Bayramda intihar edənlərin arzusu

Yaxud intiharların sosial partlayışa çağırış fişənginə çevrilməsi haqda…

Ötən ilin son günlərində Qarabağ qazisi Zaur Həsənov canına qıydı. Bu ilin ilk günlərinin birində səhər çağı Milli Ordunun əsgərinin, günorta 15 yaşlı məktəblinin, günün sonunda isə Sabunçu sakini olan 20 yaşlı gəncin intihar xəbəri gəldi. Görüntüləri yayıldı… Buna qədər də belə hadisələr olmuşdu. Amma bu intiharların bir xüsusi fərqi var ki, bu özünəqəsdlər bayram günlərində oldu. Nədir bunun özəl fərqi? Bunu araşdırmağa, aydınlaşdırmağa çalışacağıq.
“Facebook”da bir xanım yazmışdı ki, özünü də, özgəsini də öldürmək məcburiyyətində qalmağın, böyük mənada, günahkarı mühitdir, sistemdir, yəni, siyasi idarəçilikdir. Nə qədər əsaslıdır bu fikir? Çünki bu cür yanaşmalar geniş yayılsa da, bunun əksi olan fikirlər də var. Bəziləri hesab edir ki, bunu bəhanə edib, siyasi rəqibləri tənqid etmək üçün əsas yaradanlar var. Doğrudanmı bu belədir? Amma biz bu suallara cavab taparkən dərin siyasi analiz etmək fikrində deyilik. Insanların məişət və qohumluq, bayram və “əziz gün” psixologiyasına istinad edəcəyik.
Fikrimcə, ən maraqlı məqam bir insanın özünü bayram günlərində öldürmək istəməsidir. Niyə? Bu suala da aydınlıq gətirəcəyik. Fəqət, daha qorxunc amillərdən biri intiharların yaşıdır. Son dörd olaydan biri 40 yaş civarında, digərləri isə 20 ətrafında və ondan aşağıdır. Bunun özü də üzərində dayanılası məqamlardandır. Görünür, bu psixologiyanın dərinləşməsi təhlükəsinə qarşı da addımlar atmaq şərtdir. Amma necə?

Şövq ölmədikcə…

“Insanların ən sonuncu istədikləri şey ölümdür” desəm, yalan olar. Çünki insan ölməyi ağlından belə, keçirmək istəmir. Fizioloji baxımdam həyat sona yaxınlaşdıqca daha gənc görünməyə cəhd edir. Insan bunu ona görə edir ki, ölüm haqqında düşüncələri özündən uzaq tutsun. Bu həm də yaşamaq duyğusudur. Mehmet Altanın “Üsyan günlərində aşk” romanındakı bir səhnə bu mənada, yaddaşımda əbədi qalacaq:
Bayırda Osmanlı paşasının kəlləsini almaq üçün minlərlə əli silahlı var. Amma yaşlı paşa öz gənc sevgilisi ilə sevişməkdədir. Onun üçün həyat son dərəcə şövqlü, təhlükələr isə anlamsızdır.
Bu misalı ona görə çəkdim ki, biz gənc insanların intiharı barədə düşünərkən onların keçirdiyi həyati sarsıntıları nəzərdən qaçırmayaq. Intihar sadəcə ölmək istəyi ola bilməz. Bu bir qərardır, anormal həyati və psixoloji hadisələrdən çıxa bilməməyin yaratdığı analiz və axtarışların gəldiyi nəticədir. Ölüm ölmək istəməyin deyil, yaşaya bilməməyin nəticəsidir. Bu mənada, insan taleyinin rəngarəngliyi onun üçün daha çox yaşamaq iddiası yaradır. Bu, kütləvi hal alırsa, artıq fərdlərin psixoloji sarsıntılarından, həyat hekayələrindən danışmaq metodiki səhvdir. O zaman biz  məcburuq ki, toplumun həyat hekayəsini araşdıraq, bu özünəqəsdlərin səbəbini onda axtaraq. Daha doğrusu, toplumun hekayəsində paralel addımlayan fərdlərin tele-süjetlərini tapaq. Bu zaman bizə aydın olacaq ki, bu uçurumun başına gətirilmiş bir sürü insanın tədricən əsəblərinə məğlub olaraq uçurumda gözləməkdən qurtulmaq cəhdləridir.

