Yanğına qarışmamaq

Romadakı “Həqiqətin ağzı” abidəsi haqqında eşitmisinizmi? Hər halda məşhur “Roma tətilləri” filminə baxanlar eramızdan əvvəl 4-cü yüzilliyə aid edilən o abidəni xatırlayarlar. Əsrlər boyu “Həqiqətin ağzı” abidəsini “yalan detektoru” hesab edirdilər. 

Inanca görə, yalançı əlini ora soxarsa, ilahi onu dişləyə bilər. 

Bir anlıq təsəvvür edək ki, “Həqiqətin ağzı” Azərbaycandadır və hər hansı yapçı əlini ora soxur. Maraqlıdır nə baş verərdi? Ilahi onu dişləyərdimi? Çətin. Yəqin həmin əli dişləmək əvəzinə öpər, hörmətli cənab prezidentdən razılıq edər, uğurlu daxili və xarici siyasət haqqında uzun-uzadı danışardı.

Bu sadəcə bir ironiya deyil, bu, Azərbaycanın acı, ağrılı reallığıdır. Bizdə hər cür məntiqi əlaqə itib, yeganə işlək məntiq – məntiqsizlikdir. Əslində nə olmamalıdırsa, o asanlıqla olur. Nə olmalıdırsa, o heç vaxt olmur. 

Darıxmayın, izah edəcəm.

***

Deyək ki, siz yazıçısınız. Fikirli halda küçədən keçirsiniz, beyninizdə də yeni əsərinizin süjetini qurursunuz. Qəfil görürsünüz, bir ev yanır. Məntiqlə ilk atacağınız addım nə olmalıdır? Əlbəttə, yanğınsöndürən çağırmalısınız. Amma təsəvvür edin ki, siz heç nə olmamış kimi, yolunuza davam edirsiniz, axı siz yazıçısınız, yanğına qarışmırsınız, beyninizdə isə yeni əsərinizin qurmaqda olduğunuz süjeti var. Bu hansı əxlaqa və vicdana, ən əsası məntiqə sığardı? Bəlkə, o evdə yanan elə sizin öz oxucunuzdur? Bəlkə, heç oxucunuz deyil, nə dəxli var, insanlıq, vətəndaşlıq məsuliyyəti sizdən ilk növbədə o evi və evdəkiləri xilas etməyi tələb etmirmi? 

Bax, indi biz Azərbaycanda məhz belə bir mənzərə ilə qarşı-qarşıyayıq. Ölkə korrupsiyadan, məmur özbaşınalığından, talançılıqdan, məhkəmələrin ədalətsizliyindən alovlanır, yanıb külə dönmək üzrədir, böyük çoxluq isə vətəndaşlıq borcunu çoxdan unudub. Heç kim “yanğın”a qarışmaq istəmir – yazıçı hesab edir ki, onun vəzifəsi öz sakit hücrəsinə çəkilib, yanıqlı vətən şeirləri yazmaqdır, xanəndə hesab edir ki, onun borcu yanıqlı segah çəkməkdir, dinçi hesab edir ki, onsuz da bütün zalımları o biri dünyada yandıracaqlar və s. və i.a

Bu gün Azərbaycanda çoxluğun dilində əzbər olmuş “mən siyasətə qarışmıram” sözləri əslində “mən yanğına qarışmıram” kimi başa düşülməlidir. Çünki artıq bizdə nə siyasi meydan var, nə siyasi mübarizə imkanları, nə siyasi qüvvə. Ortadakı mübarizə – yanğını söndürməyə bənzəyir. Bir ovuc adam məşhur bir rəvayətdə olduğu kimi, dimdiyindəki su ilə böyük bir yanğını söndürməyə çalışır. Korrupsiya, yalan, talan alovlarının bir toplumun dünənini, bu gününü və ən əsası – gələcəyini yandırıb külə çevirməsinin qarşısını almağa çalışır. Bacaracaqlarmı? Inanaq ki, bacaracaqlar. Bəs bacarmasalar? O zaman onları heç kim günahlandırmayacaq, günahlandırmamalıdır. Onlar yanğına əllərindən gələni etdikləri üçün vicdanları və tarix qarşısında cavab verə biləcəklər. Qınaq və tənənin tək ünvanı isə bu yanğına qarışmayanlar, bu yanğından dimdiklərindəki bir qətrə suyu əsirgəyənlər olacaqlar.

***

Mətləb daha yaxşı anlaşılsın deyə yazıya ibrətamiz bir hekayətlə nöqtə qoyaq.

Bir gün Nəmrud Ibrahim peyğəmbərin odda yandırılmasını əmr edir. Böyük bir tonqal çatılır. Ibrahimi tonqala atırlar. 

Bu vaxt tamaşaya yığılan adamların arasından bir nəfər baxıb görür ki, bir qarışqa dimdiyindəki su damlası ilə tonqala doğru tələsir. Soruşur:

– Qarışqa qardaş, ağlın hardadır, o bir damcı su ilə bu boyda tonqal sönərmi heç? 

Qarışqa cavab verir:

– Doğrudur, bəlkə də sönməyəcək, amma əsas odur ki, mən indi səfimi bəlli edirəm. Göstərirəm ki, Ibrahiminmi yanındayam, yoxsa onu yandıranlarınmı?!..  

Qarışqa dimdiyindəki o bir damcı suyu tonqala atarkən bir ilan da dayanmadan tonqalı üfürürmüş ki, daha gur yansın. Ondan niyə belə etdiyini soruşanlara isə belə cavab verirmiş:

– Bu gün bayramdır. Bu gün bir peyğəmbər yanır!

Elnur Astanbəyli