“Qeyrətli döyüşçülərimizin ətmaşınından keçirilməsi 15 iyul 1993-cü il tarixindən bu günə kimi davam edir”
Təyinatlı deputat, prezidentliyə namizədliklə prezidentə vəkillik statusunu ayırd edə bilməyən YAP iqtidarının görkəmli intellektuallarından biri olan Zahid Oruc cənablarının 30 dekabr 2013-cü il tarixli “Yeni Müsavat” qəzetinin internet səhifəsində “Adam tonqalı və yanan torpaq başlıqlı” yazısının bəzi məqamlarına cavab verməyi özümə borc bilirəm.
Zahid Orucun həmin yazısı bütün varlığı ilə müdafiə etdiyi rejim tərəfindən son 20 ildə ailəsini bir tikə çörəyə möhtac qoyaraq, özünü yandırmağa vadar etdiyi, möhtərəm Qarabağ qazisi, 2-ci qrup müharibə əlili, 5 uşaq atası, artıq rəhmətlik, (ruhu şad olsun) Zaur Həsənovun bütün normal insanların varlığını sarsıldan bəlli tükürpədici faciə haqqındadır.
Bu yazını oxuyanda bəlli olur ki, oğru elə qışqırır ki, doğrunun bağrı yarılır. Zahid Oruc həmin yazısında özünə qurduğu rahat həyatını qoruyub saxlamaq üçün dəridən-qabıqdan çıxıb təriflədiyi rejimin əsil yırtıcı mahiyyətini açıb göstərmək əvəzinə, bu hadisə ilə əlaqəsi olmayanlara yenə təhqir, şər-böhtan, istehza yazmaqla cinayətkarların cinayətlərini kölgədə qoymaqla məşğuldur.
Zahid Oruz həmin yazının son abzasında qeyd edir: “Sərkərdə Rəhim Qazıyev Şuşada canına təhlükəni 8 nəfərin cəsədi ilə dəf edəndə və qeyrət papağını qoruyanda bu günün zaur həsənovları səngərdə ət maşınından keçirdi. Əsgəri onda qorumağı bacarmayan nazir indi şikəst olmuş bədənin qaralmış və külə dönmüş cansız ayağına ən tez gedənlərdən biri oldu”.
Zahid Orucun bu qədər qərəzli və kiməsə xoş gəlmək üçün barəmdə yazdığı sifarişli həmin ifadəyə mən cavab verməyə bilərdim. Ona görə ki, o, bu diqqətə layiq deyil. Lakin Zahid Orucun qeyd etdiyi, özünün mütləq mənada bixəbər olduğu 05.02.1992-ci ildə Şuşada 8 qeyrətli balamızın Şəhid olduğu, 6 nəfərin də yaralandığı o dövrdə Respublikada hakimiyyət uğrunda iyrənc, amansız mübarizə aparan qruplar tərəfindən təşkil edilmiş sui-qəsd aktı barədə qısa da olsa möhtərəm oxuculara məlumat verməyi özümə borc bilirəm.
Dəstəmizə qəsdən salınmış qatil
Birinci, Zahid Orucun yazıda işarə vurduğu Suşada qətlə yetirilən 8 Şəhid balamız onun yazdığı kimi Rəhim Qazıyevin canına təhlükəni dəf etmək üçün “keçirdiyim əməliyyat”da yox, dəstəmizə qəsdən salınmış qatil tərəfdindən kazarmada yatdıqları zaman xaincəsinə gülləniblər. Mən də həmin kazarmada yatmışam. Yaralanan 6 nəfərdən biri olmuşam. Özünü az qala ən yüksək filosof sayan təyinatlı deputat Zahid Oruc anlamır və ya anlamaq istəmir ki, Uca Allahdan gələn mütləq ölümün qarşısını kimsə ala bilməz. Əgər elə bir möcüzə baş vermiş olsaydı kölgəsini gündə min dəfə öpdüyü Heydər Əliyev ömrünü bircə saat uzatmaq üçün Zahid Oruc kimi təyinatlı deputatlarla birlikdə bütün YAP üzvlərini uf demədən belə qurban verərdi.
