“Hədəfimiz Əliyev rejimini dəyişməkdir”

AXCP 2014-cü il üçün fəaliyyət planını qəbul etdi

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin bu ilki ilk sessiyası yanvarın 4-də keçirildi. Sessiyanın güdəliyində duran məsələ  2014-cü ildə AXCP-nin fəaliyyət planı və ictimai-siyasi vəziyyət idi.
Gündəliyin təsdiqindən sonra AXCP sədri Əli Kərimli gündəlkikdə dayanan məsələlər barədə məruzə etdi. AXCP sədri ötən ilki bəzi önəmli ictimai-hadisələrlə bağlı ümumi dəyərlədirmə apardı, bugünkü vəziyyəti təhlil etdi, hazırlanan fəaliyyət planı və qarşıda duran vəzifələr barədə fikirlərini açıqladı.

Ötən ilin üç vacib hadisəsindən çıxan vəzifələr

Əli Kərimli ötən ilin sonlarında baş verən 3 hadisəyə – bahalaşma, Ukraynadakı etirazlar və Qarabağ qazisi Zaur Həsənovun özünü yandıramasına toxundu, onları şərh edərək bu il üçün fəaliyyət planı ilə uzlaşdırdı.

Bahalaşma

Bahalaşmanı İlham Əliyev hakimiyyətiin yatıtmaz siyasəti kimi tənqid edən Əli Kərimli, təəssüfləndi ki, əhalinin çoxu hələ bu prosesi düzgün qiymətləndirmir və elə buna görə də Milli Şuranın bahalaşma əleyhinə aksiyasında elliklə dəstək müşahidə olunmayıb: “Mitinq təyin etdik və birlikdə bahalaşmaya etirazımızı bildirdik. Çox təəssüf ki, Azəraycan xalqı bu bahalaşmanın hansı fəsadlara səbəb olacağının fərqində olmadığına görə mitinqi daha çox siyasi fəalların hesabına keçirdik.  Görünür, hələ xalqı tam inandıra bilmədik ki, bu qiymət artımına ciddi şəkildə etiraz etmək lazımdır. Burdan 2014-cü il üçün vəzifəmiz çıxır. Çünki bilirik ki, baş verən bahalaşma epizodik deyil, davam edəcək prosesdir”.
Əli Kərimli bildirdi ki, Azərbaycan iqtisadiyyatının tam olaraq neftdən asılı olmasına bağlıdır: “Neft istehsalının aşağı düşməsi avtomatik olaraq büdcədə müəyyən kəsir yaradıb, çünki boğazdan yuxarı vədlər versələr də, qeyri- neft sektoru inkişaf etdirilməyib və buna görə də dövlətin gəlirləri əsasən neft gəlirləri ilə bağlıdır. İqtisadçılar qarşıda neftin qiymətinin düşməsini də proqnozlaşdırırlar. Bu isə o deməkdir ki, həm istehsalın azalması, həm neftin ucuzlaşması daha ciddi iqtidasdi çətinliklər, onun nəticəsi kimi sosial gərginlik yaradacaq. Deməli, bizim qarşıdakı vəzifələrimizdən biri bununla müəyyənləşir: xalqımızın sosial problemlərinə sahib çıxmaq, xalqımızla birgə bu sosial ədalətsizliyə etiraz etmək, hökumətin bu siyasətin ardıcıl tənqid edib etiraz aksiyalarının başında dayamaq”.

Ukrayna və biz

Ukrayna etirazlarını AXCP sədri bəşəriyyət üçün müsbət nümunə kimi qiymətləndirdi. O, bildirdi ki, son on ildə ukraynalılar  ikinci dəfədir dinc mübarizənin gücünü göstərir: “Baş verənlər, Ukrayna xalqının azadlığa, ədalətə can atmasıdır. Onların mübarizəsi xalqımızı da ruhlandırır. Göstərir ki, xalq əlverişsiz şəraitdə olsa da, həmrəylik göstərib hamılıqla mübarizə aparanda, gerçəkdən məğlubedilməz olur”.
Əli Kərimli əminliyini ifadə etdi ki, ukraynalıların göstərdiyi dinc mübarizənin uğurları Azərbaycanda da Avrointeqrasiya naminə vacib səfərbəredici rol oynayacaq. O, dedi ki, tərəqqi, ədalət  olan yerə canatma bəşəriyyətin təbiətindədir və onların da Avropa Birliyinə inteqrasiya istəyi bu əlamətlərə görədir, daha  kiminsə Azərbaycanı o məkanda görmək istəyinə, dəbə görə yox: “Avropaya inteqrasiya bizim xalqımıza ən yaxşı idarəetməni çatdırmaq arzumuzla bağlıdır. Ən yaxşı idarəetməni bu ölkələr qura biliblər. İnsana ən yaxın olanı, insanın problemlərinə ən çox qayğı göstərəni, insana xidmət edəni, ədaləti, qanunu, sosial ədalətin, bazar iqtisadiyyatının qanunlarına ən çox əməl olunduğu məkan bu gün Avropa Birliyidir. Ona görə biz o standartları ölkəmizə gətirmək istəyirik”.
Partiya sədri dedi ki, 2014-cü ildə fəaliyyətlərinin bir vacib istiqaməti Avrointeqrasiya siyasətini diqqətdə saxlamaq olacaq.

