“Buta Palace”da toy etməyən nazirin aqibəti

Prezidentliyə namizədlərin debatları zamanı digərlərinin Cəmil Həsənliyə qarşı ən aqressiv anlarını yəqin ki, xatırlayırsınız. Ilham Əliyevin rəsmi və qeyri-rəsmi vəkilləri az qala Cəmil Həsənlini didib parçalamağa hazır idilər. Xüsusi təlim görmüş (!) bu vəkil və namizədlərin məhz hansı epizodlardan sonra Cəmil Həsənliyə saldırmasını dəqiqləşdirmək üçün yenidən o debatları seyr etdim. Məlum oldu ki, burada ayrı-ayrı epizodlar yoxdur, məhz bir “epizod” var. Bəli, əziz oxucu, söhbət Cəmil Həsənlinin Ilham Əliyev və onun ailəsinin sahib olduğu və milyardlara ölçülən sərvətindən bəzi epizodları açıqlamasından gedir. Azərbaycan dilini anlamayan bir siyasətçiyə bu kadrları göstərib və ondan nə baş verdiyini soruşsaq, əcnəbi heç fikirləşmədən deyəcək ki, mənə elə gəlir ki, namizədlərdən biri (Cəmil Həsənli) dövlət sirrini açıqlayır, digərləri isə şiddətlə ona etiraz edirlər. 

Yenidən o kadrları izləyəndə adamı doğrudan da dəhşət bürüyür. Cəmil müəllim həm də bərbad xarici siyasətdən, 20 il ərzində bir qarış belə alınmayan Vətən torpağından, qeyri-müharibə şəraitində həlak olan minlərlə əsgərlərimizdən, hər il Azərbaycandan bir parça çörək dalınca yad ellərə gedən yüz minlərlə soydaşımızdan, nəhayət kütləvi işsizlikdən də danışdı. Bəs bu ağır ittihamlara əks-arqument gətirmək əvəzinə, Ilham Əliyevin vəkilləri və müdafiəçiləri rolunda çıxış edən 6 namizəd 10 saat ərzində  Cəmil Həsənliyə hey “prezidentə böhtan atmayın, onun heç bir əmlakı yoxdur, quru maaşla dolanır, o müqəddəsdir” dedilər. Bu standart frazaları işlədən zaman bəziləri başlarını aşağı dikdilər, inanmayan varsa, yenidən o kadrlara baxsın. Mövzudan bir az kənara çıxaraq, qeyd edim ki, mənim üçün ən qaranlıq məqam elə bu oldu. Odur ki, bir az pozitiv olsun deyə bunu gələcək hakimiyyətə yönəlik “biz hələ ölmədik, görürsünüz utanırdıq” mesajı kimi qəbul etdim. Bunu zarafat kimi qəbul etməyin, mən ciddi deyirəm. Prezident və onun ailəsinə məxsus milyardları, sayı yüzlərlə, dəyəri milyonlarla ölçülən obyektləri danan insanlardan nə desən gözləmək olar. Azmı gördük belə şeylər?

…”Ölkə talanır, prezidentin xəbəri yoxdur”. Talanı gizlətmək mümkün olmadığından rejim ideoloqları indi də bu şüarı ortaya atıblar. Artıq bu son şüar da köhnəlib…

Lap elə bu günlərdə prezidentin Mühafizə xidmətinin rəisi Bəylər Əyyubovun bacısı oğlu və onun dostlarını Bakıda yerləşən dəbdəbəli “Opera sky” restoranında şuluq saldıqlarına görə həbs etdilər. Bunaqədərki “şuluqluq”lardan fərqli olaraq, nə adam güllələndi, nə restorana od vuruldu, nə də ki, kiminsə sağlamlığına ağır zərər dəydi. Bu sadə, sıradan bir şuluqluğa görə generalın bacısı oğlunu obrazlı desək, Əli Kərimlinin qaynı kimi mühakimə etdilər. Təxminən o qədər iş verdilər.

General Bəylər Əyyubovun və ona bağlı dairənin nüfuzuna, real təsir imkanlarına, iqtisadi qüdrətinə görə yalnız hakim ailədən geri qaldığı heç kimə sirr deyil. Bir neçə il bundan öncə onun qohumları ilə daxili işlər naziri Ramil Usubovun yaxınları arasında qan tökülməsi ilə müşayiət olunan konflikt zamanı kimsə həbs edilmədi. 

Indi bizə sırımağa çalışırlar ki, “Opera sky” restoranının sahibi, sıradan bir vətəndaş o boyda generala güzəştə getməyib, deyib ki, işgüzar nüfuzuma xələl gətirən, müştərilərimi narahat edən şəxs cəzalanmalıdır. 

…”Torqovı”nın bağrına sancılan “Nərgiz” ticarət mərkəzinin kimə aid olduğunu Azərbaycanda bilən adamların sayı təxminən 9 milyondur. Təxminən o qədər insan da, “28 may” metrosundakı “28 mall” möhtəşəm alış-veriş mərkəzinin kimə məxsus olduğunu sizə asanlıqla söyləyə bilər. Azərbaycan üçün müqəddəs sayılan “28 may”ı “28 mall” etmək hüququnun bu ölkədə kimin əlində olduğunu deməyi artıq hesab edirəm, oxucular məndən də yaxşı bilir. Bu cür “naməlum” obyektlər Bakıda yüzlərlədir.

… Mümkünsüzlüyün hüdudunda mümkünlük – əzəmətli səslənir, deyilmi? 

Dahi rus sərkərdəsi A.Suvorovu xarakterizə edən bu əsrarəngiz fraza bu gün Azərbaycanda tez-tez işlədilir. Ağlınıza Qarabağ, Şuşa, Xankəndinə nə vaxtsa edəcəyimiz uğurlu hücumlar gəlməsin, o romantika Elçibəylə getdi… 

Bu ölkənin ən əzəmətli obyektlərindən biri olan “Buta Palace” kompleksinin epiqrafıdır. Bu obyekt kimindir, niyə bütün iri məmurlar öz övladlarının toyunu orada etməyə məhkum edilib?

Bu sualların cavabını isə az qala bütün MDB bilir…