Ustad şair Nazim Hikmət həbsxana şeirlərindən birində yazırdı:
kardeşim
sonu tatlıya bağlanan kitaplar yollayın bana
uçak sağ salim inebilsin meydana
doktor gülerek çıksın ameliyattan
kör çocuğun açılsın gözleri
delikanlı kurtarılsın kurşuna dizilirken
birbirine kavuşsun yavuklular
düğün dernek yapılsın hem de
susuzluk suya kavuşsun
ekmek de hürriyete
kardeşim
sonu tatlıya bağlanan kitaplar yollayın bana
onların dediği çıkacak
eninde de sonunda da…
Əslində mən bilmirəm, elə bir kitab varmı ki, o insana xilas yolu göstərməsin. Hər kitab insanlığın xilasının fərqli düsturunu, yolunu göstərir. Amma heç biri yazmır ki, xilas yoxdur. Yaxşı son yoxdur.
Bəli, bütün yaxşı, gözəl, dahiyanə kitablar bizim tərəfimizdədir. Daha doğrusu, bizim müdafiə etdiyimiz dəyərlərin qələbəsi haqqındadır. Ustadın dediyi kimi, enində-sonunda haqqın, hürriyyətin qalib gələcəyinə inam haqqındadır.
Dünya ədəbiyyatına damğasını vuran elə bir kitab yoxdur ki, onu oxuyasan və Şərin məğlubiyyətindən bədgüman olasan. Xeyrin zəfərinə inamını itirəsən.
Bütün yaxşı, gözəl kitablar bizə hər qaranlığın sonunda bir aydınlıq olduğunu anladır.
“Taun”u (Alber Kamyu) ilk dəfə oxuyarkən çox sarsılmışdım. Günlərlə düşünmüşdüm ki, müqavimət mənasızdır, Kamyunun haqqında danışdığı “taun”dan – faşizmdən heç zaman qurtuluş yoxdur. O hər zaman bir qiyafədə bizim qarşımıza çıxacaq. Lap indi urfaşizm formasında peyda olduğu kimi. Beləcə, “Taun” mənim yaddaşımda qaramat bir əsər kimi qaldı. Aradan illər keçdi, mən “Taun”u yenidən oxudum və tamam fərqli düşünməyə başladım. Bəli, günlərin bir günü taun insanlarını qoca, cavan, qadın, uşaq demədən öldürdüyü, məhv etdiyi şəhərdən çəkilib gedir, o yenidən qayıda da bilər, amma kök ata, əbədi qala bilməz.
Kafkanın insanın üzərinə qaranlıq kimi çökən “Çevrilmə”si belə xilasın bir priyomudur. Kimsə də o cür xilas olmaq istəyirsə, qoy olsun.
***
Bəzən bizə elə gəlir ki, azıq, çox az, cəmi bir ovuc. Əslində elə belədir də. Üstəlik, əlimizdə heç bir güc yoxdur, bütün güc qarşı tərəfdədir – pul, polis, ordu. Bütün mikrofonlar, tribunalar, meydanlar işğal edilib, zəbt olunub, hasarlanıb və siz özünüzü lap Kamyunun qəhrəmanı kimi “mühasirə vəziyyətinə düşmüş fərd” hesab edirsiniz. Sanki dirəşməyin, cəhdin mənası yoxdur, ən yaxşısı oturub əcəl saatının tamam olmasını gözləməkdir.
Amma doğrudan da belədirmi? Bir anlıq düşünün – “Səfillər” sizinlədir.
“Mənim universitetlərim” sizinlədir.
“Madam Bovari” sizinlədir.
“1984″ sizinlədir.
Çexovun hekayələri, Dostoyevskinin romanları, Nerudanın şeirləri sizinlədir. Bütün yaxşı kitablar sonda məhz sizin yanınızda olduğunuz dəyərlərin – azadlıqların, ədalətin zəfərindən danışır, işığın, aydınlığın qələbəsini nişan verir.
Yaxşı, bundan sonra, təslim olmaq, inanmamaq mümkündürmü? Elə ona görə də hətta Şərə qarşı mübarizədə əlindən heç nə gəlmirsə, oturub “Səfillər”i oxumaq və başqalarına oxutmaq özü də mübarizədir. Bizə belə söhbətlər bəzən çox qeyri-ciddi gəlir. Kitabların rolunu Şər rejiminin özü qədər düzgün qiymətləndirə bilmirik. Yoxsa onun kitabsızlaşdırma, savadsızlaşdırma siyasətinə inad biz kitabdan daha çox yapışar, onun gücünə daha çox güvənər, onu daha çox təbliğ və təşviq edərdik.
***
Ustad Nazimə inanın.
Bir-birinizə kitablar yollayın. Oxuyun və oxutdurun.
Oxuduqca özünüz, oxutdurduqca isə başqaları da görəcəklər ki, az deyilsiniz, bir ovuc deyilsiniz, “mühasirədə” deyilsiniz – Servantes sizinlədir. Hüqo sizinlədir, Qorki sizinlədir.
Neruda, Çexov, Flober, Selincer sizinlədir.
Ondan sonra nə polis dəyənəyi, nə AzTV. Nə “TOMA”lar, nə gözyaşardıcı qazlar. Nə rezin güllələr, nə başqa bir şey – heç nə, amma heç nə sizin ümidinizi qırmağa, iradənizi əzməyə, vicdanınızı susdurmağa yetməyəcək. Damarlarınızda gec-tez çalınacaq bir zəfərin şirin dadını hiss edəcəksiniz.
Nazimə inanın.
Bir-birinizə kitablar yollayın. Oxuyun və oxutdurun.
Onsuz da əvvəl-axır kitablarda yazılanlar olacaq.
Elnur Astanbəyli