Yanan təkcə qazi deyil

Əli Kərimli növbəti mühüm hadisə kimi Qarabağ qazisi Zaur Həsənovun intiharı hadisəsindən danışdı: “Zaur Həsənov dəfələrlə, iyun ayından etibarən bəyan edirdi ki, yaşamaq imkanları tükənib, özünü öldürməkdən başqa çarəsi qalmayıb. Amma Azərbaycan hakimiyyəti kar oldu, kor oldu, onun harayını eşitmədi, görmədi…”.
Əli Kərimli vurğuladı ki, Qarabağ qazisi Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin ucbatından özünü yandırsa da, məsuliyyəti təkcə Mehbalıyev daşımır: “Səttar Mehbalıyev buna görə əlbəttə ki, mütləq cavab verməlidir. Amma təkcə o yox. Zaur Həsənovla bağlı ədalətsiz məhkəmə qərarları çıxaran hakimlər də, Qurana and içib bütün vətəndaşların prezidenti olacağına söz verən İlham Əliyev də məsuliyyət daşıyır”.
Ölkədə sosial-iqtisadi vəziyyətin ağırlığına görə Zaur Həsənov kimi yaşamaq imkanları tükənən, intihar həddinə çatan xeyli insanın olduğuna diqqət çəkən Əli Kərimli “Başladığımız bu ildə xalqımızın sosial problemlərinə sahib çıxmaq, aztəminatlı ailələrin, Qarabağ qazilərinin, işsizlərin problemlərini vaxtaşırı qaldırmaq, onların həlli üçün proqramlar, təkliflər hazırlamaq, onları aktual problem kimi hökumətin qarşısında qaldırmaq vəzifəmiz olacaq” söylədi.

Milli Şura

AXCP sədri sonra Milli Şurada yaşanan son proseslərlə bağlı fikirlərini bölüşdü: “Ötən il baş verən daha bir hadisə xalqın gələcəyə ümidlərini artıran Milli Şurada müəyyən söz-söhbətlərin yaranması oldu. Çox təəssüf ki, bəzi dostlarımız Milli Şuranın taleyi ilə bağlı sual yaranmasına səbəb olan addımlar atdılar. Milli Şura yaranan kimi hakimiyyətin əsas hədəfinə çevrildi. Çünki hakimiyyət Milli Şurada onun hegamonluğuna son qoyacaq qüvvəni, xalqı səfərbər edəcək gücü gördü. İndi ürək ağrıdıcıdır ki, müxalifət daxilindən də Milli Şuranı gözdən salan addımlar atılır. Kimlərəsə xoş gəlməsə də, cəbhəçilər Milli Şuranı müdafiə edir və bundan sonra da müdafiə edəcək.
Məgər, Milli Şura yarananda biz hamımız bir yerdə demədikmi ki, bu, xalqımızın mənafeyinə uyğundur. Məgər bir yerdə bəyan etmədikmi ki, Milli Şura 2013-də qeyri-bəarabər şəraitdə İlham Əliyev üzərində mənəvi qələbə qazandı. İndi nə baş verdi ki,  Milli Şuarnı müdafiə edirik deyə, bizə təkəşşür əvəzinə qınaq və ittiham səsləndirirlər?
Milli Şuranı qoruyub-saxlamaq qarşıdakı dövrdə də əsas prioritetimiz olmalıdır. Biz ikitərəfli görüşümüzdə Müsavat rəhbərliyinin də nəzərinə çatdırdıq ki, hər hansı alternativ axtarışını təqdir etmirik, Milli Şura formatında birliyə israrlıyıq və Müsavatın da bu birlikdə qalmasını istəyirik”.

