Mirkazım Kazımov, eşidirsiz?

Beş il sonra nəvələrinizə nə deyəcəksiz?

Deməli belə, bizim cəmiyyətimizin düşmənləri təkcə torpaqlarımızı işğal edənlər deyil. Həm də millətin gözünü kor, qulağını kar edənlərdir. Onun bilgilənməsinə imkan verməyənlərdir. “Azadlıq” qəzetini Sovet imperiyasından bəri özünə düşmən elan edənlər hər zaman tarixdə biabırçılıqla xatırlanıblar.
Amma niyəsə qəzet satışı ilə məşğul olan, informasiyanın nədən ibarət olduğunu bilən “Qasid” firması, onun rəhbəri Mirkazım Kazımov bu olanlardan nəticə çıxarmır. “Azadlıq” qəzetinin satılan nüsxələrinin pulunu vermir. Hakimiyyət Metropolitendə qəzet satışına qadağa qoyub. Üstəlik, YAP Siyasi Şurasının üzvü olan Mirkazım Kazımov da bu siyasətin icraçısıdır. Bu adamlar fikirləşmirlər ki, övladlarının soyadları üstündə tarixi bir ləkə qoyurlar. “Azadlıq”ın düşmənləri kimi tarixə düşmək onlara nə qazandıracaq. Bu gün millət 1937-ci ildə stalinizmə xoş gəlmək üçün öz millətinə yamanlıq edənləri necə xatırlayırsa, Əliyevlərə görə “Azadlıq”a mane olmaq istəyənləri də elə xatırlayacaq. Amma uzun zaman sonra yox. Lap yaxın gələcəkdə. Bu adamlar təkcə bizimlə yox, öz yaxın gələcəkləri ilə düşmənçilik edirlər. Bizim üzərimizdən pul qazanırlar, amma halal haqqımızı vermək istəmirlər. Biz indi deyirik ki, verin, həyatı hər gün riskdə ola-ola, azad bazar, demokratik ədalətli cəmiyyət uğrunda mübarizə aparan insanların haqqını. Yoxsa, ədalət bərqərar olanda, ona nə cavab verəcəksiz?