“Müvəqqəti saxlanma təcridxanası işgəncə yerinə çevrilib”

AXCP Binəqədi təcridxanasında baş verənlərlə əlaqədar yerli və beynəlxalq ictimaiyyətə çağırış etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Binəqədi rayonunda yerləşən, inzibati qaydada sutkalıq həbs cəzası alanların saxlanıldığı məntəqədəki özbaşınalıqlarla əlaqədar bəyanat yayıb. Bəyanatda Binəqədidəki müvəqqəti saxlanma təcridxanasındakı şəraitdən ciddi narahatçılıq ifadə olunub:

“Bu təcridxana son zamanlar öz statusunu unudaraq, etirazçı insanlara qarşı cəza məntəqəsinə çevrilib. Ölkədə baş verən neqativ hallara etirazını dinc formada bildirən gənclər ədalətsiz və siyasi sifarişli məhkəmə qərarları ilə ora atılıb. Bu, azmış kimi, təcridxanada fəallar qanunsuz cəzalara, qeyri-insani rəftara məruz qalır.

Ötən bir ildə saxlanılan fəallara qarşı təcridxanada ən müxtəlif qanunsuz tədbirlər görülüb; onlar döyülüb, zorakılıqla saçları kəsilib, gizli fotoları çəkilərək, mediaya ötürülüb.

Eyni zamanda, saxlanma yerində qida təminatı pisləşib, saxlanılanlara evdən gətirilən qidaların qəbulu dayandırılıb”.

AXCP yerli və beynəlxalq ictimaiyyəti repressiya alətinə çevrilən Binəqədi təcridxanasına diqqət yetirməyə səsləyir.

Partiya eyni zamanda, hüquq-müdafiə təşkilatlarının təcridxanada ciddi monitorinq aparmasını vacib sayır və buna çağırış edir.

AXCP bəyan edir ki, hakimiyyət də azadlığı məhdudlaşdırılan insanlara qarşı namərd davranışlarının fərqində olmalı, bunun məsuliyyətini dərk etməlidir.