«Azadlıq» vicdan məhbusu Yadigar Sadıqovun evinin qonağı oldu
Son dövrlər yeni il gələndə azərbaycanlıların böyük əksəriyyətində qətiyyən bayram əhval-ruhiyyəsi hiss olunmur. Insanların çoxu üçün sadəcə, təqvim dəyişir. Bunun da xeyli səbəbləri var: sosial-iqtisadi durum, yüzlərlə ailədə üzvlərdən birinin günahsız həbsdə olması və s. Belə ailələrdən biri də Lənkəranda yaşayan Sadıqovlardır. Söhbət ötən il iyunun 27-dən bəri siyasi sifarişlə həbsdə saxlanılan Müsavat başqanının müşaviri Yadigar Sadıqovun ailəsindən gedir. Yeni ildə bu ailəyə baş çəkdik…
Deyilənlərdən belə başa düşdük ki, 45 yaşlı Yadigar Sadıqov ilk dəfədir Yeni ili ailəsindən kənarda keçirir.
Məlumat üçün bir daha yada salaq ki, müəllim olan Yadigar Sadıqova qarşı xuliqanlıq ittihamı irəli sürülüb.
“Yadigarı il yarım əvvəl həbs eləməli idilər…”
Yadigar Sadıqovun kiçik mənzilində hər kəs öz stulunda əyləşmişdi, təkcə müəllimin masası, kompüteri boş idi. Valideynləri, övladları, nəvələri kimi, dəftər-kitabları, fəal olduğu sosial şəbəkələr də onun yolunu gözləyir.
Gövhər ana deyir ki, Yadigar bəyin kənarda olması ailə üçün çox çətindir: “Bizim tək övladımızdır. Ancaq nə edək, taleyimiz belə yazılıb”.
Gövhər xanımın sözlərinə görə, Yadigar Sadıqov həbs olunacağını ehtimal edirmiş. Hətta ailəsini də xəbərdar edib: “Iki gün qapımızda pusquda durdular. Ancaq Yadigar büruzə vermirdi, yenə öz işində idi. Sonuncu dəfə polis bölməsinə gedəndə bizimlə görüşmədi. Istəmədi ki, narahat olaq. ”Qayıdacağam” dedi və getdi. Yadigarın dediyinə görə, onu il yarım öncə həbs etməli idilər. Sadəcə, bir müddətlik təxirə salıblar”.
Ailəsi Yadigar Sadıqova “Ehtiyatlı ol!” desə də, buna fikir verməyib: “Bizə nə yazdığını demirdi. Ancaq haqqı yazırdı. Kiməsə sataşmırdı, yalan yazmırdı, söyüş söymürdü, yalnız düzü deyirdi. Kəndə-kəsəyə gedirdi, orada problemləri görürdü və ondan yazırdı. Xəstəxanaların bərbad gündə olmasını, təqaüd almaq üçün rayonun mərkəzinə gələn insanların hansı zülmlərə düçar edildiyini qeyd edirdi. Problemləri qabardıb, müəyyən məsələləri həll edə bilirdi. Bir neçə kəndə bankomat qoydura bilmişdi. Neqativ halları görürdü, buna ”Olmaz!” deyirdi. Bu da kimlərinsə xoşuna gəlmirdi”.
“Bir əqidəsidir, bir də özü…”
Haqqı müdafiə edib, nahaqqa qarşı çıxdığı üçün Yadigar Sadıqov universitetdən uzaqlaşmalı olub: “Üç il idi ki, dərs demirdi. Dərs bölgüsünü bəhanə etdilər, ancaq ərizə yazmadı, mexaniki olaraq işdən çıxartdılar”.
Həbsdən öncə səhhətinin pis olduğunu deyən Gövhər xanımın sözlərinə görə, övladı əqidəsini hər şeydən üstün tutdu: “Haqsızlığa göz yuma bilmirdi. Getdiyi yol çətindir, ancaq şərəfli yoldur. Çox vəzifələr təklif edildi, hamısından imtina etdi. Hətta məktəb direktorluğuna qədər təklif etdilər. Razı olmadı, dedi ki, məktəb direktoru olsam, gərək susam, müxalifətin əleyhinə danışam, haqsızlıqla barışam. Bunu istəmədiyi üçün təklifləri rədd etdi. Heç nəyi yoxdur, nə maşını, nə pulu, nə də yaxşı mənzili var. Bir əqidəsidir, bir də özü, vəssalam”.
Yadigar Sadıqov ailə üzvlərini narahat etməmək üçün onlara deyib ki, indi özünü yaxşı hiss edir, bir növ dincəlir: “Deyir ki, narahat olmayın. Vaxtlı-vaxtında yatıram, istirahət edirəm. Evdə onun dincliyi yox idi. Nə vaxt baxırdıq, görürdük ki, işləyir. Hətta namaza duranda belə, iş başında idi, yazırdı, pozurdu”.
“İşsiz qaldı, çətinlik çəkdi, amma yolundan dönmədi…”
Oğlunun məhkəməsindən danışan Gövhər ana bu prosesin məhkəmə yox, komediya adlandırmasının tərəfdarıdır: “Hər şey göz önündədir. Ortada bir fakt yoxdur, ancaq prokuror oğluma 7 il iş istəyir. Niyə? Yadigar nə edib? Hamı bilir ki, Yadigar adam döyən deyil. Üstəlik, sıravi vətəndaşı yox, Qarabağ əlilini. Birincisi, Rəşid Kərimovun Qarabağ əlili olmasına şübhə edirəm. Məhkəmədə özünü aparmağından sifariş yerinə yetirdiyi görünür. Yəqin ki, Yadigar bunları çox güclü tənqid edib. Belə olmasaydı, bu qədər gülünc ittihamlarla onu həbs etməzdilər. Nə edirlərsə, özlərinə edirlər”.
Gövhər ana söhbətə belə yekun vurur: “Müəlliməyəm, tarixdən az da olsa, xəbərim var. Oğlumun məhkəməsi çox biabırçı keçir. O qədər biabırçı ki, prosesə gələn adamlar belə, bu haqsızlığa dözə bilmirlər. Ancaq görünür, onlar fikirlərində qətidir. Yadigar özü də fikrindən, yolundan dönən deyil. Onun bir amalı olub – həqiqəti demək. Yadigar işsiz qaldı, çətinlik çəkdi, yolundan dönmədi. Istəsəydi, yaxşı şəraiti olardı. Əqidəsini maddiyyata satmadı”.
***
“…Məhkəmə zalında görüşəndə məndən ayrılarkən yəqin ki, göz yaşlarını gizlətmək üçün başını aşağı salıb getdin. Etmə, oğlum. Başını hər zaman dik tut. Sənin başının ucalığı mənim mübarizəmin motivlərindən biridir. Nə mənim həbsimdə, nə sənin göz yaşlarında utanılacaq bir şey yox…” – bu, Yadigar Sadıqovun oğlu Məhəmmədə yazdığı məktubundan kiçik bir hissədir. Tarixdə belə atalar və bu cür məktublar çox olub…
Ramin DEKO