqarxların nəzarətinə keçməsini həzm etməyən Ramiz Mehdiyev yeni üsullarla təsir imkanlarını bərpa etmək niyyətindədir.
Məlumatlarda bildirilir ki, bu üsul icra başçılarına yeni müavin təyinatlarıdır. Son günlər  xanım kadrların müavin postuna gətirilməsi məhz Ramiz Mehdiyevin ideyası olduğu bildirilir. Məlumatlara görə, təyinatlara da birbaşa Ramiz Mehdiyev nəzarət edir. Yəni, yalnız PA rəhbərinin təklif etdiyi şəxslər müavin postuna təyin edilir.
Təsadüfi deyil ki, axar.az saytı da icra başçıların humanitar məsələlər üzrə müavinlərinin qadın mütəxəssis olması barədə Prezident Administrasiyasından tapşırıq verilməsi barədə məlumat yayıb.
Artıq Binəqədi, Sabunçu və Cəbrayıl rayonlarına xanım müavinlər təyin edilib. 
Iddia edilir ki, bu müavinlərin bir vəzifəsi də icra başçılarının fəaliyyətinə nəzarət etmək olacaq. Daha doğrusu, onların fəaliyyəti barədə Prezident Administrasiyasına hesabat verəcəklər.