Xalqda inam

Daha sonra Əli Kərimli Məclisə təqdim edilən “Fəaliyyət planı” layihəsi barədə fikir və təkliflərini açıqladı. O bildirdi ki, 204-cü il üçün də partiyanın strateji hədəfi dəyişməyib – bu, rejim dəyişikliyidir. Ölkədə köklü dəyişikliyin olması üçün isə partiyanın görəcəyi konkret işlər var və bunlar fəaliyyət planında əks olunmalıdır.
Əli Kərimli bu sırada ilk olaraq, xalqın köklü dəyişikliklərə – rejim dəyişikliyinə inamını yaratmağı göstərdi. Buna nail olmaq üçünsə o,  müxalifətin böyük birliyinin qorunub saxlanmasını vacib vəzifə sayıdı.
Bələdiyyə seçkiləri
AXCP sədri bu ilki bələdiyyə seçkilərində iştiraka qərar verəcəkləri təqdirdə, prosesə mütəşəkkül qaydada qoşulmağı da fəaliyyət planlarının tərkib hissəsi kimi vurğuladı.
Avropa Birliyinin 2015-ci ildə Riqada keçiriləcək “Şərq tərərfdaşlığı” sammitində Azərbaycanın məsələsinin müsbət həll olunması üçün bu il ciddi fəaliyyət göstərilməsini də AXCP sədri prioritet elan etdi.

***

Əli Kərimlinin fikirincə bu ilki fəaliyyətdə bu işlər də mütləq əsas götürülməlidir:
– Seçki komissiyalarının yenidən təşkili də daxil olmaqla, seçki islahatına nail olmaq;
– Ölkədə prezident və parlament seçkilərinin saxtalaşdırıldığını və növbədənkənar seçki tələbini gündəmdə saxlamaq;
– Hakimiyyətin yarıtmaz idarəetməsini, irimiqyaslı korrupsiya əməllərini ardıcıl olaraq ifşa edib, problemlərin həlli yolları ilə bağlı alternativ təklif və proqramları cəmiyyətə təqdim etmək;
– Maaşların, təqaüdlərin, müavinətlərin azlığını, digər sosial probləmləri və cəmiyyətdəki sərt təbəqələşməni diqqətdə saxlamaq, hüquqları uğrunda mübarizə aparan bütün təbəqələrə dəstək vermək;
– Siyasi məhbusların hüquqlarının daha səmərəli müdafiəsini təşkil etmək.
Gənclərşmə və xanımlar
Partiya gücünün artırılması istiqamətində çıxışında Əli Kərimli tənqidi danışdı. Bəzi şöbələri günün və nizamnamənin tələbləri ilə uyğunlaşmayan fəaliyyətə görə qınadı. O, bütün bölgə və strutukturlar üzrə gəncləşmə siyasəti aparılmasına çağırış etdi. Bundan başqa o, bütün şöbələrdə “Qadınlar şurası”nın yaradılmasını tövsiyyə etdi. AXCP sədri bildiridi ki, xanımların təşkilatda varlığı, şuranın yaradılması görüntü naminə yox, sahib çıxdıqları dünya görüşünün tələbi kimi qəbul edilib, bu istiqamətdə işlənilməlidir.

***

AXCP sədrinin məruzəsindən sonra müzakirələr başladı. Məclis üzvlərindən AXCP sədrinin müavinləri Fuad Qəhrəmanlı, Əbülfəz Qurbanlı, Rəyasət Heyətinin üzvləri İradə Əliyeva, Seymur Həzi, AXCP Cəlillabad Şöbəsinin sədri Təzaxan Mirələmli,  Ali Məclis üzvləri Şakir Abbasov (Xəzər), Şirəli Şirəliyev (Ağsu), Laçın Əsgərli (Masallı), Murad Sultan (Səlyan) gündəlikdəki məsələlər barədə fikirlərini bildirdilər.

***

Müzakirələrdə Milli Şuranı qoruyub saxlamağın vacibliyi, ölkədəki Əliyevçi rejimin xalq arasında etimadını tam itirdiyi, lakin xalqın təşkilatlanması üçün müxaliətfin çox gərgin zəhmət çəkməli olduğu vurğulandı.
Çıxışçılar “Fəaliyyət planı” ilə bağlı təkliflərini verdilər. Sonda Məclis “Fəaliyyət planı”na təklifləri əlavə etməklə onun qəbulunu Rəyasət Heyətinə həvalə etdi.
Məclis eyni zamanda Zaur Həsənovun intiharına görə etiraz aksiyasında tutularaq, hazırda inzibati qaydada həbsdə saxlanılan gənc fəallara qarşı işgəncə faktlarına etiraz bəyanatının qəbul edilməsini vacib sayaraq, bu vəzifəni də Rəyasət Heyətinə tapşırdı.

Natiq