“Ümumi rəy belə olub ki, müttəfiqlik və əməkdaşlıq məsələləri Milli Şuranın nəzdində gerçəkləşsin”
“El” Hərəkatının İdarə Heyəti Müsavat Partiyasının əməkdaşlıq sazişi ilə bağlı təklifini müzakirə etsə də, bununla bağlı yekun qərar verilməyib.
Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev deyib. O bildirib ki, İdarə Heyətinin dekabrın 30-da keçirilən toplantısında ümumi rəy belə olub ki, müttəfiqlik və əməkdaşlıq məsələləri Milli Şuranın nəzdində gerçəkləşsin, çünki digər partiyalar kimi, Müsavat Partiyası da Milli Şurada təmsil olunur: “Ancaq Müsavat Partiyasının təklifi ilə bağlı yekun qərar verilməyib. İdarə Heyətinin gələn həftə keçiriləcək toplantısında bu məsələnin müzakirəsi davam etdiriləcək”.