O, daha sevişməyəcək…

Bir neçə gəncin intiharı, həm də toplumda geniş mənada, sabaha olan inamsızlığın ifadəsidir. Onun nələrdən imtina edib özünə qıydığını sıralamaqla qurtarmaq olmaz. O bilir ki, öləndən sonra gəzmək, görmək istədiyi yerləri görməyəcək. Insanlar bəzən sadəcə, “görmək” arzusu ilə yaşayırlar. O bilir ki, bir daha sevməyəcək, sevilməyəcək, sevişməyəcək. 20 yaşlarındakı gəncin ən başlıca xəyalları sevmək, sevilmək, sevişmək deyilmi? Bundan imtina etdirəcək durum nədir?
Biz, əlbəttə, burada həyat eşqindən mühazirə yazmaq istəmirik, amma Avropada, Amerikada iki qolu, ayağı olmayan insanların kitab müəllifi, ata və ya ana olduğuna dair yüzlərlə məlumat və bu mənada, minlərlə fakt var. O zaman bizim ölkəmizdə niyə insanlar fiziki sağlamlıqları yerində olduğu halda, canlarına belə kütləvi şəkildə qıyırlar?
Burada şübhəsiz ki, onların arzulara doğru trayektoriyasını gözdən keçirmək şərtdir. Insanlar arzularına çatmaq üçün mübarizə aparmaq istəsələr, onlar öz qabiliyyətlərinin tükəndiyi yerə gedib çıxa bilməyəcəklər. Ilk addımda belə, qarşılarına ciddi maneələr çıxacaq. Iş dünyasında, təhsildə, və bütün sahələrdə…
Hakimiyyətin bütün elitası həyatın fizioloji sonuna doğru yaxınlaşan, amma sərvət ehtirası olan insanlardır. Onlar gənc toplumla, həm də psixoloji qarşıdurmadadılar. Sosialist elitasının qabaqda gedənləri azad dünyaya qovuşmaq istəyən toplumun öncüllüyünü edə bilərmi? Bu, məişətdə işsizliyə, karyerasızlığa, maaşsızlığa, ümidsizliyə, iddiasızlığa, özünəinamsızlığa, əvvəlcə başqalarına, sonra isə özünə nifrətə gətirib çıxarır. Özünə nifrət isə son nəticədə yaşamaq istəyini öldürür.
Biz bu hala qədər intihara təhrikin bir nümunəsini yaşadıq. Dövlət məmuru Qarabağ qazisinin mülkünü alır, evi bankların hesabına keçir, məhkəmələr onun əleyhinə qanunsuz qərarlar çıxarır, nəhayət, polis nəfəri onun özünü yandırmasına mane olmaq əvəzinə, təhrik edir ki, canına qıysın. Bu, bizim şahidi ola bildiyimiz olaydır. Başqa bütün olaylarda da mənzərə təxminən belədir. Insanların yaşamaq imkanı əlindən alınır, arzularının üstündən xətt çəkilir, sonra da onun özünü öldürməsi istiqamətində proses sürətlənir. Bu, bütövlükdə toplumun həyat hekayəsinə çevrilib. Böyük mənada Azərbaycanın bütün gəlirli sahələrinin bir ailənin əlində cəmləşdiyi bəlli olub. Məhkəmələr onların istəyilə qərarlar verir. Insanların səs və etiraz hüququ əlindən alınır. Televiziya efirindən onları alçaldırlar. Bu “böyük intihara sürükləmə” prosesinin içindən belə hadisələrin çıxması əslində, neqativ qanunauyğunluqdur.
Cəmiyyət ayrı-ayrı fərdlərdən ibarətdir. Bu sosial zəncirin təbii ki, psixoloji baxımdan zəif halqaları var. Iki mühüm nümunə sübut edir ki, biz bu olanları fərdi kontekstdən analiz etməyək. Birincisi, topluma hər gün mediadan hayqıran Qarabağ qazisi; ikincisi özünü körpüdən atan 20 yaşındakı gənc. Birinin hekayəsini əvvəldən bilirdik, ikincisinin yalnız ölümündən xəbər tutduq. Amma hər ikisi özünə bayram günlərində və gənc yaşlarında qıydı. Digər iki nümunə və buna qədər sosial haqsızlığa dözməyib özünə qəsd edən xeyli nümunə var.