Zahid Oruc! Əgər doğrudan da vicdanın səni həmin Şuşadakı sui-qəsd hadisəsini tam təfsilatı ilə bilməyə vadar etsə, həmin faciəli gecənin sağ qalan iştirakçıları ilə birlikdə nə qədər arzu olunmaz olsa da belə, səninlə görüşüb əsil həqiqətləri sənə tamamilə sübut etməyə hazıram. Şəxsiyyətinə zərrə qədər hörmət edən kəs görmədiyi, iştirakçısı və şahidi olmadığı hadisədən Sənin kimi əminliklə danışmaz.
Zahid Oruc! Mən başıma qoyduğum papağın qədrini də, dəyərini də bilirəm. Onu qorumağa qeyrətim, cəsarətim və ləyaqətim də həmişə olub, var və ölənə kimi də inşallah olacaq. Başından və yaşından böyük danışma. Bir də unutma ki, nazir olduğum dövrdə şəhid və qazi olan qeyrətli balalarımızla birlikdə əlində silah ön cəbhədə vuruşmuşam. Və qeyd etdiyin kimi mən onları hakimiyyət, millətin sərvətini talamaq, dünyanın 4 yanında villalar almaq, harın həyat sürmək xatirinə ət maşınından keçirməmişəm.
Bu yazıda el misalında deyildiyi kimi “adımı sənə qoyum, səni də yana-yana qoyum” deyimi yerinə düşür. Zahid Orucun həm prezident seçkiləri dövründəkı fəaliyyətini izləyən zaman və həm də bu qərəzli, sifarişli cızma- qaranı oxuduqda onun 1991-1993-cü ilin mart ayına qədər olan müddətdə müqəddəs torpaqlarımızın yağı, qudurmuş düşmənlərdən təmizlənməsi uğrunda gedən döyüşlərdən, həmin döyüşlərdə pələng kimi ölümlə üz-üzə çarpışan Zaur Həsənov kimi qeyrət, namus, cəsarət təcəlləsi olan övladlarımızdan tamamilə bixəbər olması əksini tapır.

Səni qınamıram
Zahd Oruc, mən səni qınamıram. Bu müqəddəs zirvəni Uca Allah sənə və sənin kimi sifarişlə ağa qara, qaraya ağ dedirtdirməklə təyinatlı deputat kreslosuna əyləşdirilənlərə qismət etməyib. Həmin dövrdə binası belə olmayan, 1 yaşı tamam olmamış Müdafiə Nazirliyinə cəmi 11 ay başçılıq etmişəm. Həmin dövrdə indiki müstəqil Azərbaycanın ərazisinin 11 faizi dağılmış Sovetlər İttifaqının Müdafiə Nazirliyinin Respublikamızda yerləşən 4-cü ordusunun 104-cü desant diviziyasının əlində idi. Bir dənə də olsun hərbi hissə Respublika Müdafiə Nazirliyinə təhvil verilməmişdir. Bütün bu çətinliklərə baxmayaraq heykəlinə sitayiş etdiyin Heydər Əliyevin şərəfinə abidə yapdırdığı ərazilərimizi 164 il əsarətdə saxlayan rus Sovet imperiya ordusunun bütün hərbi əmlakını ölkəmizdə saxlamaqla yola saldım. Zahid Oruc, unutma ki,imperiya ordusunun Azərbaycandan çıxarılması haqqındakı tarixi sənədə 15 may 1992-ci ildə mən Qazıyev Rəhim Həsən oğlu imza atmışam. Həmin 11 ay Müdafiə Naziri olduğum müddətdə Dağlıq Qarabağın ümumi ərazisinin 52 faizini erməni quldurlarından təmizləyib, o cümlədən Ağdərə,Şaumyankənd,Gülüstan, Gədəbəydən Başkənd, Laçının 67 yaşayış məntəqəsi,qeyrətli balalarımızın canı-qanı hesabına ermənilərdən azad edilmişdir. Bəlkə 20 il hakimiyyətdə olduğumnuz müddətdə 20 metr torpaqlarımızdan