Avropa Parlamenti Azərbaycanla münasibətləri gündəliyə çıxarır

Avropadan Azərbaycana sanksiya çağırışları gerçəkləşməyə başlayır

 

  Bugünlərdə Avropa Parlamentində Azərbaycanla bağlı məsələnin müzakirəyə çıxarılacağı və xüsusi bəyanatın qəbul olunacağı gözlənilir. Avropa Parlamentinin bəyanatında Azərbaycanda fundamental insan hüquq və azadlıqları ilə bağlı islahatların zəruriliyi qeyd ediləcək, Azərbaycan hökumətinə bu bəyanatın mətnində nəzərdə tutulan islahatların həyata keçirilməsi üçün müddət tanınacaq. Söhbət sərbəst toplaşmaq azadlığının təmin edilməsi, müstəqil məhkəmə hakimiyyətinin formalaşması üçün “ilk hiss olunacaq” addımların atılması, azad mətbuata təzyiqlərə son qoyulmasını nəzərdə tutan bitkin siyasi iradənin ifadə edilməsi, siyasi məhbuslarlın qeyd-şərtsiz azad edilməsi kimi mühüm məsələlərdən gedir. Avropalı parlamentarilər belə hesab edirlər ki, Azərbaycanda demokratiyanın dalana dirənməsi hakimiyyətdə olan siyasi zümrənin subyektiv iradəsilə bağlıdır və bu ölkədə avtoritarizm üçün obyektiv zəmin yoxdur.

“Azadlıq”a daxil olan məlumatda bildirilir ki, bu mühüm məsələlərin həlli üçün Azərbaycan hökumətinə vaxt veriləcək. Həmin vaxt ərzində islahatların başlanması üçün hər hansı addımın atıldığı müşahidə olunmasa, Azərbaycan hökumətinə qarşı konkret sanksiyalar tətbiq ediləcək. Bu sanksiyalar isə birmənalı addımlarla ifadə olunacaq. Buraya yüksək siyasi post tutan dövlət məmurlarının Avropa ölkələrinə səfərlərinin əngəllənməsi, Azərbaycan oliqarxlarının Avropada və bir sıra başqa ölkələrdə olan bank hesablarının dondurulması, Azərbaycanda iri bizneslə məşğul olan dövlət məmurlarının biznes əlaqələri üzərində yasaqların müəyyən edilməsi və s. konkret sanksiyalar daxildir.
“Azadlıq”a məlumat verən mənbə bildirir ki, bu cür sanksiyalar çox nadir hallarda tətbiq olunur, amma “ərəb diktatorlarının təcrübəsi sübut etdi ki, avtoritar rejimlər dünya demokratiyasının sərt təzyiqlərilə üzləşməyəndə ağır fəsadlar yaradırlar”.

İnformasiya şöbəsi