
KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu növbəti üç ay ərzində layihələrini maliyyələşdirəcəyi mətbuat orqanlarının siyahısına “Azadlıq” qəzetini daxil etməməsi ekspertlər tərəfindən birmənalı dəyərləndirilmir. Fondun qəzetin layihəsini maliyələşdirməkdən imtina etməsiylə bağlı gətirdiyi səbəb də əsaslı sayılmır. Hesab edilir ki, qəzetin tez-tez məhkəmə çəkişmələrinə çıxması üzündən bank hesabına həbsin qoyulmasını səbəb kimi göstərmək əslində bəhanədir. Və baş verənlər müstəqil mediyaya qarşı bir təzyiq vasitəsidir.

Şahin Hacıyev: «Hesabın bağlılığını bəhanə gətirərək maliyəni kəsmək siyasi sifarişin icraası sayıla bilər»
«Turan» İnformasiya Agentliyinin redaktoru Şahin Hacıyevin qənaətincə, «Azadlıq» qəzeti ilə əməkdaşlıqdan imtina təsadüfi deyil. Ş.Hacıyev hesab edir ki, fond layihəni dayandırmaqdansa qəzetin hesabının nəyə görə bir müddət həbsdə olmasını araşdırmalıdır: «Əgər KIV-in Inkişafına Dövlət Dəstəyi Fondu mətbuata dəstək vermək istəyirsə, araşdırmalıdır ki, ölkənin ən tirajlı qəzetinin bank hesabına nəyə görə həbs qoyulmuşdu. KİVDF-ni daha çox bu narahat etməlidir. Hesabın bağlılığını bəhanə gətirərək maliyəni kəsmək siyasi sifarişin icraası sayıla bilər. Bu qəzetə qarşı bir təzyiq formasıdır və bundan istifadə olunur».
Mahal İsmayıloğlu: «Azadlıq» qəzetinə yönələn bütün vasitələr tükənəndən sonra daha ucuz bəhanələr meydana çıxır»
Tanınmış jurnalist Mahal İsmayıloğlu isə hesab edir ki, KİV DF baş verənlərlə bağlı həm hakim, həm də prokuror rolunda çıxış edir. Yəni gətirilən arqumentləri səbəb kimi ortalığa qoymağa onların arqumenti yoxdur. KİV DF ictimai bir qrumdur və ictimai qurumun belə addım atmağa səlahiyyəti yoxdur. Aydın məsələdir ki, «Azadlıq» qəzetinə yönələn bütün vasitələr tükənəndən sonra daha ucuz bəhanələr meydana çıxır. Amma bu da bir tarixdir. Əslində Azərbaycanda nə qədər mətbuat azadlığının mövcud olduğu fikrini yaratmaq istəiyrlərsə, nəticə gözlənilən kimi olmur. Hakimiyyətin «Azadlıq» qəzetinə qarşı atdığı addım əvvəlki fəaliyyəti puça çıxardır. Belə addımdan sonra hansı haqddan, ədalətdən söhbət gedə bilər».
Hikmət


