Bir gündə təkcə «Azərbaycan» qəzetində mitinqin əleyhinə 9 məqalə dərc olunub
Hakimiyyət mediası birləşmiş müxalifətin 2 aprel mitinqini qaralamaq üçün var gücüylə çalışır. Bütün televiziyalar bu istiqamətdə səfərbər olunub. Rəsmi qəzetlərdən isə danışmağa dəyməz. Təkcə “Azərbaycan” qəzetinin son sayında mitinqlə bağlı nə az, nə çox 9 məqalə dərc olunub. Məqalənin qəhrəmanları hakimiyyətdən bu və ya digər formada bəhrələnən deputatlar, sənətçilər, idmançılar, fəxri ad sahibləridir. Onların arasında deputat Zahid Oruc və Fərəc Quliyev, müğənni Ilhamə Quliyeva da var. Maraqlıdır ki, müxalifətin gücü həmin məqalələrdə qeyd olunduğu kimi zəifdirsə və xalq bu hakimiyyətdən razıdırsa, o zaman bu qədər təşvişə və əziyyətə nə gərək var? Belədirsə, xalq hakimiyyəti bu antitəbliğat və qaralama kampaniyası olmadan da dəstəkləyəcək.
«Gör, hakimiyyət nə gündədir ki, zahidoruclara, ilhaməquliyevalara möhtac qalıb»
AXCP sədrinin müavini Gözəl Bayramlının fikrincə, bütün bunlar hakimiyyətinin 2 aprel mitinqindən necə narahatlıq keçirdiyini göstərir: “18 ildir bu hakimiyyət Azərbaycan xalqına problemlərdən başqa heç nə verməyib. Illərdir ölkənin sərvətlərini talayıb, bir tikə çörək üçün 2 milyondan çox vətəndaşını ölkədən didərgin salıb. Xalqa xidmət əvəzinə ətrafına saxta mandat alan deputatları, sənətçiləri, idmançıları toplayır. Bunlar vasitəsilə də öz təbliğatını aparır. Görün, hakimiyyət nə gündədir ki, xalqın başqa təbəqələrinə çıxa bilmir. Sadə insanlardan oğurladığı pulları bir qrup adama verərək onlardan öz təbliğatı üçün yararlanır”.
G.Bayramlı sosial problemlər altında əzilən xalqın bu çağırışlara inanmadığını deyir: “Xalq bu çağırışlara aldanmaz. Onsuz da Az.TV illərdir bu təbliğatı aparır, amma xalq onun dediklərinin heç birinə inanmır. Hakimiyyət mətbuatında gedən yazılar da bu qəbildəndir. Müxalifəti qaralayan bu şəxslər əsl sənətkardırsa, həqiqi millət vəkilidirsə, xalqın digər təbəqələrini də düşünsünlər. Ilhamə Quliyeva fikirləşsin ki, Azərbaycan pensiyaçısı 80-90 manat pul alır. Zahid Oruca, Fərəc Quliyevə, Ilhamə Quliyevaya sual verirəm, bu pulla neçə saat yaşaya bilərsiniz? Amma bu hakimiyyət onu Azərbaycan xalqına rəva görür. Tələbəyə qəpik-quruş verir. Bütün bunlar onu göstərir ki, hakimiyyət xalqdan dəstək gözləmir. Vay o hakimiyyətin halına ki, zahidorucların, ilhaməquliyevaların ümidinə qalıb. Deməli, Azərbaycan xalqı düz yoldadır”.
«Hökumət inqilabın nəfəsini kürəyində hiss etməyə başlayıb»
Müsavat başqanının müavini Tofiq Yaqublu da deyir ki, hökumətin nəzarətində olan televiziyaların və qəzetlərin 2 aprel mitinqi ilə bağlı səfərbər olması ciddi bir narahatçılıqdan xəbər verir: “Hökumət inqilabın nəfəsini kürəyində hiss etməyə başlayıb. Başa düşür ki, dəyişiklik qaçılmazdır. Batan adam saman çöpündən yapışan kimi, bunlar da antitəbliğatdan yapışıblar. Amma ölkədəki vəziyyət tamamilə onların əleyhinə işləyir. Ona görə narahatdılar. Iqtidara yarınanlar isə başa düşməlidirlər ki, ən böyük dəstək xalqdan gəlir, bu cür çıxışlarla özlərini ucuzlaşdırmasınlar”.