azad etmisiniz? Zahid Oruc, o illərdə Zaur Həsənov və onun kimilərinin şücaətləri ilə qürur duyduğumuz, ruhları qarşısında baş əydiyimiz şəhidlərimiz və möhtərəm qazilərimiz indiki kimi ət maşınından keçirilməyib. Həmin müqəddəslər və möhtərəmlərlə 25 il gedən sonu görünməyən müharibədə həyatları, qanları, canları bahasına təəssüflər olsun ki, xalqımıza ilk və son qələbə şərbətini dadızdırıblar. Mən o müqəddəslər və möhtərəmlər qarşısında baş əyirəm. Heç vaxt onlardan qaçmamışam. İmkanım daxilində onların hər tədbirində iştirak etməyə çalışmışam. Zahid Oruc, mən onlara əsgər libasını, yeməyi, mənzilləri, rütbələri, vəzifələri pula-paraya satmamışam. Zahid Oruc, o ki qaldı qeyrətli balalarımızın ət maşınından keçirilməsi məsələsində mənim günahıma, bu birbaşa mənə qarşı iftiradır. Haqdan-ədalətdən dəm vuran təyinatlı deputat, ünvanı və zamanı səhv salmısan.

“Analoqu olmayan “atəşkəs” müddətində minlərlə oğullar itirmişik”
Qeyrətli döyüşçülərimizin ətmaşınından keçirilməsi 15 iyul 1993-cü il tarixindən bu günə kimi davam edir. Xatırladıram ki, mən müdafiə naziri vəzifəsindən 3-cü istefa ərizəsini 17 fevral 1993-cü il tarixində verib gedəndə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ön cəbhə xətti Xankəndinin 8-12 kilometrliyindən keçirdi. Laçın dəhlizinin sağında və solunda (Kəlbəcər və Qubadlı tərəfdən ) duran hərbi birləşmələrimizin arasında düz xətt üzrə məsafə 1 kilometrə qədər daralmışdır. İndi cəbhə xəttinin Xankəndinin neçə kilometrindən keçdiyini cəsarətin varsa, get özün ölç. Zahid Oruc, qeyrətli döyüşçüləri bilavasitə bilərəkdən və ya bilməyərəkdən mövcud rejimin dövründə ətmaşınından keçirilməsinə dair sənə korun görəcəyi, nadanın da inkar edə bilməyəcəyi onlarla təkzib olunmaz faktları sadalaya bilərəm. Lakin 1-2-sini qeyd etməyi kifayət hesab edirəm. 1994-cü ilin fevral ayında ümummillilider, əvəz olunmaz dahi rəhbərinin başçılığı ilə aparılan “Murov əməliyyatı”nda 3 gün ərzində 2500-3000 əsgər balamız ətmaşınından keçirilmədi, elevatrda üyüdüldü. Artıq 20 ilini qeyd etməyə hazırlaşdığınız analoqu olmayan “atəşkəs” müddətində qeyri-döyüş şəraitində minlərlə oğullar itirmişik ki, bu da hərbidə baş alıb gedən rüşvətxorluğun, harınlığın, xaosun danılması mümkün olmayan acı həqiqətlərinin nəticələridir.
Zahid Oruc, Zaur Həsənovun aldığı aylıq müavinətlə özünün aldığın aylıq əmək haqqının müqayisəsi bir daha sübut edir ki, qazilərimizə olunan münasibətlə xalqda vətən sevgisini tükəndirmisiniz.
Zahid Oruc, əgər cəsarətin varsa analoqu olmayan bu “inkişaf” dövründə baş verən analoqu olmayan cinayətlər, rüşvətxorluqlar, korrupsiya və mənaviyyatsızlıqlar qudurğan, harın məmurların (ifadə İlham Əliyevə məxsusdur –R.Q) və onların özlərindən də qudurğan, harın balalarının sərgüzəştləri barədə də yaz.