Bayramlar ölüb

Bayramlar insanların, toplumun sevinc üçün bütün resurslarını topladığı günlərdir. Bu günlərdə nəyin bahasına olursa olsun, uşaqlara hədiyyə vermək, süfrədə bolluğu təmin etmək istəyir insanlar. Amma bu bayram çox fərqli idi. Insanlar sosial şəbəkələrdə çox depressiv yazırdılar. Bayram ovqatı duyulmurdu. Hətta tanınmış siyasətçilər öz təbriklərində bu məqama yer verirdilər ki, bayram əhval-ruhiyyəsi duyulmur. Bu təkcə ilin yekununun ifadəsi deyildi. Həm də sosial psixoloji mənada, cəmiyyətin 2013-cü ili yekunlaşdıra, bu gərginliyi ötüşdürə bilməməsi idi.
Heç şübhəsiz ki, bayram günlərində intihar etmək həm də bayramların özünün sıradan çıxdığını göstərir. Özünə qıyanlar artıq düşünmürlər ki, uzun illər onların yaxınları bu bayram ovqatından məhrum ediləcəklər. Çünki indi bu bayram ovqatı mexaniki olaraq yoxdur. Insanlar artıq siyasətdə, sosial həyatda, işdə olan dayaq nöqtələrini itirib məişətdəki sığınacaqlarında da gizlənə bilmirlər. Bu qasırğa onların evlərini də vurur. Şəxsi həyatlarını sıradan çıxarır. Bu mənada, cəmiyyət üçün daha qorxulu proses qarşıdadır. Bu həm də çox ciddi bir təhlükənin siqnalıdır.

Ölüm yolunu dəyişir

Intihar psixologiyası sosial mahiyyət daşıyanda hər zaman eyni marşrutla irəliləyir, anidən hədəfini və xassəsini dəyişir. Bu, XIX əsrdə Avropada da belə olub, XX əsrin ABŞ və Latın Amerikasındakı sosial kataklizmlərdə də…
Intihar ilk şərt kimi, şüurluluğu istisna edir. Bu cür hadisələr çoxalırsa, deməli, cəmiyyətin daxili tarazlığı pozulub. Yəni, problemlər məntiqlə çözülə bilmir. Məhkəmələr, hüquq-mühafizə orqanları, xüsusi xidmət orqanları bu maşının sürətlə işləməsində ciddi katalizatorluq edirlər. Qanunsuz həbslər, şərləmələr və məhkəmə hökmləri… Söhbət qətiyyən siyasi məsələlərdən getmir. Hər il minlərlə xırda mülkiyyət çəkişmələri olur. Rayon icra hakimiyyətlərindən tutmuş, kənd bələdiyyələrinə, nazirlərdən tutmuş, prezidentin yaxın ailə üzvlərinə kimi  imtiyazlılar vətəndaşlarla mülkiyyət çəkişməsində olurlar və məhkəmələr bu işlərdə imtiyazlıları qalib çıxarır. Minlərlə  bu cür ədalətsiz proseslər insanları sonuncu tikəsindən ayrı salır. Bu isə böyük mənada, partlayışa doğru gedir.
Bu intiharlar insanlara işarə verən fişənglərdir. Bunu siyasi hakimiyyət görməsə, böyük tonqallarla üz-üzə qalacağı şəksizdir.
Bütün hallarda bu enerji hakimiyyətə nifrətə çevrilir. Qiymət artımı bu nifrəti sürətləndirir. Cəmiyyətlə ciddi konfrontasiyaya getmək istəyinin özü başadüşülən deyil. Burada iki versiya ola bilər: ya kimsə Ilham Əliyevi inandırır ki, Azərbaycanda klassik diktatura var və bunu beləcə də dəmir əllə idarə etmək olar; ya da görünür, bu depressiv psixologiya hakimiyyətin daxilində də bir qorxu psixologiyası yaradıb və onlar da problemlərə məntiqlə yanaşa bilmirlər.
Bütün hallarda cəmiyyət idarəolunan keçidlərə hazırlanmalıdır, nəinki spontan və əsəbi sıçrayışlara. Ikincinin baş verməsi heç kimə yaxşı heç nə vəd etmir, hakimiyyət üçün isə tam bir təhlükə anonsudur.