Sən hansı hansı üzlə mənim ünvanıma hədyan söyləyirsən? Unutma ki,Heyər Əliyevin dövründə, mənim nazir olduğum zaman qeyrətli oğullarımızın qanı, canı bahasına azad etdiyimiz Dağlıq Qarabağın ümumi ərazisinin 52 faizinin 3-də 2-si də daxil olmaqla 6 rayon ermənilərə verilib. Zahid Oruc, yaxşı olardı ki,səninlə o parlamentdə əyləşən, qeyrətli qazi, şəhid övladımızın balalarını ac qoyaraq onu ölümə təhrik etməklə bir başa cinayət törətməsi danılmaz həqiqət olan S.Mehbalıyevdən hesabat soruşasan. Öz gözündə tiri qoyub, başqasının gözündə tük axtarmayasan. Mən bu məktubu əslində sənin üçün yox, həmin sifarişli, cızma-qaranla azadlıq müdafiəçisi olduğun, hətta Qarabağ qazisini özünü yandırmaqla, intihra məcbur edən nökəri olduğun rejimin əsil simasını gizlətmək məqsədilə kaş-baş salmaq istədiyin möhtərəm xalqım üçün yazdım və bunu özümə borc bildim. Zahid Oruc, unutma ki, 21 il öncə hələ bələkdəki Müdafiə Nazirliyinə rəhbərlik edən mülki vətəndaş olaraq mən, qeyrətli oğullarımızla birlikdə ermənilərin başına od ələyirdik. Təəssüflər olsun ki,ancaq villaları və offşor zonalardakı milyardları ilə tanınan, məndən sonra 4 “qüdrətli” general müdafiə nazirləri nəinki, mən istefa verdiyim vaxtdakı əraziləri qoruyub saxlamayıblar, həmin azad etdiyimiz ərazilər də daxil, 6 rayonu əzəli və əbədi düşmənimiz olan ermənilərə veriblər. Zahid Oruclar bu faktlar ortada olduğu halda, yenə də utanıb, xəcalət çəkmədən ünvanıma uydurulmuş yalanları olmuş həqiqətlər kimi xalqa sırımaqda davam edirlər.
P.S. Zahid Oruc, mənə bu yazıya görə cavab yazmaq fikrində olsan unutma ki, ümummilli lideriniz, 29 iyul 1993-cü il tarixli Milli Məclisin birbaşa canlı efirə gedən iclasında məni Hərbi Sənaye (indiki Müdafiə Sənayesi Nazirliyi) kompleksi üzrə Baş Nazirin müavini vəzifəsinə səsə qoymaq üçün təqdim edəndə Şuşanın işğalından 14 ay 21 gün keçirdi. Yerin altını da , üstünü də bilən Heydər Əliyev müharibə gedən ölkədə ən məsuliyyətli vəzifəyə mən Rəhim Qazıyevi təyin etmək istəyəndə onda mənim kimliyim, hansı əməl sahibi olduğumdan bixəbər idi? Buna sən inanırsan? Mən həmin parlament iclasında dahi dediyiniz rəhbərə verdiyi vəzifəyə görə baş əyib sonsuz təşəkkürlərimi bildirib, onu qəbul etsəydim bu gün ölkəni talayan, milyardlar sahibi olan, simasiz quldurlarla (Bu ifadə rəhmətlik Seyruz Təbrizliyə məxsusdur-R.Q) bir sırada dayanardım. Allaha çox-çox şükürlər olsun ki, mən nəfsimi haramdan qorumağı bacardım və bacarıram səndən və sənin kimilərdən fərqli olaraq .Əgər sən Zahid Oruc və səninlə həmrəy olan həmkarların mənim cavab məktubuma etiraz etmək istəsəniz hamınızla birlikdə canlı yayımda teledebata hazıram. Bir daha yaşımın, təcrübəmin, xarakterimin səninkindən qat-qat artıq olmasını nəzərə alaraq bir müəllim kimi sənə bilmədiyin, tamamilə bixəbər olduğun məsələlər barədə hədyan söyləməməyi tövsiyyə edirəm.
Rəhim Qazıyev


